Kreml müdafiə sənayesi müəssisələrinə zərbə vurmaq üçün yerli cinayətkar qrupları cəlb edir – məqsəd NATO-nun reaksiyasını və “qırmızı xətlərini” yoxlamaqdır...
Qərb kəşfiyyat mənbələrinə görə, Rusiya Avropadakı silah və müdafiə sənayesi müəssisələrinə qarşı yeni sabotaj dalğasına başlayıb. İddialara əsasən, Kreml birbaşa Rusiya agentlərini göndərmək əvəzinə yerli cinayətkar qruplardan istifadə etməklə öz iştirakını mümkün qədər gizlətməyə çalışır.
Bu əməliyyatların əsas məqsədlərindən birinin NATO-nun reaksiyasını yoxlamaq olduğu bildirilir. Kəşfiyyat rəsmilərinin qənaətinə görə, hücumlar elə hesablanır ki, mümkün qədər ciddi zərər yaratsın, lakin NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə salınması üçün kifayət qədər açıq silahlı hücum təsiri yaratmasın.
Moderator.az bu haqda “The Telegraph”, “Reuters”, “AP”, “The Guardian”, NATO, Baltik və Rusiya mənbələrinə istinadla yazır.
Tallindəki yanğın və Latviyada saxlanılan üç nəfər
Son hadisələr bu ehtimalları xüsusilə Estoniyada baş vermiş insident fonunda gündəmə gətirib.
Avqustun 15-də gecə Tallində Ukraynaya hərbi təyinatlı robot sistemləri tədarük edən "Milrem Robotics" şirkətinin istifadə etdiyi binada yanğın baş verib. Estoniya Baş naziri Kristen Michal hadisənin mümkün sabotaj kimi araşdırıldığını və Rusiya izinin də istintaq versiyalarından biri olduğunu açıqlayıb.
Daha sonra Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (VDD) hadisə ilə əlaqədar 3 Latviya vətəndaşının saxlanıldığını açıqlayıb. Onların yaşayış və nəqliyyat vasitələrində axtarışlar aparılıb, elektron məlumat daşıyıcıları və yanğın törətmək üçün istifadə oluna biləcək əşyalar götürülüb. 3 şübhəli də sonradan həbs edilib.
Estoniya prokurorluğu yanğının əvvəlcədən planlaşdırılmış ola biləcəyini araşdırır. Lakin bu mərhələdə mühüm fərq var: "Milrem" hadisəsində Rusiyanın birbaşa iştirakı hələ sübut edilmiş fakt deyil, istintaq versiyasıdır. Rusiya tərəfinin “Sputnik” nəşri isə Estoniya rəhbərliyinin Moskvanı ittiham etməsini “sübutsuz” adlandırıb...
"Milrem Robotics"-in Ukraynaya göndərilən pilotsuz yerüstü sistemlər sahəsində fəaliyyət göstərməsi hadisəni daha həssas edir. “Reuters”in məlumatına görə, yanğın şirkətin Ukraynaya tədarük proqramını pozmayıb və istehsal-təchizat zəncirində ciddi fasilə yaranmayıb.
“Bu, ayrı-ayrı yanğınlar deyil” – Avropada daha geniş mənzərə...
Məsələ "Milrem" hadisəsi ilə bitmir. Son aylarda Avropanın müxtəlif ölkələrində Ukraynaya hərbi yardım göstərən və ya müdafiə məhsulları istehsal edən müəssisələrdə yanğınlar, partlayışlar və sabotaj şübhələri qeydə alınıb.
Bu hadisələrin hamısını avtomatik şəkildə Rusiyanın əməliyyatı kimi təqdim etmək düzgün olmaz. Məhz burada Qərb kəşfiyyatının “hibrid müharibə” ilə bağlı qiymətləndirmələri ilə ayrı-ayrı insidentlərin hüquqi araşdırması arasında fərq ortaya çıxır.
NATO-nun 2026-cı il üzrə illik hesabatını təqdim edən baş katib Mark Rutte Rusiyanı Avroatlantik məkanın təhlükəsizliyi üçün “ən mühüm və birbaşa təhdid” adlandırıb. O bildirib ki, Moskva son bir ildə hava məkanının pozulması, sabotaj, zərərli kiberfəaliyyət, siyasi müdaxilə və informasiya təhdidləri vasitəsilə Qərbin təhlükəsizliyini sınağa çəkib və cəmiyyətlərdə parçalanma yaratmağa çalışıb.
Bolqarıstan: Ukraynaya sursat verən zavodda partlayış...
Avqustun 10-da Bolqarıstanın Beliça kəndi yaxınlığında "EMCO" şirkətinə məxsus sursat anbarında güclü yanğın və ardınca partlayışlar baş verib.
İlkin məlumata görə, hadisə müəssisənin ərazisində yük maşınının yanması ilə başlayıb və alov sursat anbarlarına keçib. Ölən və yaralanan olmayıb.
"EMCO" rəhbərliyi insan səhvini istisna etdiyini bildirib. Bununla belə, Bolqarıstan prokurorluğu hadisənin bütün mümkün səbəblərini araşdırır: o cümlədən yanğın mənbəyinin qəsdən və ya təsadüfən gətirilməsi, istehsal komponentlərinin qəsdən dəyişdirilməsi, həmçinin təhlükəsizlik qaydalarının pozulması ehtimalları nəzərdən keçirilir.
Digər tərəfdən, "EMCO" meneceri hadisənin xarici müdaxilə nəticəsində baş verdiyini göstərən əsasların hazırda olmadığını bildirib.
Rusiya mediasında da hadisə barədə məlumat yayılıb. “Rossiyskaya qazeta” partlayışların yük maşınındakı yanğından sonra baş verdiyini yazıb və insidentin Ukraynaya silah tədarük edən "EMCO" zavodunda baş verdiyini qeyd edib.
Beləliklə, Bolqarıstan hadisəsində də Rusiya sabotajı versiyası ilə yanaşı, qəza və texniki səbəblər araşdırılır.
İtaliya: Romaya yaxın sursat zavodunda partlayış...
Avqustun 13-də Romadan kənarda - Kolleferroda "KNDS Ammo Italy" şirkətinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verib.
Partlayışdan əvvəl barıtın emal olunduğu bölmədə yanğın qeydə alınıb. Hadisə nəticəsində böyük göbələk formalı tüstü buludu yaranıb və partlayışın səsi ətraf ərazilərdə eşidilib. Zavodda olan 24 işçinin hamısının sağ olduğu bildirilib, xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.
Bu insidentin də Rusiya tərəfindən törədilmiş sabotaj olduğunu təsdiqləyən ictimaiyyətə açıq sübut yoxdur. Lakin onun vaxt baxımından "Milrem" və "EMCO" hadisələri ilə üst-üstə düşməsi Avropanın müdafiə sənayesinin təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.
Çexiyada dron zavodu, demək olar ki, məhv edilmişdi...
Daha əvvəl Çexiyanın Pardubitse şəhərində Ukrayna üçün dron və hərbi optika istehsal edən müəssisədə böyük yanğın baş vermişdi.
Hadisə zamanı zavodun istehsal sahələrinin demək olar ki, tamamilə məhv olduğu bildirilmiş, istintaq çərçivəsində 4 nəfər saxlanılmışdı. Hadisə ilə bağlı mümkün Rusiya əlaqəsi də araşdırılan versiyalardan biri olub.
Bu hadisə göstərir ki, söhbət yalnız son iki həftənin insidentlərindən getmir. Avropa təhlükəsizlik strukturlarının narahatlığı daha geniş proseslə bağlıdır.
Litvada isə Rusiya kəşfiyyatının izi barədə daha konkret ittiham var...
Litva işi bu mənzərənin başqa bir hissəsidir.
Litva hakimiyyəti 2024-cü ildə Ukrayna ordusuna radio-dalğa skanerləri tədarük edən müəssisəyə qarşı yandırma cəhdinin arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti – "QRU"-nun dayandığını açıqlayıb.
“Reuters”in məlumatına görə, İspaniya, Kolumbiya, Kuba, Rusiya və Belarus vətəndaşları daxil olmaqla altı nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb. Litva istintaqı həmin şəxslərin Rusiya ərazisində fəaliyyət göstərən qrupla əlaqəli olduğunu və əməliyyatlar üçün pul aldıqlarını bildirib.
Bu, “yerli icraçılardan istifadə” modelinin niyə Qərb kəşfiyyat orqanlarının diqqət mərkəzində olduğunu göstərən nümunələrdən biridir.
"QRU" artıq agentlərini Avropaya göndərməyə bilər...
“The Telegraph”ın istinad etdiyi Qərb kəşfiyyat qiymətləndirməsinə görə, Rusiyanın hərbi kəşfiyyatı GRU əvvəllər xaricdə əməliyyat keçirmək üçün peşəkar və yaxşı hazırlıqlı agentlərdən istifadə etdiyi halda, indi getdikcə daha çox cinayətkar qruplardan və internet vasitəsilə cəlb olunan şəxslərdən yararlanır.
Latviya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mežviets daha əvvəl “The Telegraph”a verdiyi müsahibədə "QRU" əməkdaşlarının Latviyaya fiziki olaraq gəlməsinin əvvəlki kimi müşahidə olunmadığını bildirmişdi.
Yeni model daha sadədir: Rusiya ərazisindəki kəşfiyyat əməkdaşı potensial icraçı ilə onlayn əlaqə yaradır, tapşırıq vasitəçi üzərindən ötürülür, icraçı isə konkret əməliyyatın arxasında kimin dayandığını heç vaxt bilməyə bilər.
Bu yanaşma Avropanın təhlükəsizlik qurumlarının digər hesabatlarında da öz əksini tapır. "Europol" 2025-ci il qiymətləndirməsində dövlətlə əlaqəli aktorların sabotaj, yanğın törətmə, kiberhücum və digər cinayət üsullarından istifadə edən kriminal şəbəkələrlə əməkdaşlığının artdığını qeyd edib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) avqustun 17-də dərc etdiyi təhlildə isə Avropada uzaqdan cəlb olunan “proksi”lərin – o cümlədən cinayətkar qrupların və hətta yeniyetmələrin – xarici kəşfiyyat xidmətlərinin əməliyyatlarında istifadəsinin artdığı vurğulanır.
“Disposable agents” – birdəfəlik istifadə olunan agentlər...
Britaniyanın "RUSI" araşdırmalarına əsaslanan “Sky News” da Rusiyanın Avropada “birdəfəlik agentlərdən” istifadə etdiyini yazıb.
Bu modeldə kəşfiyyat xidməti əməliyyatı birbaşa öz əməkdaşına həvalə etmir. Əvəzində internet vasitəsilə cəlb edilmiş şəxsə yanğın törətmək, obyektə zərər vurmaq, məlumat toplamaq və ya başqa bir tapşırıq verilir. İcraçı ifşa olunduğu halda Moskvanın həmin şəxslə əlaqəsini sübut etmək çətinləşir.
2025-ci ildə “Reuters”in araşdırması da oxşar mexanizmi ortaya qoymuşdu. Agentliyin yazdığına görə, Avropada sabotaj əməliyyatlarında Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslərin yerli cinayətkarları "Telegram" kimi platformalar üzərindən cəlb etməsi və onlara hər tapşırıq üçün pul ödəməsi barədə Qərb təhlükəsizlik rəsmilərinin məlumatları mövcuddur.
Moskvanın məqsədi yalnız zavodları yandırmaqdırmı?..
Qərb təhlükəsizlik ekspertlərinin fikrincə, sabotajın əsas strateji dəyəri bəzən vurulan maddi zərərdən daha böyükdür.
Əgər bir zavodun kiçik hissəsi yandırılırsa, istehsal tam dayanmaya bilər. Amma həmin əməliyyat Avropa hökumətlərinə başqa bir sual verir: bu, Rusiya tərəfindən edilibsə, nə vaxt və hansı səviyyədə cavab veriləcək?
Məhz burada NATO-nun 5-ci maddəsi məsələsi ortaya çıxır.
NATO-nun kollektiv müdafiə mexanizmi üzv dövlətə qarşı silahlı hücumun bütün alyansa qarşı hücum hesab edilməsini nəzərdə tutur. Lakin sabotaj, kiberhücum və digər hibrid əməliyyatların konkret olaraq hansı halda 5-ci maddənin tətbiqinə səbəb olacağı avtomatik mexanizm deyil.
Niderlandın dövlət təhlükəsizlik qurumlarının 2025-ci il qiymətləndirməsində də Rusiyanın sabotaj əməliyyatlarının çoxunun 5-ci maddənin həddindən aşağı saxlanmasının Moskvanın məqsədlərindən biri ola biləcəyi vurğulanır.
"IISS" isə NATO-nun öz sənədlərində hibrid hücumların müəyyən hallarda 5-ci maddə çərçivəsində nəzərdən keçirilə biləcəyini, lakin bunun konkret hadisənin miqyası və siyasi qərardan asılı olduğunu qeyd edir.
Kreml NATO daxilində parçalanma yarada bilərmi?..
Burada Moskvanın hesablamasının ikinci elementi ortaya çıxır.
Şərqi Avropadakı NATO üzvləri – xüsusilə Baltik ölkələri və Polşa – Rusiyanın hibrid fəaliyyətlərini daha sərt şəkildə qiymətləndirirlər. Qərbi Avropadakı bəzi hökumətlər isə hər bir yanğın və ya partlayışı dərhal Moskvaya bağlamaqda daha ehtiyatlı davranırlar.
Milrem hadisəsi bunun əyani nümunəsidir: Estoniya rəhbərliyi Rusiya versiyasını açıq şəkildə gündəmə gətirsə də, Latviyanın saxladığı şəxslərin işi üzrə istintaq hələ davam edir və Moskvanın sifarişi barədə ictimaiyyətə təqdim olunmuş yekun sübut yoxdur.
Rusiya mediasının təqdimatı isə tamamilə fərqlidir. “Sputnik” Estoniya baş nazirinin Moskvanın mümkün iştirakını dilə gətirməsini “sübutsuz ittiham” kimi təqdim edib.
Beləliklə, eyni hadisə iki informasiya məkanında tamamilə fərqli çərçivəyə salınır.
