Hikmət Hacıyevin açıqlaması bu məsələdə nikbin olmağa əsas verir...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə jurnalistlərə müsahibəsində Azərbaycan və özbək dilləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Hər iki dil arasında ciddi yaxınlıq olduğunu bildirən Hikmət Hacıyev, səfərlər zamanı rəsmilərin öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyaalrından istifadə etdiyini, bu səylərin əksər hallarda özünü doğrutduğunu bildirib:
“Özbəkistana hər dəfə gələndə dilimizin yaxınlığını özüm üçün nə qədər kəşf edirəm.
...Özbək həmkarımla çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq. Bu, müəyyən dərəcədə özünü doğruldur. Bir-birimizi başa düşürük. Müvafiq terminoloji məsələlər olduqda bəzi hallarda rus dilində də danışırıq. Amma daha çox çalışırıq ki, özbək və Azərbaycan dillərinə üstünlük verək”.
Hikmət Hacıyevin bu açıqlaması Azərbaycan və Özbəkistan rəsmilərinin dialoq zamanı beynəlxalq dillərdən daha çox doğma ana dilinə üstünlük verdiyini, öz dillərində anlaşmağa cəhd etdiyini göstərir. Bu, türk dövlətləri arasındakı diplomatik münasibətlər sistemində müşahidə edilən ciddi və mütərəqqi bir yenilikdir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum açıqlaması, həm də türk dillərinin diplomatik danışıqlarda artmaqda olan rolundan xəbər verir. Bu fakt sübut edir ki, türk dilləri yaxın gələcəkdə ilk növbədə türkdilli dövlətlər arasında əsas ünsiyyət dili ola bilər. Hansı ki, bu, türk dillərinin nüfuzunun yüksəlməsinə, bunun regional və qlobal miqyasda müsbət nəticələr doğurmasına ciddi təkan verə bilər.
Gələcəkdə bu sahədə proseslərin hansı məcrada cərəyan edəcəyini dəqiq söyləmək mümkün olmasa da, türk dillərinin türk dövlət rəsmiləri arasında əsas ünsiyyət vasitəsinə çevriləcəyi ehtimalı yüksəkdir.
İstənilən halda Hikmət Hacıyevin sözügedən açıqlaması bu məsələdə nikbin olmağa əsas verir.
Ümid edək ki, yaxın gələcəkdə türk dilləri türk dövlətləri arasında əsas ünsiyyət dili olacaq və bu faktor türk xalqları arasındakı tarixi-mədəni birliyi daha da möhkəmləndirəcək, türk dilinin beynəlxalq aləmdəki nüfuzunu artıracaq.
Seymur ƏLİYEV