Son hökmə gedən yol: Bərzəxdən Qiyamətə, Qiyamətdən Cənnət və Cəhənnəmə...
“Qəbirdə nə vəzifən, nə sərvətin, nə də ordun olacaq — yalnız özün və əməllərinlə qalacaqsan...”
“Ölüm son deyil — dünyada bağlanmayan hesabın başladığı yerdir...”
“Səni dünyada heç kim məcbur etmir, amma seçiminin nəticəsindən heç kim səni qurtara bilməz...”
“Dində məcburiyyət yoxdur. Artıq Haqq ilə batil bir-birindən ayrılmışdır...”- Qurani-Kərim
“Kim zərrə qədər yaxşılıq etmişdirsə, onu görəcəkdir. Kim də zərrə qədər pislik etmişdirsə, onu görəcəkdir...” —Qurani-Kərim
“Əgər Allah var və Qiyamət gələcəksə, bu dünyada cəzasız qalmağın “qurtulmaq” demək deyil...”
“İndi, seçim özünündür... Amma nəticədən qaçmaq sənin seçimin olmayacaq —yaşamağa davam et, hazır ol və gözlə!..
İlk iki hissədə əsas sualımız bu idi:
Əgər bu dünya son məhkəmə deyilsə, cəzasız qalan zülmlərin son hökmü harada veriləcək?..
İndi isə gəlin bu sualı daha ağır, daha amansız və daha real bir nümunə üzərindən düşünək...
Təsəvvür edin ki, bir insan böyük bir dövlətin başında dayanır. Onun nəhəng ordusu, polisi, məhkəmələri, milyardlarla dolları, yetərincə siyasi əlaqələri və xaricdə külli miqdarda var-dövləti, mülkləri var. O, illərlə insanların haqqını tapdalayır, sərvətlərini mənimsəyir, müxaliflərini həbs etdirir, günahsız insanların həyatını məhv edir... Üstəlik, qonşu dövlətlərə də təcavüz edir, onların əhalisinə qarşı soyqırım aparır, şəhər və kəndlərini viran qoyur... Birbaşa hücum etmədiklərinə isə birbaşa, yaxud dolayısıyla iqtisadi, siyasi təzyiqlər edir. Və s. və i.a
Və bir gün... O ölür.
Bəs sonra?..
İlk baxışda belə görünə bilər ki, həmin hökmdar həqiqətən də “qurtuldu”.
Polis onu tutmadı...
Məhkəmə onu mühakimə etmədi...
Heç bir beynəlxalq tribunalın qarşısına çıxmadı...
Dövlət aparatını itirmədi...
Hətta ölümündən əvvəl öz tarixini belə yazdırmış ola bilər...
Özünü qəhrəman elan etdirə bilər...
Məzarını abidəyə çevirə bilər...
Arxasında özünü müdafiə edən siyasi miras buraxa bilər.
Amma...
Fəqət axı, Allah var və Axirət var... Və biz müsəlmanlar üçün məsələ məhz burada başlayır.
Üstəlik, bu düşüncə yalnız İslama məxsus bir ideya da deyil. Yəhudilik və xristianlıq kimi digər səmavi dinlərin müqəddəs mətn və ənənələrində də ölümün insanın məsuliyyətini tamamilə bitirmədiyi, dirilmə və son hökm ideyasının müxtəlif formalarda mövcud olduğu görünür.
Deməli, həmin zülmkar hökmdarın ölümü onun üçün xilas deyil...
Əksinə...
Dünyadakı bütün qaçış yollarının bağlandığı andır.
Çünki dünyada onu qoruyan ordu artıq yoxdur...
Polis artıq onun əmrinə tabe deyil...
Məhkəmələri artıq onun əlində deyil...
Pulunun onunla birlikdə qəbrə girməsi mümkün deyil...
Mühafizəçiləri onun ruhunu qorumaq gücündə deyil...
Siyasi əlaqələri artıq heç nəyi dəyişmir...
Media onun əməllərini ört-basdır edə bilmir...
Dövlətin yazdığı tarix isə Allahın bildiyi həqiqəti dəyişdirə bilmir...
İnsan dünyada hökmdar ola bilər. Ölümün o biri tərəfində isə o da Allahın quludur.
Və burada əvvəlki hissələrdə verdiyimiz əsas sual yenidən qarşımıza çıxır:
Əgər həmin insan dünyada milyonların haqqını yeyib və cəzasız ölübsə, Allahın ədaləti harada həyata keçəcək?..
Əgər cavab “heç yerdə”dirsə, onda dünyada ən böyük cinayətləri törədənlə ömrünü insanlara yaxşılıq etməyə həsr edən insanın son taleyi arasında hansı ədalət qalır?..
Bir insan minlərlə adamın həyatını məhv edir və rahatca ölür. Başqa biri isə bütün ömrünü yetimə, kasıba, xəstəyə, məzluma yardım etməklə keçirir və ölür... Əgər ölüm hər ikisini eyni şəkildə yoxluğa aparırsa və bundan sonra heç bir hesab yoxdursa, onda ədalətin son mənası nədir?..
Məhz buna görə Axirət inancı İslamda sadəcə “öləndən sonra başqa həyat da var” kimi sadə bir fikir deyil.Bu inanc Allahın mütləq ədaləti ilə birbaşa bağlıdır. Çünki dünyada ədalət yarımçıq qala bilər. İnsan məhkəməsi səhv edə bilər. Hakim aldana və ya rüşvət alıb ədalətsiz qərar verə bilər. Şahid yalan danışa bilər. Sübut gizlədilə bilər. Cinayətkar pul verə bilər. Siyasi hakimiyyət qanunu öz xeyrinə dəyişə bilər. Bəzən isə cinayətkar sadəcə ölə bilər və bütün dünyəvi istintaq yarımçıq qalar...
Amma İslamın cavabı budur:
Bu, hesabın bitməsi deyil. Bu, yalnız birinci mərhələnin bitməsidir. Ölümün arxasında Bərzəx(qəbir aləmi) var. Bərzəxin arxasında dirilmə var. Dirilmənin arxasında Qiyamət var. Qiyamətin arxasında Haqq-hesab var. Və Haqq-hesabın sonunda Allahın hökmü var...
BƏRZƏX — ÖLÜM İLƏ HESAB ARASINDA...
İnsan öldüyü anda hər şeyin bitdiyini düşünmək İslamın dünyagörüşünə uyğun deyil. Quran ölüm ilə dirilmə arasında Bərzəx adlandırılan mərhələdən danışır. İnsan öldükdən sonra geri qayıtmaq istəyir, lakin onun qarşısında diriləcəyi günə qədər bir maneə vardır. Bu, insan üçün çox ciddi xəbərdarlıqdır. Çünki insanın dünyada ən böyük sərvəti əslində pul deyil, vaxtdır...
Sağ olduğun müddətdə:
Tövbə edə bilərsən...
Haqqı qaytara bilərsən...
Zülmdən dönə bilərsən...
Səhvini düzəldə bilərsən...
Düşməninlə barışa bilərsən...
Yetimin əlindən tuta bilərsən...
Kasıba yardım edə bilərsən...
Allaha üz tuta bilərsən...
Amma ölüm gəldikdən sonra artıq əməl dövrü başa çatır...
Hesab dövrü başlayır...
Qəbir insanın dünyadakı bütün titullarını bir anda susduran ilk qapıdır...
Prezident də oradan keçir...
Kral da...
Milyarder də...
General da...
Hakim də...
Fəhlə də...
Kasıb da...
Varlı da...
Heç kim dünyadakı vəzifəsini qəbirə qədər uzada bilmir...
Və insan Bərzəxə daxil olduqda artıq dünyadakı “mənə heç nə olmayacaq” rahatlığı ilə yaşamaq mümkün deyil.Çünki ölüm insanın qarşısına çoxdan unutduğu bir həqiqəti çıxarır:
Sən bu dünyaya sahib deyildin. Sən burada əmanətçi idin...
