Məlum olduğu kimi, Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin olunub.
Şübhəsiz, DİN-nin Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə etməsi Azərbaycan polisinin beynəlxalq miqyasda əldə etdiyi tarixi uğurdur. Bu uğur DİN-in AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm perspektiv vəd edir. DİN-nin əldə etdiyi bu status transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün də ciddi zəmin formalaşdırır. Hansı ki, müasir dünyamızda məlum problemlər qarşı birgə mübarizənin zəruriliyi, bu məsələdə qlobal həmrəyliyin vacibliyi bütün dövlətlər tərəfindən qəbul edilən reallıqlardan biridir.
DİN-nin Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə etməsi yalnız Azərbaycan polisinin, sözügedən nazirliyin uğuru deyil. Bu, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının uğurudur. Bu, ölkəmizin hüquq-mühafizə orqanlarının beynəlxalq aləmdə artan nüfuzundan, qlobal səviyyədə artan peşəkarlığından, müasir tələb və gözləntilərə yüksək səviyyədə cavab vermək qabiliyyətindən xəbər verir. Bu fakt sübut edir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi daxili işlər orqanları dinamik şəkildə inkişaf etməkdə, sürətlə modernləşməkdə, dünyanın ən güclü, qabaqcıl dövlətlərinin hüquq-mühafizə orqanları ilə eyni pillədə qərarlaşmaqdadır.
DİN-nin Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə etməsi faktı Azərbaycan polisinin bu gün olduğu kimi gələcəkdə də beynəlxalq miqyasda böyük uğurlar əldə edəcəyini söyləməyə imkan verir. Əminliklə demək olar ki, DİN yaxın gələcəkdə qlobal səviyyədə əldə etdiyi yeni uğurlarla xalqımızı sevindirəcək, qanunlarımızın keşiyində eyni qətiyyət və əzmlə dayanmaqla cinayətkarlıqla mübarizədə yeni nailiyyətlərə imza atacaq.
Seymur ƏLİYEV