“Hər hücum cəzasız qalarsa, Rusiya sərhədi daha da irəli çəkəcək...”
Qərb kəşfiyyat dairələrində narahatlıq məhz budur: kiçik sabotajların ardıcıl şəkildə cəzasız qalması Moskvanın NATO-nun reaksiyasını ölçməsinə imkan verə bilər.
2026-cı ilin NATO hesabatında Mark Rutte Rusiyanın Qərbin təhlükəsizlik sistemini “sınağa çəkdiyini”, sabotaj və digər hibrid vasitələrdən istifadə etdiyini bildirib. NATO-nun mövqeyi belədir ki, alyansın cavabı zərurət yarandıqda “aydın, sürətli və qətiyyətli” olmalıdır.
Bu yanaşma NATO-nun Baltik və Şərq cinahında təhlükəsizlik mexanizmlərini gücləndirməsi ilə də müşayiət olunur.
Eyni zamanda, 2026-cı ildə Çexiya Prezidenti Petr Pavel Rusiyanın NATO-nun reaksiyasını qəsdən yoxladığını və Alyansın daha sərt cavab verməli olduğunu bildirib. O, Moskvanın 5-ci maddənin tətbiqi üçün kifayət qədər aydın səbəb yaratmadan təzyiqi tədricən artırmağa çalışa biləcəyini vurğulayıb.
Rusiya üçün yeni “boz zona” müharibəsi...
Avropada son hadisələri bir xətt üzərində birləşdirən əsas anlayış “boz zona” və ya hibrid müharibədir.
Burada klassik müharibə yoxdur: tanklar sərhədi keçmir, raketlər NATO şəhərlərinə atılmır. Əvəzində fabrikdə yanğın çıxır, yükdaşıma sisteminə müdaxilə edilir, kiberhücum həyata keçirilir, kritik infrastrukturda problem yaranır və ya yerli cinayətkar müəyyən obyektə zərər vurur.
Əgər həmin əməliyyatın arxasında dövlət dayanırsa, onun sübut edilməsi ayrıca problemə çevrilir.
Moskva üçün bunun üstünlüyü də məhz budur: hücumun nəticəsi hiss olunur, amma cavab tədbirinin hüquqi və siyasi əsasını müəyyənləşdirmək daha çətin olur.
“Yeni norma” formalaşır?..
Avropa təhlükəsizlik dairələrində ən böyük narahatlıq ayrı-ayrı zavodların taleyi deyil, belə əməliyyatların tədricən adiləşməsidir.
Bu gün söhbət bir müdafiə şirkətinin binasında yanğından gedir. Sabah istehsal xəttinə, logistika mərkəzinə, dəmir yolu qovşağına və ya enerji obyektinə müdaxilə ola bilər.
"IISS"-in son təhlili də Avropada uzaqdan idarə olunan və “proksi”lər vasitəsilə həyata keçirilən kəşfiyyat və sabotaj əməliyyatlarının sürətləndiyini bildirir.
Bu səbəbdən "Milrem Robotics", "EMCO", "KNDS Ammo Italy", Çexiya və Litvadakı hadisələrə yalnız ayrı-ayrı kriminal insidentlər kimi baxmaq təhlükəsizlik mütəxəssisləri üçün getdikcə daha çətinləşir.
Amma burada başqa bir prinsip də qorunmalıdır: Rusiya ilə əlaqə sübut olunmayan hər yanğın və partlayışı Moskvanın sabotajı kimi təqdim etmək də düzgün deyil.
Hazırkı mənzərənin ən mühüm xüsusiyyəti məhz bu qeyri-müəyyənlikdir.
Rusiya üçün “kölgə müharibəsi”nin üstünlüyü ondadır ki, əməliyyatın siyasi nəticəsi onun fiziki nəticəsindən daha böyük ola bilər: NATO daxilində fikir ayrılığı yaratmaq, Avropa müdafiə sənayesini qorxu altında saxlamaq və Qərb hökumətlərinin “nə vaxt cavab verməliyik?” sualını hər dəfə yenidən müzakirə etməsinə məcbur etmək.
Avropa üçün isə əsas sual artıq yalnız “Bu hücumun arxasında kim dayanır?” deyil...
Daha ciddi sual budur:
NATO bu cür hücumların hansı mərhələsində onların “hibrid təxribat” yox, kollektiv müdafiə tələb edən təhlükə olduğunu elan edəcək?
Çünki hər yeni sabotaj hadisəsi Moskva ilə Qərb arasında görünməz bir “səbr oyunu”na çevrilir – və bu oyunda tərəflərdən birinin səhv hesablaması artıq yalnız bir zavodun taleyini deyil, NATO-Rusiya qarşıdurmasının növbəti mərhələsini müəyyən edə bilər...
Hazırladı: Sultan Laçın