Sənə verilən güc əmanət idi...
Sənə verilən sərvət əmanət idi...
Sənə verilən ömür əmanət idi...
Sənə verilən vəzifə əmanət idi...
Sənə verilən insanlara hökm etmək imkanı əmanət idi...
Və əmanətin hesabı olur...
Məhz buna görə Qurani baxışda ölüm cinayətkar üçün “qurtuluş” deyil... Əgər onun dünyada ödəmədiyi haqq varsa, qarşıda ödəməli olduğu hesab var.
Və həmin hesabın adı:
Qiyamətdir...
BƏS QİYAMƏT NƏDİR?..
Qiyamət İslamda sadəcə dünyanın dağılması demək deyil. Bu, bütün insanlıq tarixinin qarşısında qoyulacaq son həqiqət anıdır. Dünyada bir-birindən xəbərsiz yaşamış milyardlarla insan...
Padşahlar...
Peyğəmbərlərin ümmətləri...
Alimlər...
Cahil insanlar...
Məzlumlar...
Zalımlar...
Səssizcə yaxşılıq edənlər...
Gizli cinayət törədənlər...
Hamısı bir gün eyni həqiqətin qarşısında toplanacaq...
Artıq heç kimin “mənim dövlətim”, “mənim ailəm”, “mənim vəzifəm”, “mənim qəbiləm”, “mənim pulum” deyə arxalana biləcəyi dünyəvi qalxanı olmayacaq...
Quran Qiyamət gününü insanın əməllərinin qarşısına çıxacağı, heç bir haqsızlığın edilməyəcəyi gün kimi təqdim edir. Hətta ən kiçik yaxşılığın və ən kiçik pisliyin belə insanın qarşısına çıxacağı bildirilir. Bu, insanın ağlına sığdırmaqda çətinlik çəkdiyi, amma Axirət inancının əsasını təşkil edən həqiqətdir:
Heç nə itmir...
MƏLƏKLƏR VƏ ƏMƏL DƏFTƏRİ...
Bəs insanın əməlləri necə “itmir”?..
Quran insanın əməllərinin mələklər tərəfindən yazılmasından danışır. İnsan bunu gözlə görmür. Kamera kimi mexaniki bir sistem təsəvvür etməyə də ehtiyac yoxdur. Bu, ilahi aləmin bir hissəsidir.
Əsas məsələ budur:
Sənin heç kimin bilmədiyi əməlini Allah bilir...
Sən gecə tək qalıb bir haram iş görürsən... Və deyirsən:“Bunu heç kim görmədi.”
Amma Allah gördü.
Bir insanın haqqını gizlicə yeyirsən. Və deyirsən: “Bundan xəbər tutan olmayacaq.”
Allah bilir.
Kimsə haqqında yalan danışırsan. Şahid yoxdur.
Allah bilir...
Bir yetimə gizlicə yardım edirsən. Heç kim təşəkkür etmir.
Allah bilir...
Bir məzlumun haqqını qoruyursan. Heç kim səni alqışlamır.
Allah bilir...
Deməli, Axirət insanın yalnız pis əməllərinin deyil, yaxşı əməllərinin də görünməzliyə məhkum olmadığına təminat verir.
Bu baxımdan Axirət inancı insanı həm qorxudan, həm də ümiddən ibarət bir mənəvi sistemə gətirir...
O GÜN PULUN DƏYƏRİ NƏ QƏDƏR OLACAQ?..
İndi təsəvvür edin:
Dünyada bir insanın 50 milyard dolları var. Başqa birinin isə cibində bir manat belə yoxdur. Amma Qiyamət günü...
50 milyard dolların heç bir əhəmiyyəti qalmır. Çünki insanın hesabı bank çıxarışı ilə aparılmır...
Sual belə olmayacaq:
“Neçə milyonun var idi?”
Daha ağır suallar olacaq:
O sərvəti necə qazandın?..
Kimin haqqına girdin?..
Kimləri əzdin?..
Kimlərin haqqını qaytarmadın?..
