Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nəfərlik böyük heyət iştirak edir.
Səfərin ilk günündə Xankəndi Dəmir Yolu və Avtovağsal Kompleksi aparılan tikinti işləri ilə tanış olan diplomatlar, Zəfər Parkında, Qarabağ Universitetində, Şuşadakı Yuxarı Gövhər Ağa məscidində, “Sadıqcanın evi”ndə, tikilməkdə olan Yeni Şuşa məscidi və digər məkanlarda olublar.
“Güllələnmiş heykəllər”lə üz-üzə...
Səfər əsnasında diplomatlar Şuşa şəhərində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini də ziyarət ediblər. Ziyarət əsnasında diplomatlara Ermənistanın bu büstləri talan etmək, əridərək metal kimi satmaq cəhdi haqqında da məlumat verilib. Həmçinin, diplomatların diqqətinə çatdırılıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin fədakarlığı nəticəsində bu abidələr xilas edilib, ölkəmizə qaytarılıb.
Xatırladaq ki, bundan öncəki səfərlərdə də diplomatlara erməni faşizminin vəhşilikləri haqqında ətraflı məlumat verilib, konkret faktlar təqdim olunub. 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə diplomatların raket zərbələrinə məruz qalan şəhərlərə səfərləri, əcnəbi diplomatların dağıntılarla yerindəcə tanış edilməsi dövlətimizin erməni faşizminin ifşası istiqamətində atdığı tarixi addımlardan biridir.
Azərbaycan və onun Prezidentinin hərbi-iqtisadi qüdrətinin şahidləri!
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərini önəmli edən bir çox nüans var ki, bunlardan ən önəmlisi onların Azərbaycanın, onun Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi-iqisadi qüdrətinin canlı şahidləri olması faktıdır. Əcnəbi diplomatlar işğaldan azad edilən ərazilərə səfər etməklə bu torpaqların zəngin tarixini və təbiətini müşahidə etməklə yanaşı, həm də Silahlı Qüvvələrimizin necə mürəkkəb coğrafiyada uğurlu hərbi əməliyyatlar apardığına şahidlik edirlər. O cümlədən, onlar şahid olurlar ki, Azərbaycan xalqı öz xilaskar lideri İlham Əliyevin rəhbərlyi altında bu torpaqlarda əsl xarüqələr yaradır, öz quruculuq, abadlıq əzmi ilə həmin torpaqlara sözün həqiqi məansıdna həyat bəxş edirlər. Bu mənada Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatları birmənalı şəkildə Azərbaycanın hərbi-iqtisadi qüdrətinin şahidləri adlandırmaq olar.
Əminik ki, qarşıdakı dövrdə bu səfərlərdə iştirak edən diplomatlar işğaldan azad edilən torpaqlara hər gəlişlərində böyük yeniliklərə şahid olacaq, Azərbaycan xalqı öz quruculuq bacarığı ilə onları heyrətləndirməkdə davam edəcək.
Seymur ƏLİYEV