Pakistan-Ermənistan münasibətlərində yeni mərhələ: Azərbaycan bundan nə qazanır?
2435
13 Sep 2026 | 21:03

Pakistan-Ermənistan münasibətlərində yeni mərhələ: Azərbaycan bundan nə qazanır?

Pakistanın Ermənistana ilk səfirini təyin etməsi iki ölkə arasında yeni diplomatik mərhələnin əsasını qoyub. Uzun illər Ermənistanla diplomatik münasibətlərdən imtina edən İslamabadın bu addımı regionda diqqət çəkən siyasi dəyişiklik kimi qiymətləndirilir. 2025-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra tərəflər arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb. Bu prosesin Azərbaycan-Pakistan münasibətlərinə, eləcə də Cənubi Qafqazdakı siyasi proseslərə mümkün təsirləri də diqqət çəkən məsələlərdəndir. Eyni zamanda, Pakistanın ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi fonunda Ermənistanla yeni münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı Moderator.az-ın suallarını siyasi şərhçi Müşfiq Abdulla cavablandırıb.

Pakistanın Ermənistana ilk səfirini təyin etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından nə ifadə edir?

“Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasına dair ilk razılaşma hələ ötən il əldə olunub. Yəni 2025-ci il avqustun 31-də Pakistanın və Ermənistanın xarici işlər nazirləri diplomatik münasibətlərin yaradılmasına dair birgə kommunike imzalayıblar. Pakistan hökumətinin bu addımı, təbii ki, Azərbaycan tərəfi ilə razılaşdırılıb. Çünki Pakistan, rəsmi İslamabad həmişə xarici siyasətində, xüsusilə də Cənubi Qafqaz və Ermənistanla bağlı siyasətində Azərbaycanın maraqlarını nəzərə alıb. Məlumdur ki, 1991-ci ildə Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Lakin buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsini həyata keçirdiyinə görə heç vaxt Pakistan İrəvanla diplomatik əlaqələr qurmayıb. İndi isə Pakistanın Ermənistanla, belə deyək, siyasi-diplomatik müstəvidə barış əldə etməsi və hər iki ölkənin qarşılıqlı şəkildə səfirliklər açmaq barədə razılığa gəlməsi Azərbaycanla Ermənistan arasında sülh prosesinin real nəticələr doğurması ilə bağlıdır. Artıq bilirsiniz ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin, ilkin sülh sazişinin paraflanması baş verib. Həmin vaxt ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə tərəflər sülh sazişinin ilkin mətnini təsdiq etdilər və kommunikasiyaların açılmasına dair də ümumi sənədi imzaladılar. Məhz bu hadisədən sonra yalnız Pakistan Ermənistanla diplomatik münasibətləri qurmağa razılıq verdi. Hesab edirəm ki, Pakistanın bu addımı həm də bir növ Ermənistana çox ciddi siyasi mesajdır. Yəni Pakistan bununla Ermənistana yalnız Azərbaycanla sülh şəraitində yaşayacağı, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşacağı halda İrəvanla hərtərəfli siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq quracağına dair mesaj verir. Əks təqdirdə, bu münasibətlər mümkün ola bilməz. Yəni bir anlıq təsəvvür edək ki, Ermənistanla Azərbaycan arasında yenidən münaqişə baş verərsə, İslamabad təbii ki, yenidən dərhal İrəvanla diplomatik münasibətləri kəsə bilər. Bu baxımdan, Pakistanın Ermənistanla əlaqələr qurması, hesab edirəm ki, heç də Azərbaycanın ziyanına və maraqlarına zidd deyil. Bu, daha çox Azərbaycanın strateji tərəfdaşı olan bir dövlətin regionda mövqeyinin güclənməsinə xidmət edir. Məlumdur ki, Azərbaycanın Pakistanla bu qədər yaxın olmasına adekvat olaraq Ermənistan da Hindistanla münasibətlərini genişləndirmək strategiyasına üstünlük verirdi. Lakin Pakistanın bölgədə əhəmiyyətinin getdikcə daha çox artması artıq son zamanlar Hindistanı da çox güman ki, mövqeyini dəyişməyə vadar edəcək. Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə görüşündə Hindistanın baş naziri Narendra Modinin Azərbaycan prezidenti ilə görüşməsi və ayaqüstü söhbət etməsi də, hesab edirəm ki, Hindistanın Cənubi Qafqaz siyasətində dəyişiklik etmək niyyətindən xəbər verir. Çünki Ermənistanın bu gün Pakistanla getdikcə yaxınlaşması Hindistanı “oyun”dan kənar vəziyyətdə qoyur. Məhz bu səbəbdən də Pakistan balansı qorumağa üstünlük verir. Çünki Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması geosiyasi balansı Pakistanın xeyrinə dəyişir. Bu baxımdan da Cənubi Qafqazda artıq Azərbaycana düşmən mövqedən çıxış edən, onu silahlandıran, ona qarşı sərt xətt yürütməyə üstünlük verən Hindistan artıq yəqin ki, öz mövqeyini dəyişməyə üstünlük verəcək. Əlavə olaraq onu qeyd edim ki, indiyə qədər Hindistan ümumiyyətlə, xarici siyasətdə “Pakistanın dostu mənim düşmənimdir” siyasətinə üstünlük verib. Ona görə də Azərbaycanla Hindistan arasında münasibətlərdə müəyyən müddət qapalı gərginlik yaşanıb. İndi bu proseslər, düşünürəm ki, yeni mərhələyə daxil olmaq üzrədir və dəyişikliyin baş verəcəyi ehtimalı çoxdur. Pakistanla Ermənistan arasında səfirliklərin açılması da bu yeni tendensiyanın əlamətidir.”

Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmasının əsas səbəblərini necə qiymətləndirirsiniz?

“İslamabad və İrəvan arasında diplomatik münasibətlərin yaradılması perspektivdə Ermənistan cəmiyyətində Pakistana qarşı münasibətin tədricən dəyişməsinə gətirib çıxara bilər. Çünki istər işğal dövründə, istərsə də ondan sonra radikal və mühafizəkar düşüncəli Ermənistan cəmiyyətində Pakistana qarşı mənfi, düşmən münasibət mövcud olub. Bu da Pakistanın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi və rəsmi Bakı ilə strateji tərəfdaşlıq siyasəti yürütməsi ilə bağlıdır. Pakistan Azərbaycana siyasi, mənəvi dəstək verib. Hərbi sahədə iki ölkə arasında geniş əməkdaşlıq qurulub. Pakistan beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bu da Ermənistan cəmiyyətində, xüsusilə də revanşist erməni müxalifəti və kilsə tərəfindən, eləcə də erməni diasporunda qıcıq yaradıb. Daim Pakistan timsalında bir düşmən obrazı formalaşdırmağa çalışıblar. 44 günlük müharibədə də biz bunun şahidi olduq. Guya hərbi əməliyyatlarda Pakistan ordusunun iştirak etməsi barədə heç bir əsası olmayan fikirlər irəli sürülürdü. Amma bu iddiaların heç biri öz təsdiqini tapmadı. İndi isə hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhün yaxınlaşması paralel olaraq Pakistana münasibətin dəyişməsinə də səbəb olacaq. Bu ilin sonuna qədər Ermənistanda konstitusiya referendumunun keçiriləcəyini və bundan dərhal sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını gözləyirəm. Bu baxımdan da Pakistanın Cənubi Qafqaz regionunda, həmçinin Ermənistanla əməkdaşlığının genişlənməsi üçün imkanlar açılacaq. Hesab edirəm ki, Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması yalnız proseslərin müsbətə doğru inkişafına xidmət edə bilər.”

Bu diplomatik yaxınlaşma Cənubi Qafqazda hansı yeni siyasi imkanlar yarada bilər?

“Əvvəla, Ermənistan çox kiçik dövlətdir və regional proseslərdə böyük rol oynamır. Ona görə də Ermənistanla Pakistanın qarşılıqlı şəkildə səfirliklər açması Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxaracaq hadisə deyil. Ancaq ümumilikdə, Pakistanın Ermənistanla diplomatik münasibətlər qurması müəyyən göstəricilərin əlamətidir. Bu, ilk növbədə, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olacaq. Bölgədə kommunikasiyaların açılması baş verəcək və Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq modelinin Cənubi Qafqazda fəaliyyəti genişlənəcək. Məlumdur ki, hələ ötən il, may ayının 28-də Pakistanın baş naziri Şahbaz Şərif Laçına səfər etdi. Orada Türkiyə və Azərbaycan prezidentlərinin də iştirakı ilə birgə sammit keçirildi və üç dövlət bir sıra sahələr üzrə əməkdaşlığa dair geniş razılaşmalar əldə etdilər. Bu baxımdan da artıq üç dövlətin iştirakı ilə bir əməkdaşlıq formulu yaranıb. Sözügedən əməkdaşlıq modeli Cənubi Qafqaz siyasətinin koordinasiyalı şəkildə həyata keçirilməsini nəzərdə tutur. Ona görə də Pakistanın Ermənistanla bağlı siyasətini Azərbaycanla və Türkiyə ilə razılaşdırılmamış, yaxud qarşılıqlı şəkildə məlumatlandırmadan həyata keçirməsi mümkün deyil. Eləcə də, Türkiyə və Azərbaycan regional siyasəti ilə bağlı Pakistanla ciddi siyasi məsləhətləşmələr aparırlar. Bu səbəbdən də Pakistanın Ermənistanla diplomatik münasibətlərini qurması həm bu üçlük modelinin Cənubi Qafqazda geosiyasi təsirinin artmasına səbəb ola bilər. Bu, kommunikasiyaların açılması, Rusiyanın bölgədə mövqelərinin zəifləməsi fonunda Türkiyənin və Pakistanın təsirinin artması üçün əlverişli şərait yaradıb. Ona görə də hesab edirəm ki, Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması Cənubi Qafqazda mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Burada təbii ki, bir sual yarana bilər. Bu da Hindistanın bu məsələyə reaksiyası ilə bağlıdır. Hindistan indiyə qədər Cənubi Qafqazda Ermənistanı silahlandırmaqla daha çox münaqişəni yenidən bərpa etmək və Zəngəzur dəhlizinin qarşısını kəsmək, Çinin Avropaya çıxışına mane olmaq və üstəlik də Pakistanın müttəfiqi olan Azərbaycana təzyiq göstərmək siyasətini yürüdürdü. Ancaq indi geosiyasi konyunktur dəyişib. Yəni Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizinin inşasını birbaşa öz üzərinə götürməsi regiondakı proseslərə bütövlükdə təsir edib. Bu da Hindistanı təbii ki, mövqeyindən çəkilməyə vadar edəcək. İkincisi, yalnız Zəngəzur dəhlizinin deyil, bütövlükdə Orta Dəhlizin reallaşması qaçılmaz prosesə çevrilib. Şanxay Əməkdaşlıq Təşkilatının sonuncu toplantısında da Orta Dəhlizin inkişafına dəstək məsələsinin gündəliyə salınması sübut etdi ki, artıq bu ticarət-nəqliyyat marşrutu reallaşmaq üzrədir. Dünya dövlətləri, aparıcı ölkələr, əksər ölkələr Beynəlxalq Avrasiya nəqliyyat-icarət dəhlizinin mühüm hissəsi olan Orta Dəhlizin reallaşmasında maraqlıdır. Bu baxımdan, Hindistan mövqeyini dəyişmək məcburiyyətindədir. Hindistan anlayır ki, bölgədə münaqişə yaratmaq yox, yalnız əməkdaşlıq etməklə fayda götürmək mümkündür. Bu səbəbdən də Hindistanın Cənubi Qafqazla bağlı siyasətində müəyyən korrektələr edəcəyi və geri çəkiləcəyini düşünürəm. Hər halda, Pakistanla Ermənistanın əməkdaşlıq etməsi daha çox İrəvana lazımdır. Ancaq bütövlükdə Pakistanın mənafeyinə cavab verir.”

Sizcə, Pakistanın Ermənistanla yaxınlaşması Azərbaycan-Pakistan münasibətlərinə necə təsir göstərə bilər?

“Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması heç də İslamabadın İrəvanla yaxınlaşması demək deyil. Sadəcə olaraq, hər iki ölkə səfirliklərin açılması və diplomatik münasibətlərin təsis edilməsinə dair razılıq əldə ediblər. Bu məsələdə də Pakistan Azərbaycanın rəyini nəzərə alıb. Çünki Pakistanın Ermənistanla hər hansı strateji tərəfdaşlıq münasibətləri yoxdur. Biz iki ölkə arasında yaxınlaşmadan danışa bilmərik. Pakistan Cənubi Qafqaza, o cümlədən Ermənistanla bağlı siyasətində Azərbaycanın maraqlarını nəzərə almaqda davam edəcək. Biz onu da unutmamalıyıq ki, Azərbaycanla Ermənistan arasında hələ yekun sülh müqaviləsi yoxdur. Yəni münaqişənin bərpası riski də tam aradan qalxmayıb. Ona görə də bu vəziyyət təbii ki, Pakistanın da diqqətindən yayınmır. İslamabad, hesab edirəm ki, Azərbaycanla olan müttəfiqliyə bərabər strateji tərəfdaşlıq münasibətlərini heç vaxt kənara qoymayacaq. Pakistan və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı Pakistan dövlətinin yaranmasından da qədimdir. Bu baxımdan, hesab edirəm ki, iki ölkə arasında münasibətlər Ermənistanla diplomatik əlaqələrin yaranmasından asılı olmayaraq dəyişməyəcək və daha yüksək səviyyədə qalacaq.”
 

Ayxan Cəfərov

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər