“Mən bu dünyada cəzalanmadım, deməli, qurtuldum!” — Bəs son hökm?..
“Həqiqətən Allah zərrə qədər də olsa da zülm etməz...”- Qurani-Kərim
“Cnayətin gizli qalması onun Allah qarşısında gizli qalması demək deyil…Bu prinsip Axirət anlayışının əsas fəlsəfi dayaqlarından biridir. Əgər Allah mütləq ədalət sahibidirsə, insanın dünyada gördüyü yarımçıq və natamam ədaləti son ədalət hesab etmək olmaz...”
“Qədim İran və Azərbaycan dini düşüncəsində də belə bir fikir mövcuddur: Şərin bu dünyada qalib görünməsi onun son qalib olduğu anlamına gəlmir…
“Dünyada güclü olmaq insana müvəqqəti toxunulmazlıq verə bilər. Axirətdə isə siyasi toxunulmazlıq anlayışı yoxdur...”
“Qədim Çin siyasi fəlsəfəsi də müəyyən mənada bu sualı verirdi: Hakimiyyət sahibinin əməllərinin ondan yuxarıda dayanan bir mənəvi ölçüsü varmı? Cavab müsbət idi...”
“Həqiqi əxlaq yalnız polis nəzarəti ilə yaranmamalıdır. İnsan polis görmədiyi yerdə də oğurluq etməməlidir. Məhkəmə onu görmədiyi yerdə də rüşvət almamalıdır. Heç kim bilmədiyi halda da insan başqasının haqqını yeməməlidir...”
“Hətta teist olmayan bir fəlsəfi-dini sistem belə, insanın “nə etsəm, heç bir nəticəsi olmayacaq” düşüncəsini qəbul etmir. Əksinə, insanın hərəkəti onun gələcəyini formalaşdırır...”
“Səni bu dünyada qoruyan bütün güc strukturları dağıla bilər, amma ilahi hesabdan qaçmaq mümkün deyil. Bu, zalım üçün qorxunc, məzlum üçün isə təsəlli verən fikirdir...”
**** **** **** ****
Birinci hissədə sualı qoyduq: Əgər ölüm hər şeyi bitirirsə, dünyada cəzasız qalan cinayətlərin son ədaləti harada baş verir?
İndi isə məsələni daha sərt şəkildə qoyaq.
Təsəvvür edin ki, bir diktator ölkəsində on minlərlə insanı həbs etdirir, yüz minlərlə insanı sürgünə göndərir, minlərlə insanın öldürülməsinə səbəb olur. Hakimiyyətdə olduğu müddətdə ona heç kim toxuna bilmir. Ordusu, xüsusi xidmət orqanları, polisi və siyasi sistemi onu qoruyur. Sonra həmin diktator yaşlanır və təbii ölümlə dünyasını dəyişir.
Məhkəmə yoxdur...
Hökm yoxdur...
Həbsxana yoxdur...
Cəza yoxdur...
Bəs öldürülənlərin haqqı?..
Əgər ölüm insanın varlığının mütləq sonudursa, həmin diktatorla onun qurbanı arasında son nəticədə hansı fərq qalır?..
Məhz bu sual Axirət inancını sadəcə dini təsəvvür deyil, ədalət probleminə verilən metafizik cavab səviyyəsinə yüksəldir.
Dünyəvi məhkəmə ilə İlahi Məhkəmənin fərqi...
İnsan məhkəməsinin imkanları məhduddur:
Məhkəmə bütün cinayətləri aşkar edə bilmir.
Polis bütün cinayətkarları tapa bilmir…
Prokuror bütün sübutları əldə edə bilmir…
Şahidlər qorxudula, satın alına və ya öldürülə bilər…
Sənədlər məhv edilə bilər…
Hakim səhv edə bilər…
Dövlətin özü cinayəti ört-basdır edə bilər…
Bəzən isə cinayətin müəllifi elə dövlətin başında dayanır…
Bu halda cinayətkarı kim mühakimə edəcək?..
İslamın cavabı məhz burada ortaya çıxır: bu dünyadakı insan, dövlət məhkəməsindən, yaxud beynəlxalq məhkəmədən qaçmaq – o dünyadakı İlahi Məhkəmədən qaçmaq demək deyil.
Quranda belə buyurulur:
“Həqiqətən Allah zərrə qədər də olsa zülm etməz…”(Nisa, 40)
Bu prinsip Axirət anlayışının əsas fəlsəfi dayaqlarından biridir. Əgər Allah mütləq ədalət sahibidirsə, insanın dünyada gördüyü yarımçıq və natamam ədaləti son ədalət hesab etmək olmaz…
Başqa bir Qurani prinsip isə daha sərtdir: insanın etdiyi heç bir əməl nəticəsiz qalmayacaq. “Zilzal” surəsində zərrə qədər yaxşılığın da, zərrə qədər pisliyin də insanın qarşısına çıxacağı bildirilir.
Beləliklə, cinayətin gizli qalması onun Allah qarşısında gizli qalması demək deyil…
Diktatorun ən böyük səhvi…
Diktatorun gücü nə qədər böyük olsa da, onun gücü yalnız müəyyən sərhədə qədərdir…
O, polisi idarə edə bilər…
Məhkəməni idarə edə bilər...
Mətbuatı susdura bilər…
Parlamenti nəzarətdə saxlaya bilər…
Tarix kitablarını dəyişdirə bilər…
Amma bir şeyi dəyişə bilməz:
Öz ölümünü…
Və bizim dini, islami dünyagörüşünə görə, daha mühüm bir şeyi də dəyişə bilməz:
Ölümündən sonrakı hesabı…
Quranda Qiyamət günü insanın öz əməlləri ilə üzləşəcəyi dəfələrlə vurğulanır. Bu baxımdan dünyanın siyasi güc strukturları ilə Axirətin hökm sistemi arasında fundamental fərq var.
Dünyada güclü olmaq insana müvəqqəti toxunulmazlıq verə bilər. Axirətdə isə siyasi toxunulmazlıq anlayışı yoxdur…
“Mənim ordum var” — bəs sonra?..
Bir imperatorun milyonlarla əsgəri ola bilər. Bir dövlət başçısının yüz minlərlə silahlı qüvvəsi ola bilər.
Bir terror təşkilatının minlərlə silahlı üzvü ola bilər. Bir oliqarxın milyardlarla dolları ola bilər. Bir transmilli şirkətin hüquqşünaslardan, lobbiçilərdən və siyasi əlaqələrdən ibarət nəhəng şəbəkəsi ola bilər.
Amma bunların heç biri insanı ölümün qarşısında sonsuz güclü etmir.
İnsan nə qədər güclü olsa da, fani olaraq qalır…
Axirət inancının məhz burada siyasi və əxlaqi çəkisi meydana çıxır:
Səni bu dünyada qoruyan bütün güc strukturları dağıla bilər, amma ilahi hesabdan qaçmaq mümkün deyil. Bu, zalım üçün qorxunc, məzlum üçün isə təsəlli verən fikirdir…
Soyqırımı törədənlərin problemi…
Tarixdə soyqırımı, etnik təmizləmə və kütləvi qətllər törədən rejimlərin rəhbərləri haqqında çoxlu nümunələr var. Bəziləri beynəlxalq tribunallarda mühakimə olunub. Bəziləri müharibədən sonra öldürülüb. Bəziləri həbsə atılıb. Amma hamısı eyni aqibəti yaşamayıb. Bəzi cinayətkarlar məhkəmə qarşısına çıxmadan ölüblər. Bəziləri başqa ölkələrə qaçıblar. Bəziləri siyasi himayə əldə ediblər. Bəziləri isə tarixdə “dövlət xadimi” kimi təqdim edilməyə davam ediblər…
Bu vəziyyət insanı fundamental seçim qarşısında qoyur:
Ədalət yalnız insan institutlarının imkanları qədərdirsə, onda bütün qurbanların haqqının tam bərpasına zəmanət nədir? Axirət inancı məhz bu zəmanəti verir. Bu baxımdan Axirət ideyası yalnız cinayətkara qarşı deyil, qurbanın haqqı baxımından da əhəmiyyətlidir. Çünki ilahi məhkəmədə məsələ yalnız “günahkar cəza alacaqmı?” deyil…
Məsələ həm də budur:
“Məzlumun haqqı tam qaytarılacaqmı?”