Sənə verilən imkanla nə etdin?..
Eyni şəkildə kasıb insanın da qarşısında başqa suallar olacaq:
Sənə verilən az imkanla nə etdin?..
Səbir etdinmi?..
Haqq yoldan ayrıldınmı?..
Sənə verilən nemətlərə necə münasibət göstərdin?..
Çünki İslamın ədalət anlayışı budur:
İnsan yalnız sahib olduğu şeyə görə deyil, ona verilən nemətdən necə istifadə etdiyinə görə də məsuldur...
BƏS “QUL HAQQI”?..
Burada məsələnin ən ağrılı yerinə gəlib çıxırıq. Allah qarşısında günah etmək bir məsələdir. Amma insanın haqqını tapdalamaq tamam başqa məsələdir.
Bir insanın pulunu mənimsəmisənsə...
Onun evini əlindən almısansa...
Torpağını zorla mənimsəmisənsə...
Haqq etdiyi əməkhaqqını verməmisənsə...
Böhtanla həbs etdirmisənsə...
Ailəsini dağıtmısansa...
Onun ölümünə səbəb olmusan...
Sonra sadəcə:
“Allahım, məni bağışla” demək kifayətdirmi?..
İslamın “qul haqqı” anlayışının ağırlığı məhz buradadır. Çünki Allahın bağışlaması ilə yanaşı, məzlumun haqqı da var.
Əgər mümkündürsə, haqq qaytarılmalıdır. Zərər aradan qaldırılmalıdır. Üzr istənilməlidir. Tövbə edilməlidir. Əməldə dəyişiklik baş verməlidir.
Deməli, həqiqi tövbə sadəcə söz deyil... Tövbə insanın istiqamətini dəyişməsidir...
BƏS CƏNNƏT VƏ CƏHƏNNƏM?..
Bütün bunların sonunda insan iki böyük aqibətlə qarşılaşır. Quranın dili ilə desək, insanın qarşısında Cənnət və Cəhənnəm reallığı dayanır...
Cəhənnəm yalnız “qorxulu bir yer” təsviri deyil. O, zülmün, inkarın və üsyanın son nəticəsi kimi təqdim olunur...
Cənnət isə yalnız nemətlər siyahısı deyil. O, Allahın razılığına çatmış insanın əbədi mükafatıdır...
Burada çox mühüm bir məqamı unutmaq olmaz:
İslam insanı yalnız Cəhənnəmdən qorxutmaq üçün çağırmır. İnsana Cənnət ümidi də verir. Allahın rəhmətindən danışır. Tövbə qapısını açıq saxlayır. Yaxşı əməli təşviq edir. Sədəqəni, ədaləti, mərhəməti, səbr və dürüstlüyü dəyərli edir...
Deməli, Axirət inancı insanın qarşısına iki yol qoyur:
Zülm və tövbə...
Təkəbbür və itaət...
Haram və halal...
Zülm və ədalət...
Şər və xeyir...
Və seçim üçün insana bu dünya qədər böyük bir fürsət verilir. Fəqət bu fürsətin bir sonu var: Ölüm... Ölüm gələndə seçim dövrü bitir. Sonra nəticə dövrü başlayır...
DEMƏLİ, ƏN BÖYÜK SUAL BUDUR...
İndi əvvəlki sualımıza qayıdaq:
Əgər bu dünya son məhkəmə deyilsə, cəzasız qalan zülmlərin son hökmü harada veriləcək?..
İslamın cavabı budur:
Allahın qarşısında...
Bərzəxdən sonra...
Dirilmədən sonra...
Qiyamətdə...
Haqq-hesab günündə...
Əməllər tərəzisində...
Heç kimin digərinin haqqını yeyə bilməyəcəyi bir məqamda...
Heç bir pulun hakimə təsir edə bilməyəcəyi bir gündə...
Heç bir ordunun Allahın hökmünün qarşısını ala bilməyəcəyi bir gündə...
Heç bir siyasi əlaqənin işə yaramayacağı bir gündə...
