“Allah göyləri və yeri haqq olaraq yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın və onlara zülm edilməsin...”- Qurani-Kərim
“(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!..”
“Əgər bir cinayətkar düşünürsə ki, dünyadakı polisə, məhkəməyə, siyasi sistemə və ictimaiyyətə müəyyən yollarla qalib gələ bilər və ölüm onun bütün məsuliyyətini də özü ilə aparacaq, onda qarşısında hansı son maneə qalır?..”
“Sənin gözünün qarşısında cansız görünən torpaqda yenidən həyat meydana gəlirsə, bütün canlılığı ilk dəfə yaradan Allah üçün insanın yenidən yaradılması niyə qeyri-mümkün sayılsın?”
*** *** **** *** ***
Ölüm hər şeyin sonudurmu?..
Yer üzündə hər gün bir-birindən ağır cinayətlər törədilir. İnsan insanı öldürür, dövlət dövlətə hücum edir, diktatorlar xalqların taleyini dəyişir, milyonlarla insan müharibələrdə evindən didərgin düşür, milyardlarla vəsait mənimsənilir, günahsız insanlar siyasi və dini səbəblərlə həbs edilir, işgəncələrə məruz qalır. Bütün bunların qarşısında insanın ağlına qaçılmaz bir sual gəlir:
Əgər ölüm hər şeyi bitirirsə, onda ədalət harada tamamlanır?..
Bir cinayətkar məhkəmədən qaçırsa, hakimdən gizlənirsə, siyasi toxunulmazlıq əldə edirsə və ömrünün sonuna qədər törətdiyi cinayətlərə görə cəza almırsa, onunla qurbanının aqibətini necə “mütləq ədalət” adlandırmaq olar?..
Əgər hər şey qəbiristanlıqda bitirsə, onda insanlığın minilliklərdir axtardığı son ədalət yalnız bir arzu olaraq qalır. Məhz burada Axirət inancı sadəcə dini etiqad məsələsi olmaqdan çıxaraq fəlsəfi problemə çevrilir.
Allah varsa, hesab günü niyə olmasın?..
Meneviyyat.az-da dərc olunan “Axirətin varlığının dəlilləri” materialında ilk arqument Allahın əzəli və əbədi olması ilə Axirət anlayışı arasında əlaqə üzərində qurulur. Məqalənin məntiqinə görə, Allahın varlığını və əbədiliyini qəbul edən insan üçün əbədiyyət anlayışı yad və mümkünsüz bir anlayış olmamalıdır. Lakin burada daha diqqətli fəlsəfi formul qurmaq lazımdır.
Allahın əbədi olması öz-özlüyündə insanın da əbədi olmasını məntiqi olaraq sübut etmir. İslam teologiyasının iddiası bundan daha konkretdir: Allah insanı ölüm ilə tamamilə yox olmaq üçün deyil, müəyyən məqsədlə yaradıb və insanın sonrakı həyatı ilahi vəhy vasitəsilə bildirilib.
Quranda bu fikir çox açıq ifadə edilir:
“Məgər insan elə güman edir ki, Biz onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Əksinə, Biz onun barmaqlarının uclarını belə düzəltməyə qadirik...”
Bu, “Qiyamət” surəsinin 3-4-cü ayələridir. Burada diqqətçəkən məqam insanın “öləndən sonra necə yenidən yaradılacağı” sualına verilən cavabdır: insanı ilk dəfə yaradan qüvvə üçün onu yenidən yaratmaq qeyri-mümkün deyil.
Quranın “Əl-Casiyə” surəsinin 45-ci ayəsində isə məsələnin mahiyyəti daha da dəqiq qoyulur:
“Allah göyləri və yeri haqq olaraq yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın və onlara zülm edilməsin.”
Burada Axirət yalnız “ölümdən sonrakı həyat” kimi deyil, mənəvi ədalətin tamamlanması kimi təqdim olunur.
Ana bətnindən dünyaya: insanın bilmədiyi aləm...
Meneviyyat.az-ın mövzu ilə bağlı materialında maraqlı bir analogiya qurulur: ana bətnindəki insanın dünya haqqında heç bir təsəvvürünün olmamasına baxmayaraq, müəyyən müddətdən sonra tamamilə başqa mühitə keçməsi. Məqalənin müəllifi bunu ölümün də başqa bir aləmə keçid ola bilməsi fikrini düşündürən analogiya kimi təqdim edir. Əlbəttə, bu elmi sübut deyil. Amma fəlsəfi analogiya kimi maraqlıdır...
Ana bətnindəki döl üçün onun yaşadığı mühit bütün “reallıq” kimi görünə bilər. Halbuki həmin mühit insan həyatının son mərhələsi deyil. Oradan çıxmaq məhv olmaq deyil, başqa bir həyat mərhələsinə keçməkdir...
İnsanın doğulmazdan əvvəl dünya haqqında heç bir şəxsi təcrübəyə malik olmaması onun sonradan dünyaya gəlməsinə mane olmadı. Eyni məntiqi Axirətə tətbiq edən dini düşüncə belə soruşur:
İnsan bir aləmdən digərinə keçə bilirsə, niyə ölümün mütləq yoxluq olması məcburi qəbul edilməlidir?..
Burada söhbət “ana bətnindən çıxış Axirəti elmi cəhətdən sübut edir” deməkdən getmir. Sadəcə, “insanın təcrübə dairəsində olmayan bir aləmin mövcudluğu məntiqən qeyri-mümkündür” arqumentinin zəifliyinə diqqət çəkilir...
Təbiət hər yaz “ölüb-dirilmə” səhnəsi göstərir...
Meneviyyat.az məqaləsində ikinci böyük xətt təbiətdəki yenilənmə prosesləridir.
Qurumuş toxum torpağa düşür. Bir müddət zahirən cansız qalır. Sonra su, temperatur və digər şərtlərin təsiri ilə cücərir və tamamilə yeni görünüşdə bitkiyə çevrilir. Qışdan sonra təbiət yenidən canlanır. Bu hadisələr, əlbəttə, biologiyada ölümdən sonra insanın dirilməsi sübutu deyil. Toxumun cücərməsi ilə insanın Axirətdə dirilməsi eyni bioloji hadisə deyil. Amma Quran özü təbiətin bu dövri yenilənməsini insanın dirilməsini düşünmək üçün nümunə kimi təqdim edir.
Quranda dəfələrlə “ölü torpağın dirildilməsi” insanın dirilməsinə analogiya kimi göstərilir. Bu arqumentin məntiqi belədir:
“Sənin gözünün qarşısında cansız görünən torpaqda yenidən həyat meydana gəlirsə, bütün canlılığı ilk dəfə yaradan Allah üçün insanın yenidən yaradılması niyə qeyri-mümkün sayılsın?”
Bu, laboratoriya sübutu deyil; ilahiyyatın yaradılışdan çıxardığı metafizik nəticədir.
“İlk dəfə yaratmaq çətindir, yoxsa yenidən?..”
Quran bu arqumenti daha sərt formada da irəli sürür.
İnsan ölümündən sonra bədəninin torpağa qarışacağını düşünür və deyir: “Bu sümükləri kim dirildəcək?”
Qurandakı cavab isə belədir:
“Onları ilk dəfə Yaradan dirildəcək.” (Yasin, 79)
Bu məntiq müasir insan üçün də düşündürücüdür.
Əgər kainatda mövcud olan maddədən ilk dəfə insan orqanizmi, beyin, sinir sistemi, yaddaş, görmə, eşitmə və şüur kimi mürəkkəb sistemlər meydana gəlibsə, “yenidən yaratmaq” anlayışını Allahın qüdrəti baxımından mümkünsüz saymaq hansı əsasla mümkündür?.. Fəlsəfi baxımdan da bu, klassik “yaradılış və səbəb” müzakirəsinə bağlanır.
Müasir fəlsəfədə kosmoloji arqumentin müxtəlif formaları mövcuddur. Onlardan biri mövcudluğun şərti və asılı varlıqlarının son izahının zəruri bir varlığa bağlanmasını müdafiə edir. Bu arqument mübahisəsiz sübut deyil, ciddi fəlsəfi arqumentlər ailəsinin bir hissəsidir. Buradan Axirətə avtomatik keçid etmək olmaz. Lakin belə bir fəlsəfi nəticə ortaya çıxır:
Kainatın və insanın mövcudluğu özü izaha ehtiyac duyursa, ölümün insan varlığının mütləq və mənasız sonu olduğu da ayrıca əsaslandırılmalıdır.
Ruh məsələsi: elm nə bilir, nəyi bilmir?..
Meneviyyat.az materialında ruhun maddi olmayan varlıq olması və yuxu, xəyal və şüur təcrübələrinin buna işarə etməsi irəli sürülür. Məqalə düzgün olaraq da qeyd edir ki, ruhun mahiyyəti haqqında insanın biliyi son dərəcə məhduddur. Lakin burada da elmi sərhədi qorumaq lazımdır.
Yuxu və xəyalın mövcudluğu ruhun müstəqil, maddi olmayan substansiya olduğunu elmi şəkildə sübut etmir. Müasir nevrologiya yuxu və şüur hadisələrinin beyin fəaliyyəti ilə sıx əlaqəsini göstərir.
Bununla belə, fəlsəfi problem hələ də qalır:
Şüur nədir?..
İnsan beynində elektrik və kimyəvi proseslərin baş verməsini təsvir etmək başqa şeydir, “mən” təcrübəsinin mahiyyətini tam izah etmək isə başqa...
Din fəlsəfəsində də “mind-p problem” və şəxsi identiklik məsələləri Axirət müzakirəsinin mərkəzi problemlərindəndir. “Stanford Encyclopedia of Philosophy” nəşrinin “Afterlife”(ing.- “Ölümdən sonrakı həyat” məqaləsi göstərir ki, ölümdən sonrakı mövcudluq məsələsi həm dualizm, həm materializm, həm də dirilmə modeli baxımından ciddi fəlsəfi müzakirə mövzusudur...
Deməli, elm bu gün “ruh mütləq mövcuddur və insanın ölümündən sonra yaşayır” hökmünü vermir. Amma elm də “ölümdən sonra şüurun hər hansı formada mövcudluğu prinsipcə qeyri-mümkündür” nəticəsini sübut etmiş deyil. Bu fərq çox vacibdir...
İnsan niyə əbədiyyət istəyir?..
Meneviyyat.az materialının daha maraqlı arqumentlərindən biri də budur: insanın öz varlığının davam etməsini istəməsi. Məqalənin müəllifi bunu insanın daxilindəki əbədiyyət arzusunun onun real qarşılığının ola biləcəyinə işarə kimi təqdim edir. Burada isə yenə fəlsəfi ehtiyat lazımdır...
İnsanın nəyisə çox istəməsi həmin şeyin obyektiv olaraq mövcudluğunu sübut etmir. İnsan ölmək istəmir. Amma bu, onun fiziki olaraq ölməz olduğunu sübut etmir. Lakin məsələ başqa tərəfdən maraqlıdır...
İnsan yalnız “yaşamaq” istəmir...
O, ədalət istəyir...
Haqqının itməsini istəmir...
Zülmün cəzasız qalmasını istəmir...
Sevdiyi insanı itirəndə “hər şey bitdi” fikri ilə barışmaqda çətinlik çəkir...
Bu mənəvi duyğular insanın dünyanı yalnız fiziki hadisələr toplusu kimi qəbul etmədiyini göstərir.
Din fəlsəfəsində məhz bu nöqtədən mənəvi arqumentlər inkişaf edir. “Stanford Encyclopedia of Philosophy” qeyd edir ki, bəzi fəlsəfi arqumentlər obyektiv mənəvi həqiqətlərin və insanın mənəvi təcrübəsinin ən yaxşı izahını Tanrı anlayışı ilə əlaqələndirir.
Ən güclü “arqument”: cəzasız qalan cinayətlər...
Bəlkə də Axirətə dair ən ciddi sual kosmosun quruluşu və ya toxumun cücərməsi deyil. Ən ciddi sual ədalətdir...
Təsəvvür edin:
Bir diktator minlərlə insanın ölümünə səbəb olur və məhkəmə qarşısına çıxmadan ölür...
Bir korrupsioner dövlətin sərvətini mənimsəyir və ömrünün sonuna qədər rahat(hər halda zahirən belə görünür-S.L.) yaşayır...
İnsanlara ürəyi istəyən cürbəcür cəza və işgəncələr verən və ya verdirən şəxs sonda hətta qurbanlarını tamamilə məhv edir, lakin özü heç vaxt bunlara görə cavab vermir...
Bir insanın bütün ailəsi məhv edilir, cinayətin müəllifi isə siyasi himayə altında yaşayır və ölür...
Bu hadisələrin hər birində dünya məhkəməsi uğursuz ola bilər.
Bəs ilahi məhkəmə?..
Qurani-Kərimin təqdim etdiyi dünya mənzərəsində məhz bu səbəbdən Axirət zəruri mənəvi nəticə kimi çıxış edir: “hər kəs qazandığının əvəzini alsın və onlara zülm edilməsin.”
Bu, çox mühüm bir fikirdir:
Axirət yalnız günahkarın cəzalandırılması üçün deyil, qurbanın haqqının tam bərpa edilməsi üçün də lazımdır. Bu fikir yalnız İslamda yoxdur...
Axirət və son mühakimə ideyası yalnız Quranın təqdim etdiyi bir konsepsiya deyil.
Yəhudi müqəddəs mətnlərində (İbrani Bibliyası, “Danielin kitabı, 12:2) ölülərin dirilməsi və onların müxtəlif son aqibətlərlə qarşılaşması haqqında danışılır. Xristian Əhdi-Cədidində isə (Yəhya 5:28-29) məzarlardakı insanların diriləcəyi və yaxşılıq edənlərlə pislik edənlərin fərqli nəticə ilə qarşılaşacağı bildirilir.
Talmud ənənəsində də dirilmə və “gələcək dünya” məsələsi geniş müzakirə olunur.
Deməli, ölümün son olmadığı və insanın əməllərinə görə gələcəkdə cavab verəcəyi düşüncəsi Yaxın Şərq dini düşüncəsinin böyük bir hissəsində dərin köklərə malikdir.
Bəs Avesta?..
Bu mövzu daha da maraqlı olur, çünki qədim İran dini ənənəsində də son hadisələr və ölüm sonrası taleyə dair inkişaf etmiş təsəvvürlər mövcuddur. “Encyclopaedia Iranica”(İran ensiklopediyası)-nın məlumatına görə, zərdüşti esxatologiyada fərdi ruhun ölümdən sonrakı taleyi ilə yanaşı, dünyanın sonrakı taleyi də mühüm yer tutur. Son mərhələdə ölülərin dirilməsi, son mühakimə və dünyanın yenilənməsi haqqında təsəvvürlər formalaşıb...
Zərdüşti ənənəsində “Frašō.kərəti” dünyanın son yenilənməsi, şərin məğlub edilməsi və yaradılışın bərpa olunması ideyasını ifadə edir. Sonrakı mətnlərdə dirilmə və insanların əməllərinə görə mühakimə olunması bu esxatoloji sistemin mühüm hissəsinə çevrilir.
Bu baxımdan diqqətçəkən paralel ortaya çıxır:
İnsanlıq müxtəlif dini ənənələrdə ölümün son olmadığını və şərin son nəticədə məğlub ediləcəyini təsəvvür edib.
Əlbəttə, bu oxşarlıqlar həmin dinlərin bir-birindən necə təsirləndiyi məsələsini avtomatik həll etmir. “Encyclopaedia Iranica” özü zərdüşti esxatologiyanın sonrakı yəhudi və xristian esxatoloji təsəvvürlərinə mümkün təsiri barədə elmi müzakirələrə diqqət çəkir.
Dünya “məktəb” və “tarla”dırmı?..
Meneviyyat.az məqaləsinin son və mühüm tezisi budur: dünya son dayanacaq deyil. Orada dünya “məktəb”, “bazar” və “tarla” metaforaları ilə izah olunur: insan burada öyrənir, seçim edir, əməllərini “əkir”; Axirətdə isə onların nəticəsi ilə qarşılaşır... Bu metaforanın gücü ondadır ki, o, dünyadakı bütün ziddiyyətləri başqa cür oxumağa imkan verir.
Niyə yaxşı insan əziyyət çəkir?..
Niyə pis insan bəzən firavan yaşayır?..
Niyə günahsız uşaq xəstəlikdən ölür?..
Niyə zalım hakimiyyət illərlə davam edir?..
Əgər dünya imtahan və proses mərhələsidirsə, bu sualların hamısına son cavabın məhz bu dünyada verilməsi tələb olunmur. Əgər dünya son məhkəmə salonu deyil, burada verilən bütün qərarların yekun qərar olması da gözlənilmir...
Əgər dünya tarladırsa, məhsulun hamısının elə həmin gün biçilməməsi təbiidir...
Və ən ağır sual...
İndi məsələnin ən mühüm nöqtəsinə gəlib çıxırıq. Əgər insan Allahın varlığına inanırsa, amma Allah qarşısında hesaba çəkiləcəyinə inanmırsa, bu inancın əxlaqi nəticəsi nə olur?..
Əgər bir cinayətkar düşünürsə ki, dünyadakı polisə, məhkəməyə, siyasi sistemə və ictimaiyyətə müəyyən yollarla qalib gələ bilər və ölüm onun bütün məsuliyyətini də özü ilə aparacaq, onda qarşısında hansı son maneə qalır?..
Əksinə, insan həqiqətən inanırsa ki:
“Heç kəs məni görməsə də, Allah görür...”
“Heç bir məhkəmə məni mühakimə etməsə də, hesab günü var...”
“Heç bir sənəd mənim cinayətimi sübut etməsə də, heç bir əməl Allahdan gizli deyil...”
onda mənəvi məsuliyyət anlayışı tamamilə dəyişir.
İslam teologiyasında Axirət inancının əsl gücü də məhz buradadır. Bu, sadəcə “öləndən sonra başqa həyat olacaq” fikri deyil. Bu, “sən etdiyin heç bir əməldən qaça bilməyəcəksən” prinsipidir.
Quranın dili ilə desək, insan zərrə qədər yaxşılığı da, zərrə qədər pisliyi də görəcək. “Qiyamət” surəsi isə insanın yenidən yaradılmasını Allahın qüdrəti baxımından mümkün hesab edir...
Beləliklə, Meneviyyat.az materialında irəli sürülən ana bətnindən dünyaya keçid, təbiətdə yenilənmə, yaradılışdakı nizam, insanın əbədiyyət arzusu və dünyanın “məktəb/tarla” olması kimi arqumentlər daha böyük bir teoloji-fəlsəfi mənzərənin hissələrinə çevrilir.
Əgər bu dünya son məhkəmə deyilsə, deməli, son məhkəmə hələ qarşıdadır.Və bu bizi növbəti, daha sərt suala gətirir:
Əgər Axirətdə həqiqətən hesab varsa, onda dünyada milyonlarla insanın ölümünə səbəb olan diktatorların, soyqırımı törədənlərin, müharibə cinayətkarlarının, böyük korrupsiya və talançılıq əməliyyatlarının müəlliflərinin və insanların həyatını məhv edib dünyəvi ədalətdən qaçanların qarşısında hansı hökm dayanır?..
(Davamı var)
Sultan Laçın