İslam teologiyasının cavabı: bəli…
Terrorçu üçün “qəhrəmanlıq”, qurban üçün isə faciə..
Terror təşkilatları öz tərəfdarlarına müəyyən hərəkətləri “müqavimət”, “qəhrəmanlıq”, “şəhidlik” və ya “müqəddəs mübarizə” kimi təqdim edə bilərlər. Lakin burada çox mühüm əxlaqi sual ortaya çıxır:
Bir ideologiyanın öz cinayətinə verdiyi ad həmin əməli həqiqətən əxlaqi cəhətdən dəyişirmi?
Bir uşağın öldürülməsi “əməliyyat” adlandırılanda uşaq daha az ölmüş olmur. Bir mülki şəxsin öldürülməsi “strateji zərər” adlandırılanda həmin insan daha az insan olmur. Bir ailənin məhv edilməsi “tarixi mübarizənin zəruri nəticəsi” adlandırılanda həmin ailənin ağrısı yoxa çıxmır. Məhz buna görə dini əxlaq niyyətlə yanaşı əmələ də qiymət verir. İslamda məqsədin müqəddəs elan edilməsi vasitənin avtomatik olaraq halal olması demək deyil…
İsrail, HƏMAS, terror, soyrıqımı və məsuliyyət məsələsi…
Yuxarıdakı məntiqi müasir siyasi hadisələrə tətbiq etdikdə də eyni problem ortaya çıxır.
HƏMAS öz silahlı fəaliyyətini Fələstin müqaviməti kontekstində təqdim edir. Onun tərəfdarları bu fəaliyyəti işğala qarşı mübarizə kimi qiymətləndirirlər. Lakin hər hansı siyasi məqsədin mövcudluğu mülki şəxslərə qarşı zorakılığın əxlaqi məsuliyyətini avtomatik aradan qaldırmır.
Eyni prinsip İsrail dövlətinin, bu gün Bunyamin Netanyahunun başında durduğu hökumətin keçirdiyi hərbi əməliyyatlar nəticəsində son illər demək olar ki, gündəlik baş verən qətliamlara, soyqırımlara münasibətdə də keçərlidir: dövlətin təhlükəsizlik arqumenti mülki insanların hüquqlarına dair bütün sualları avtomatik olaraq aradan qaldırmır…
Yəni Axirət əxlaqı tərəf seçməkdən əvvəl məsuliyyət tələb edir.
Kim olursan ol:
Dövlət başçısı,
general,
terrorçu,
oliqarx,
milyarder,
məmur,
şirkət rəhbəri,
sıravi vətəndaş...
Əməl varsa, məsuliyyət də var…
Korrupsioner üçün ən təhlükəli sual…
İndi məsələni gündəlik həyata gətirək. Bir insan dövlət büdcəsindən milyonlar mənimsəyir. Bir məmur rüşvət alır. Bir şirkət rəhbəri saxta sənədlərlə dövlət sərvətini ələ keçirir. Bir oliqarx siyasi əlaqələrindən istifadə edərək böyük sərvət toplayır. Bir təbii sərvət müqaviləsi cəmiyyətin ümumi maraqları hesabına dar bir qrupun xeyrinə bağlanır…
Əgər bütün bunların qarşılığında insan yalnız “bu dünyada tutulmamaq, mühakimə edilməmək, cəzalandırılmamaq” ehtimalını hesablayırsa, onda onun üçün cinayətin əsas problemi nədir?..
Tutulmaq…
Lakin Axirət inancı bu hesablamanı kökündən dəyişir. Çünki mömin insan üçün problem “polis məni tutacaqmı?” sualı deyil.
Əsas sual:
“Allah qarşısında bunun hesabını necə verəcəyəm?..”
Bu iki sual arasında böyük fərq var. Birinci sual hüquqi riskdir. İkinci sual mütləq mənəvi məsuliyyətdir.
Bəs yalnız səmavi dinlər belə düşünür?..
Xeyr. Maraqlıdır ki, dünyanın qədim qeyri-səmavi dini və fəlsəfi ənənələrində də insanın əməllərinin nəticəsiz qalmadığı ideyasına rast gəlirik.
Bu baxımdan xüsusilə Hindistan və Çin düşüncə tarixinin nümunələri diqqətəlayiqdir.
Amma burada bir daha qeyd etmək lazımdır: karma ilə İslamın Axirət məhkəməsi eyni anlayış deyil... Biri digərinin sübutu deyil. Sadəcə, fərqli sivilizasiyaların da insan əməlləri ilə son nəticə arasında əlaqə qurmağa çalışdığını göstərir...
Hindistan fəlsəfəsində: “Etdiyin sənin ardınca gəlir…”
Hindu, Buddist və Cayn ənənələrində müxtəlif formalarda karma ideyası mühüm yer tutur. Karma sadə şəkildə “cəza” demək deyil. Daha geniş mənada insanın hərəkətlərinin, niyyətlərinin və mənəvi keyfiyyətlərinin gələcək nəticələr doğurması prinsipidir.
“Stanford Encyclopedia of Philosophy” klassik Hindistan fəlsəfəsində karmanın insanın əməlləri ilə gələcək nəticələr arasında mənəvi səbəb-nəticə əlaqəsi qurduğunu qeyd edir. Ənənəvi sistemlərdə yaxşı əməl yaxşı, pis əməl isə pis nəticə ilə əlaqələndirilir. Bu sistemdə böyük problem də bizim mövzumuzla eynidir:
Niyə yaxşı insan əziyyət çəkir, pis insan isə bəzən firavan yaşayır?..
İnsan beynininin uydurduğu karma və yenidən doğuluş doktrinası bu problemi gələcək həyatlara daşıyaraq izah etməyə çalışır. Yəni insanın indiki həyatında görünən nəticə onun bütün mənəvi tarixini əhatə etmir… Bu, İslamın Axirət anlayışı ilə eyni deyil. Allahın nazil etdiyi İslam dininə görə insan bir dəfə dünya həyatını yaşayır, ölür, sonra dirildilir və ilahi məhkəmədə mühakimə olunur… Karma sistemlərinin əksəriyyətində isə söhbət yenidən doğuluşlar silsiləsindən gedir…
Amma ortaq fəlsəfi sual çox maraqlıdır:
İnsan öz əməllərinin nəticəsindən həqiqətən qaça bilərmi?..
Allah tərəfindən nazil edilməmiş, başqa sözlə qeyri-səmavi buddizm dinində cəza verən Allah yoxdur — amma əməl yenə də nəticəsiz qalmır. Buddizm bu baxımdan xüsusilə maraqlı nümunədir. Çünki klassik buddist düşüncəsində məsələ ilahi hakim qarşısında mühakimə olunmaqdan daha çox karma və yenidən doğuluşun səbəb-nəticə sistemi ilə izah edilir…
“Stanford Encyclopedia of Philosophy” qeyd edir ki, yenə də insan idrakınınm məhsulu olan buddist əxlaqında zərərli hərəkətlərdən çəkinməyin mühüm səbəblərindən biri onların karmatik nəticələrindən qaçmaqdır. Klassik buddist təsəvvürlərdə pis əməllər insanın əzablı yenidən doğuluş sahələrinə düşməsinə səbəb ola bilər…
Buddizm də 5 əsas davranışdan: öldürməkdən, oğurluqdan, cinsi pozuntudan, yalandan və sərxoşedici maddələrdən çəkinməyi tələb edir...
Burada diqqətçəkən məsələ budur:
Hətta teist olmayan bir fəlsəfi-dini sistem belə, insanın “nə etsəm, heç bir nəticəsi olmayacaq” düşüncəsini qəbul etmir. Əksinə, insanın hərəkəti onun gələcəyini formalaşdırır.
Çin düşüncəsində “Səmanın mandatı”…
Çin sivilizasiyasında məsələ başqa formada ortaya çıxır. İnsan zehninin məhsulu olan qədim Çin siyasi-fəlsəfi düşüncəsində Tianming — “Səmanın mandatı” anlayışı hökmdarın hakimiyyətinin mənəvi legitimliyini izah edirdi.
“Stanford Encyclopedia of Philosophy”-nin məlumatına görə, qədim Çin düşüncəsində “Səma” insan cəmiyyətinin mənəvi vəziyyətinə biganə olmayan bir anlayış kimi təqdim edilirdi. “Səma insanların gördüyünü görür, insanların eşitdiyini eşidir” fikri hökmdarın xalq qarşısında məsuliyyətini vurğulayan klassik formulalardan biridir. Bu çox mühüm ideyadır. Çünki burada hökmdarın hakimiyyəti mütləq və toxunulmaz hesab edilmir. Hökmdar zülm edirsə, mənəvi legitimliyini itirə bilər.
Deməli, qədim Çin siyasi fəlsəfəsi də müəyyən mənada bu sualı verirdi:
Hakimiyyət sahibinin əməllərinin ondan yuxarıda dayanan bir mənəvi ölçüsü varmı?
Cavab müsbət idi…
Konfutsiçilikdə məsuliyyət…
Konfutsiçilik isə əxlaqı daha çox insanın münasibətləri və sosial rolları üzərindən qurur. Ata ata kimi, övlad övlad kimi, hökmdar hökmdar kimi, məmur məmur kimi davranmalıdır. Əsas anlayışlardan biri ren — insanpərvərlik, insaniyyət ideyasıdır. Burada əxlaq yalnız “mən cəzalanacağam” qorxusuna əsaslanmır. İdeal insan yaxşılığı yalnız cəhənnəmdən qorxduğu üçün etmir. O, yaxşılığın özünü insan olmağın mahiyyəti hesab edir. Bu, İslam əxlaqı ilə tam eyni deyil, lakin mühüm paralel yaradır:
Həqiqi əxlaq yalnız polis nəzarəti ilə yaranmamalıdır. İnsan polis görmədiyi yerdə də oğurluq etməməlidir. Məhkəmə onu görmədiyi yerdə də rüşvət almamalıdır. Heç kim bilmədiyi halda da insan başqasının haqqını yeməməlidir.
İslam bunu daha yüksək səviyyəyə qaldıraraq deyir:
Sən gizlində də tək deyilsən — Allah səni görür…
Çin buddizmi: əxlaqi nəticədən qaçış yoxdur…
Buddizm Çinə daxil olduqdan sonra yerli Çin düşüncəsi ilə qarşılıqlı təsirə girdi. Çin buddizminin müxtəlif məktəblərində karma, əxlaq, əzab və azadlıq məsələləri mühüm yer tutdu. “Stanford Encyclopedia of Philosophy” Çin Buddizminin daoizm və digər yerli düşüncə ənənələri ilə qarşılıqlı inkişaf etdiyini qeyd edir. Burada da insanın hərəkətləri mənəvi nəticədən ayrı düşünülmür.Yəni müxtəlif sivilizasiyaların böyük fəlsəfi sistemləri fərqli metafizik cavablar versələr də, eyni sualla qarşılaşırlar:
Əgər insanın əməllərinin heç bir son nəticəsi yoxdursa, onda yaxşılıq və pisliyin obyektiv mənası haradan gəlir?..
Zərdüştilikdə daha bir maraqlı paralel…
Qədim İran və Azərbaycanın zərdüşti ənənəsində isə bu mövzu daha açıq esxatoloji xarakter alır. “Encyclopaedia Iranica”-nın izahına görə, Zərdüşti esxatologiyada son mərhələ dünyadakı mənəvi mübarizənin yekunlaşması, xeyirin qələbəsi və insan əməllərinin mühakimə edilməsi ilə əlaqələndirilir. Orada son vəziyyət bir növ ədalət məhkəməsi kimi təsvir olunur: salehlər mükafatlandırılır, pislər isə cəzalandırılır. Bu xüsusilə maraqlıdır. Çünki Zərdüşti düşüncəsində də dünya həyatında mövcud olan ədalətsizlik son reallıq hesab edilmir. Dünyadakı mənəvi qarışıqlıq son mərhələdə aradan qaldırılacaq…
Deməli, qədim İran və Azərbaycan dini düşüncəsində də belə bir fikir mövcuddur:
Şərin bu dünyada qalib görünməsi onun son qalib olduğu anlamına gəlmir…
Eyni sual - fərqli cavablar…
Beləliklə, səmavi, yəni Yaradan tərəfindən nazil edilmiş İslam, yəhudi və xristian ənənəsi və qeyri-səmavi, yəni insan düşüncəsinin məhsulu olan zərdüştilik, hinduizm, buddizm və Çin fəlsəfələrini eyni din kimi təqdim etmək, əlbəttə, düzgün olmaz. Onların Tanrı, ruh, ölüm, yenidən doğuluş, qurtuluş və son taleyə dair təsəvvürləri bir-birindən ciddi şəkildə fərqlənir.
Lakin insanlıq tarixində təkrar-təkrar ortaya çıxan bir sual var:
Niyə insan yaxşılıq etməli və pislikdən çəkinməlidir, xüsusilə də heç kimin onu görmədiyi halda?..
Bir qrup cavab verir:
“Çünki Allah görür…”
Başqa ənənə deyir:
“Çünki karma nəticə doğurur…”
Digəri deyir:
“Çünki Səmanın mənəvi nizamı var...”
Başqası deyir:
“Çünki insan öz davranışı ilə mənəvi və sosial harmoniya qurur...”
Amma bunların hamısında bir ümumi intuisiya var:
İnsan öz əməllərindən tamamilə ayrıla bilməz.
Bəs cinayətkar nə düşünür?..
İndi yenidən əsas mövzuya qayıdaq. Bir insan oğurluq edir və deyir: “Tutulmasam - problem yoxdur…”
Başqası rüşvət alır: “Heç kim bilməyəcək…”
Digəri dövlət sərvətini mənimsəyir: “Vəzifəm var, mənə heç nə edə bilməzlər…”
Diktator deyir: “Mənim polisim, ordum, pulum var...”
Terrorçu deyir: “Tarix məni qəhrəman kimi yazacaq…”
Müharibə cinayətkarı deyir: “Qalib gəlsəm, məni heç kim mühakimə etməyəcək…”
Bu cümlələrin hamısında ortaq, amma yanlış bir fərziyyə var: “Son hökm insanlardan asılıdır…”
Axirət inancı isə deyir: Xeyr. Son hökm insanlardan asılı deyil.
Polis sənin əməlini görməyə, yaxud görməzliyə qoya bilər…
Prokuror sənə toxunmaya bilər…
Hakim səni mühakimə etməyə bilər...
Dövlət səni qoruya bilər…
Pulun səni xilas edə bilər…
Vəzifən sənə toxunulmazlıq verə bilər…
Amma bunların heç biri ilahi hesabı ləğv etmir…
Ən böyük illüziya..
Bəlkə də insanın ən böyük mənəvi yanılması budur: “Mən cəzalandırılmadım, deməli, günahımın nəticəsi yoxdur…”
Xeyr. Cəzasız qalmaqla günahsız olmaq eyni şey deyil. Məhkəmədən azad edilməklə əməldən azad olmaq eyni şey deyil…
Tarix tərəfindən unudulmaqla Allah tərəfindən unudulmaq eyni şey deyil. İslamın Axirət doktrinası məhz bu fərqi ortaya qoyur.
Dünyəvi məhkəmə “sübut edilə bilən cinayət” üzərində işləyir… İlahi məhkəmə isə insanın həqiqi əməllərini əsas götürür…
Və burada çox ağır bir məntiq ortaya çıxır: əgər Allah mütləq ədalət sahibidirsə, onda Axirətdə heç bir cinayətin, heç bir zülmün və heç bir haqsızlığın “itib getməsi” mümkün deyil… Əgər Axirət yoxdursa, dünyada cəzasız qalan saysız-hesabsız cinayətlərin son ədalətini izah etmək üçün başqa bir əsas tapmaq lazımdır. Əgər Axirət varsa, onda insanın bu dünyadakı gücü yalnız müvəqqəti xarakter daşıyır. Bu halda dünyanın ən qüdrətli diktatoru ilə ən kasıb məzlumunun qarşısında eyni həqiqət dayanır:
İkisi də hesab verəcək.
Milyarder də…
Kasıb da…
Prezident də…
Əsgər də…
General da…
Məmur da…
Şirkət sahibi də…
Jurnalist də…
Alim də…
Terrorçu da…
Adi vətəndaş da…
Çünki Axirətin əsas prinsipi insanların statusuna deyil, əməllərinə əsaslanan məsuliyyətdir.
Bəs bu, “Allahla qorxutmaq”dırmı?..
Bəziləri deyə bilər ki, bütün bunlar insanları cəzalandırmaq qorxusu ilə idarə etməkdən başqa bir şey deyil. Amma məsələ yalnız qorxu deyil. Əgər uşağını öldürən şəxsin cəzasız qalması sizi narahat edirsə, deməli, siz də hansısa formada ədalətin mövcud olmasını tələb edirsiniz. Əgər soyqırımının müəllifinin rahat ölməsi sizə ədalətsiz görünürsə, deməli, sizin ədalət anlayışınız ölümün sərhədindən daha böyükdür. Əgər bir insanın bütün sərvəti oğurlanır və siz onun haqqının qaytarılmasını tələb edirsinizsə, deməli, haqq anlayışını sadəcə fiziki gücə bağlamırsınız.
Axirət inancı bu intuisiya üzərində qurulan ən radikal cavablardan biridir:
Heç bir haqq son nəticədə itmir...
II hissənin nəticəsi…
Hindistanın karma və yenidən doğuluş fəlsəfələri, buddizmin əməllərin nəticəsi haqqında təlimi, qədim Çin düşüncəsində səmanın mənəvi hakimiyyəti, Zərdüştilikdə son mühakimə və dünyanın yenilənməsi, yəhudi-xristian ənənəsində dirilmə və hökm, İslamda isə Qiyamət, hesab, Cənnət və Cəhənnəm fərqli sistemlərdir. Lakin hamısı insanı bir şəkildə eyni mənəvi uçurumun qarşısına gətirir:
Əməllərin nəticəsi varmı?..
İslamın cavabı isə son dərəcə qətidir:
Bəli…
Hətta insanın heç bir dünyəvi məhkəmənin qarşısına çıxmadığı halda belə. Hətta bütün sübutları məhv etdiyi halda belə. Hətta dövlət onu qoruduğu halda belə. Hətta tarix onu unutduğu halda belə. Hətta özü “mən qalib gəldim” düşünərək öldüyü halda belə…
Çünki İslama görə ölüm hesabın sonu deyil, hesaba aparan qapıdır...
Və burada növbəti sual meydana çıxır:
Əgər dövlət kasıb insanın bir çörək oğurlamasını cinayət sayıb onu həbs edə bilirsə, bəs milyardlarla sərvəti mənimsəyən, xalqın haqqını yeyən, rüşvət alan, dövlət büdcəsini talayan və insan həyatını məhv edən varlı və vəzifəli şəxsin Allah qarşısında cəzasız qalacağını düşünmək nə dərəcədə məntiqlidir?..
Daha da sərt sual:
Əgər Allah belə böyük zülmləri heç bir şəkildə cəzalandırmasa, onda “Allah mütləq ədalət sahibidir” deməyin özü necə əsaslandırıla bilər?..
(Davamı var)
Sultan Laçın