Heç bir yalanın həqiqəti dəyişdirə bilməyəcəyi bir gündə...
O gün insanın əlində yalnız öz əməlləri olacaq...
Və buna görə də ən təhlükəli cümlə:
“Mənə heç nə olmayacaq..” cümləsidir.
Çünki insan bunu deyərkən yalnız dünyanı nəzərə alır. Halbuki ölüm dünyadan sonrakı qapıdır. Və o qapının o tərəfində insanın qarşısında bir sual dayanır:
Sənə verilmiş ömrü nə etdin?..
Əgər cavabın yalnız puldursa — pul orada olmayacaq...
Vəzifədirsə — vəzifə orada olmayacaq...
Hakimiyyətdirsə — hakimiyyət orada olmayacaq...
Saraydırsa — saray orada olmayacaq...
İnsanların alqışıdırsa — alqış orada olmayacaq...
Amma bir yetimin göz yaşını sildinsə — o əməl var...
Bir məzlumun haqqını qorudunsa — o əməl var...
Bir insanın haqqını yedinsə — o da var...
Bir insanın həyatını məhv etdinsə — o da var...
Allaha səmimi şəkildə bağlandınsa — o da var...
Tövbə etdinsə — o da var...
Və bütün bunların üstündə:
Allah var...
Məhz buna görə Axirət inancı insanı yalnız ölüm haqqında düşünməyə çağırmır. Yaşadığı həyatın məsuliyyətini dərk etməyə çağırır. Çünki hesab günü hələ gəlməyib. Amma onun şahidi olan Allah artıq var. Və bizim hər birimizin qarşısında hələlik yalnız bir imkan qalır:
Hesab gəlməmiş öz hesabımızı götürmək...
Ölüm gəlməmiş tövbə etmək...
Haqq sahibi qarşımıza çıxmamış haqqını qaytarmaq...
Qəlbimiz daşlaşmamış Allaha dönmək...
Çünki insan üçün ən böyük faciə ölmək deyil.
Ən böyük faciə Allahın qarşısına boş əllə çıxmaqdır...
Hə, indi bu dünyadakı günah və cinayətlərinə görə Axirətdə cəzalanacağına inanırsanmı? Cavab yenə öz seçimindir: heç kəs sənə təzyiq etmir. Nə bu dünyada hansısa insanın, - lap atan-anan, qardaş-bacın, ən yaxın yoldaşın, ərin, arvadın olsun,- bu mövzuda sənə təzyiq etmək ixtiyarı yoxdur. Heç Allah da sənə zorla Axirət inancını qəbul etdirmir. Elə buna görə də Quranda belə buyurur:
“Dində məcburiyyət yoxdur. Artıq Haqq ilə batil ayrılmışdır...”(“Bəqərə” surəsi, 256-cı ayə).
Heç Şeytan da səni zorlamır, o sadəcə öz hiylələriylə iradəsizliyindən istifadə edib səni aldada bilər... Amma Quranda deyildiyi kimi, onun "mömin bəndələr üzərində heç bir hökmü yoxdur(“Hicr”, 42)...
Odur ki, son qərar özünündür...
Fəqət onu bil ki, sənin hansı qərar verməyindən asılı olmayaraq Allahın Quran başda olmaqla bütün səmavi Kitablarının məntiqinə görə bu dünyadakı hər bir insan kimi sən də bu həyatda etdiyin hər bir ən xırda əmələ — həm xeyir əmələ, savaba, həm də günaha, cinayətə görə cavab verəcəksən.
“Kim zərrə qədər yaxşılıq etmişdirsə, onu görəcəkdir. Kim də zərrə qədər pislik etmişdirsə, onu görəcəkdir”(“Zəlzələ”, 7–8)...
Və “Qiyamət günü ədalət tərəzilərini quracağıq; heç kəsə heç bir haqsızlıq edilməyəcək”(“Ənbiya”, 47)...
Seçim özünündür...
Amma nəticədən qaçmaq sənin seçimin olmayacaq.
Yaşamağa davam et, hazır ol və gözlə...
Sultan Laçın