“Azərbaycan həm minatəmizləmə, həm də şəhərsalma sahəsində zəngin təcrübə əldə edib”
Ekskluziv
1943
14 Sep 2026 | 16:36

“Azərbaycan həm minatəmizləmə, həm də şəhərsalma sahəsində zəngin təcrübə əldə edib”

“Azərbaycan son 6 ildə həm minatəmizləmə, həm də şəhərsalma sahəsində zəngin təcrübə əldə edib ki, bu təcrübənin qlobal miqyasda önəmi olduqca böyükdür”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan milli resurslar hesabına bugünə qədər on minlərlə mina və partlamamış sursat zərərsizləşdirib, işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmini istqiamətində fundamental addımlar atıb:

“Məlum olduğu kimi, 30 ilə qədər müddət ərzində Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan bu torpqqlarda yüz minlərlə mina basdırıb, torpağı döyüş sursatları ilə çirkləndirib. Məhz bu səbəbən də ölkəmiz Vətən müharibəsindən dərhal sonra işğaldakı torpaqların minalardan təmizlənməsi istiqamətində miqyaslı və sistemli addımlar atmaq məcburiyyəti qarşısında qaldı ki, məlum proses bu gün də davam edir.

Xatırladaq ki, mina problemi və bunun xalqımızın abadlıq, quruculuq prosesini nə qədər ləngitdiyi, dövlətimizə və vətəndaşlarımıza necə böyük problemlər yaratdığını Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilən ərazilərə diplomatik korpusun etdiyi son səfər zamanı da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hörmətli Hikmət müəllim mina və digər problemləri nəzərdə tutaraq bildirdi ki, biz quruculuq işlərinə sıfırdan yox, mənfi beşdən başlamışıq.

Qürurvericidir ki, Azərbaycan nə qədər çətin və təhlükəli olsa da, əsasən öz milli resursları, daxili imkanları hesabına işğaldan azad edilən ərazilərdə on minlərlə mina və digər döyüş sursatının zərərsizləşdirilməsinə nail olub. Daha dəqiq desək, Vətən müharibəsindən sonra 261 mindən çox mina və digər döyüş sursatları zərərsizləşdirilib ki, bu da olduqca böyük rəqəmdir. Bütün bu proses Azərbaycanın minaların təmizlənməsi sahəsində zəngin təcrübə əldə etməsi ilə nəticələnib.

İşğaldan sonra xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sosial infrastrukturun, yaşayəş məntəqələrinin bərpası istiqamətində də mühüm addımlar atdı. Erməni işğalından azad olunan bütün yaşayış məntəqələrinin demək olar ki, yenidən qurulması prosesi həyata keçirildi ki, bu proses günümüzdə də davam edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu işlər ölkəmizin şəhərsalma sahəsindəki təcrübəsini də zənginləşdirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan rəhbərliyi beynəlxalq platformalardakı çıxışlarında dövlətimizin şəhərsalma sahəsindəki təcrübəsini bölüşməyə hazır olduğunu bildirir, ölkəmizin bu sahədəki zəngin təcrübəsinə diqqət çəkir.

Əminəm ki, yaxın gələcəkdə Azərbaycanın həm minatəmizləmə, həm də şəhərsalma sahəsindəki təcrübəsi digər xalq və dövlətlər üçün də gərəkli olacaq, dövlətimiz öz təcrübəsi ilə bəşəriyyətin təhlükəsizliyi və rifahına yeni töhfələr verəcək”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər