Açıqlamada 4 il öncə baş vermiş olaydan danışılıb... -Politoloq
2657
07 Sep 2026 | 12:27

Açıqlamada 4 il öncə baş vermiş olaydan danışılıb... -Politoloq "Həkəri körpüsündəki qarşıdurma"ya münasibət bildirdi...

Xəbər verdiyimiz kimi, Ermənistanın rusiyapərəst və revanşist dairələrinin himayə etdiyi “Aravot” qəzeti  Sünik(Zəngəzur ərazisi) vilayətinin Azərbaycan Respublikasının Laçın rayonu ilə  həmsərhəd Tex(Dığ) icması rəhbərinin müavini, Kornidzor kəndinin rəhbəri vəzifəsini icra edən Suren Amaryana istinadla yazıb ki, guya Həkəri körpüsü, yəni  "Laçın" sərhəd-keçid məntəqəsi yaxınlığında delimitasiya ilə bağlı problem var. Amaryanın sözlərinə görə, guya Azərbaycan tərəfi irəliləmək istəyir, Ermənistan tərəfi isə buna imkan vermir. O, ərazidə atəş açılmadığını və məsələ ilə sərhəd qoşunlarının məşğul olduğunu bildirib.

Məlumatdan bir neçə saat sonra Dığ kənd icması rəhbəri Həkəri körpüsü yaxınlığında Azərbaycan tərəfinin irəliləməyə çalışması və bunun Ermənistan sərhədçiləri tərəfindən qarşısının alınması barədə yayılan məlumatı təkzib edib.

Bu haqda Ermənistan hakimiyyət dairələrinə yaxın “Armtimes” nəşri məlumat yayıb. Nəşr Tex icmasının açıqlamasına istinadla yazıb ki, “Aravot” qəzetinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Tex icmasının yaydığı açıqlamada bildirilir ki, Suren Amaryana səhər saatlarında yaxınlaşan şəxslər özlərini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları kimi təqdim ediblər. Sonradan isə onların “Aravot” qəzetinin əməkdaşları olduğu məlum olub.
 
İcma administrasiyası həmçinin qeyd edib ki, Amaryanın söhbət zamanı bəhs etdiyi hadisə 4 il öncə baş verib. Hazırda isə Həkəri körpüsü yaxınlığında hər hansı irəliləmə, sərhədi keçmək cəhdi və ya buna bənzər insident qeydə alınmayıb. Vəziyyət tam sabitdir...

Moderator.az da səhər saatlarında bu haqda məlumatın tərcüməsini Azərbaycan türkcəsində təqdim edib( burada:).

Ancaq görünür, deyilən ərazi ilə fikir ayrılıqları hələ də bu günədək qalır. Və revanşist, rusiyapərəst dairələr bundan yararlanaraq  iki ölkə arasındakə sərhəddə süni gərginlik yaratmağa cəhd göstərirlər. 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Oqtay Qasımov aşağıdakı fikirləri səsləndirib:

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi artıq iki ildən çoxdur davam edir:

“Əldə olunmuş razılaşmaya əsasən, proses Qazax bölgəsindən başlayaraq Araz çayına qədər ardıcıl şəkildə davam etdirilməlidir. Gorus ərazisində kəndlərdən birinin nümayəndəsinin Həkəri körpüsü ətrafında müəyyən fikir ayrılıqlarının olması ilə bağlı açıqlamasına gəlincə, sizin çalışdığınız saytda da məlumat verildiyi kimi, həmin xəbər sonradan erməni saytları tərəfindən təkzib edilib, həqiqətə uyğun deyil və əslində erməni icma nümayəndəsinin açıqlamasında 4 il bundan əvvələ aid hadisədən bəhs edilib. 

Ancaq ümumiyyətlə, delimitasiya və demarkasiya prosesində bu cür məsələlərin ortaya çıxması müəyyən mənada başadüşüləndir.

Çünki Azərbaycan-Ermənistan sərhədi kifayət qədər mürəkkəb relyefə malik coğrafiyada yerləşir. Bu baxımdan, sərhədin ayrı-ayrı hissələrinin müəyyənləşdirilməsi zamanı fikir ayrılıqlarının və müəyyən anlaşılmazlıqların yaranması mümkündür.

Lakin hesab edirəm ki, 13 kilometrlik ərazidə delimitasiya və demarkasiya prosesinin insidentsiz şəkildə həyata keçirilməsi, ortaya çıxan problemlərin müzakirələr yolu ilə həll olunması digər hissələr üçün də müsbət presedentdir.

Düşünürəm ki, prosesin digər istiqamətlərində də eyni yanaşma tətbiq olunacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, delimitasiya və demarkasiya ümumilikdə uzunmüddətli prosesdir. Burada hər bir məsələ, hər bir problem ayrıca müzakirə edilməli və nəticədə sərhəd xətti dəqiq müəyyənləşdirilməlidir.

Əlbəttə, bu məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışan qüvvələr Ermənistanda kifayət qədərdir. Lakin onların prosesə təsir imkanları kifayət qədər məhduddur. Biz bunu iki il əvvəl delimitasiya və demarkasiya prosesi başlayarkən də müşahidə etdik.

Həmin dövrdə müxtəlif etirazlar səsləndirilsə də, bunlar prosesin qarşısını ala bilmədi. Hesab edirəm ki, bundan sonra da oxşar etirazların delimitasiya və demarkasiya prosesinə ciddi təsir göstərməsi mümkün deyil.

Bu prosesə əngəl olmaq, onun qarşısını almaq mümkün deyil. Proses başa çatmalıdır. Hesab etmirəm ki, bu tipli məsələlər delimitasiya və demarkasiya prosesinə ciddi mənfi təsir göstərəcək. Proses öz axarında davam edəcək”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər