Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2540
07 Aug 2026 | 11:11

Məmur olmamışdan öncə insan olmağı öyrənmək... –Nəfs İdarəçiliyi Akademiyası

"Dövlət qulluğunda durmaq istəyənlər öncə belə ocaqları bitirib nəfslərinin yox, Allahın, Yaradanlarının qulluğunda durmağı öyrənməlidirlər..."
 
“Dövlətə rəhbərlikdən əvvəl insan özünü idarə etməyi öyrənməlidir...” 
 
“Dövlətin ilk məktəbi insanın öz içində başlayır...”
 
“Hakimiyyətə gəlməmişdən öncə nəfsə qalib gəlmək gərəkdir...”
 
“Öncə taxta, kürsüyə yox, əvvəlcə özünə hakim olma məktəbi keçməlisən...”
 
"Dövlətin gələcəyi yalnız onun ordusunun gücündən, iqtisadiyyatının böyüklüyündən və texnologiyasının səviyyəsindən asılı deyil. Dövlətin taleyi həm də onu idarə edən insanların daxili dünyasından asılıdır..."
 
"Dövlətin ilk məktəbi parlamentdə, nazirlikdə, kabinetdə və ya ali idarəçilik institutlarında deyil, insanın öz içində başlayır..."
 
-FİKİR SAVAŞI...-
 
Müstəqil və suveren olmağa çalışan hər hansı bir dövlət üçün düşmənin tüfəngli, tanklı, toplu, raketli, dronlu hücumundan daha təhlükəli bir təhlükə var. Bu, həmin dövləti quran toplumun, xalqın, cəmiyyətin nəfsidir. Çünki dövlətlərin süqutu çox vaxt yalnız xaricdən gələn hücumlarla deyil, daxildəki mənəvi aşınma, tamah, şəxsi maraqların ictimai mənafedən üstün tutulması ilə başlayır...
 
Dövlət idarəçiliyində ən böyük sınaq insanın qarşısına düşmən ordusu çıxanda deyil, ona böyük səlahiyyət, pul və hakimiyyət verildiyi zaman meydana gəlir. Məhz həmin anda insanın həqiqi mahiyyəti üzə çıxır...
 
Dövlətə rəhbərlikdən əvvəl insan özünü, öz nəfsini idarə etməyi bacarmalıdır. Çünki öz nəfsinə hakim ola bilməyən bir şəxsin milyonlarla insanın taleyinə təsir edən qərarlar qəbul etməsi ən böyük təhlükələrdən birinə çevrilə bilər.
 
Bu baxımdan dövlətin ilk məktəbi parlamentdə, nazirlikdə, kabinetdə və ya ali idarəçilik institutlarında deyil, insanın öz içində başlayır.
 
Bu nəfs isə ən çox dövlət idarəçiliyində təmsil olunan mülki məmurların, eləcə də polis, hərbçi, vergiçi, gömrükçü, FHN əməkdaşı və digər dövlət qulluqçularının davranışında özünü göstərir. Bu zümrənin zirvəsində isə dövlətin ali rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslər dayanır.
 
Əgər dövləti idarə edənlər öz nəfslərini – tamahlarını, ehtiraslarını, şəhvətlərini, hakimiyyət və sərvət aclıqlarını idarə etməyi bacarmırlarsa, həmin dövlətin taleyi də təhlükə altına düşür. Belə hallarda zərbə təkcə dövlət aparatına yox, bütövlükdə xalqa, cəmiyyətə, iqtisadiyyata, rifaha və gələcəyə dəyir.
 
Tarix bunun saysız-hesabsız nümunələrini görüb. Hakimiyyətə gəlməzdən öncə nəfsə qalib gəlməyi bacarmayan insanlar hakimiyyətə gəldikdən sonra çox vaxt hakimiyyətin deyil, öz arzularının və ehtiraslarının əsirinə çevrilirlər...
 
Bəs müasir dünyada məmurlarının maksimum nəfsani tərbiyə görmüş və onların da sayəsində vətəndaşların, insanların və bütövlükdə toplumun, xalqın, cəmiyyətin nəfsini qədərincə tənzimlənməsinə nail ola bilən  inkişaf etmiş dövlətlər varmı?.. 
 
Təbii ki, avtoritar, totalitar, teokratik, monarxist, kleptokratik, diktatura sistemli idarəçiliyə malik dövlətin əksəriyyətində bu haqda danışmaq doğru deyil. Lakin müəyyən istisnalar var. Məsələn, totalitar sistemli, bir çox insan haqlarının tapdandığı kommunist rejimli Çində ümumən ölkənin iqtisadi, hərbi inkişafı yüksəkdir. Bu da məhz dövləti idarə edən məmurların Çin Kommunist Partiyasının və ölkə liderinin korrupsiyaya qarşı total mübarizəsindən, bəzən rüşvətə-filana görə ömürlük həbs və edamadək gedən kütləvi cəzaların qorxusu sayəsində tərbiyə olunması sayəsində baş tutur. İqtisadi inkişaf və tərəqqisi olmasa da, eyni durumu Şimali Koreyaya da, Kubaya  və s. də aid etmək olar... 
 
Bir sıra ərəb və Körfəz dövlətlərində isə teokratik, monarxist dövlət  rəhbərliyindən qorxu qarışıq, az-çox dini inancdan irəli gələn Allah qorxusu sayəsində də məmurların əksəriyyəti nəfslərini idarə edə bilirlər. Bunun nəticəsində Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və s. kimi dövlətlərdə krallar, şeyxlər, əmirlər ifrat dərəcədə varlansa da və üstəlik, bir sıra insan haqları tanınmasa da, xalqların rifah halında yaşaması, yerli insanların demək olar ki, ağır işlərdə çalışmaması, yalnız ticarətlə, həkimlik, müəllimlik, mühəndislik kimi peşələrlə məşğul olmasına şərarit yaranır...   
 
Dünyanın azad, demokratik, sivil sayılan məmləkətlərində, xüsusən Qərbdə: Almaniya, Fransa, İsveçrə, Finlandiya, Kanada, ABŞ və s. kimi ölkələrdə dövlətlər həm məmurların, həm də ölkə vətəndaşlarının nəfslərini xeyli dərəcədə tənzimləmək üçün mövcud qanunlar çərçivəsində normal, işlək mexanizmlər var. Lakin həmin mexanizmlərdə əsas bir cəhət çatışmır. Onlarda insanların səmavi dinlərin də təlqin etdiyi bəşəri, əxlaqi, mənəvi dəyərlər, başqa sözlə, Axirət prizmasından baxış nəzərə alınmır.  Başqa sözlə, desək, insanların şəxsi arzularına xidmət edən nəfslərinə dövlət  və beynəlxalq qanunlarını pozmamaq şərti ilə ifrat azadlıq verilir. Məsələn, bir çox Qərb dövlətlərinin adi vətəndaşları kimi, yüksək və orta vəzifəli məmurları üçün də özəl həyatında zinakarlıqla, fahişəliklə, eynicinsli əlaqələrlə məşğul olmaq, kişi və qadınların ailədən kənar sevgililərə malik olması, həmçinin alkoqola, narkotikə geniş ictimaiyyətə məlum olmayanadək ciddi qəbahət sayılmır. Və məhz bu nəfs azadlığı olması səbəbindən Tramp kimi nəfs və son nəticədə Şeytan köləsi olan fərdlər ən ali hakimiyyət vəzifəsinədək yüksəlir, yaxud dövlət, hökumət qurumlarında yetişən Epşteyn kimi əxlaqsız, zinakar dələduz və saxtakarlar nəfslərinə asanlıqla uyan və bunu özlərinə qəbahət saymayan ayrı-ayrı istər demokrat, istər avtoritar ölkə liderlərini, nazir, konqresmen, deputat, həmçinin oliqarxları ömürləri boyu şantaj altında saxlayaraq digər dövlətlərin təsir agentlərinə çevrilməsinə şərait yaradır. Bütün bunlar da bütövlükdə bəşəriyyətdə istər ruhi-mənəvi, əxlaqi, istər siyasi-iqtisadi, istərsə də hərbi-siyasi meydanlarda xaos yaranmasına gətirib çıxarır... 
 
Məhz bu və digər səbəblərdən maksimum müstəqil, həqiqətən suveren, milli maraqlarını qorumağa qadir və sosial rifahı təmin edən dövlət qurmaq istəyən hər bir ölkənin ən mühüm vəzifələrindən biri vətəndaşların, xüsusən də müxtəlif vəzifə və rütbələrdə çalışan dövlət qulluqçularının nəfs tərbiyəsini təmin etmək olmalıdır ki, vətəndaşlar, insanlar hər iki dünyada xoşbəxtliklərini tapmaq şansı əldə etsinlər...
 
Çünki dövlət idarəçiliyi yalnız bilik, diplom, vəzifə və səlahiyyət məsələsi deyil. Ən əvvəl xarakter, vicdan və daxili intizam məsələsidir. İnsan öncə taxta, kürsüyə yox, əvvəlcə özünə hakim olma məktəbini keçməlidir. Əks halda, yəni dövlətin, onu idarə edən hakimiyyətin başına nəfsini, tamahını, şəhvətini idarə etməyən məmur hesab edilən kəslərin toplaşacağı halda həmin dövlət, dövlət yox, sadəcə əlində polis, hərb, xüsusi xidmət, hüquq-mühafizə orqanlarını cəmləşdirmiş bir mafiya qismində anlaşıla bilər.
 
Məhz bu səbəbdən XXI əsrin dövlət idarəçiliyi yalnız hüquq, iqtisadiyyat, menecment və siyasi idarəetmə ilə kifayətlənməməlidir.
 
Bu gün dünyanın müxtəlif ölkələrində dövlət qulluqçuları üçün nüfuzlu təhsil ocaqları fəaliyyət göstərir. Postsovet məkanında dövlət idarəçiliyi akademiyaları, ABŞ-da Harvard Kennedi Məktəbi və Federal İcra İnstitutu, Böyük Britaniyada Dövlət Qulluğu Kolleci, Almaniyada Federal Dövlət İdarəçiliyi Akademiyası, Sinqapur Dövlət Xidməti Kolleci, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutu, Səudiyyə Ərəbistanının Dövlət İdarəçiliyi İnstitutu və digər mərkəzlər peşəkar dövlət idarəçiləri hazırlayırlar. Ancaq bütün bu məktəblərdən öncə başqa bir məktəb olmalıdır – Nəfs İdarəçiliyi Akademiyası.
 
Elə bir akademiya ki, orada insan əvvəlcə özünü idarə etməyi öyrənsin. Vəzifəyə deyil, vicdana; səlahiyyətə deyil, məsuliyyətə; hakimiyyətə deyil, ədalətə xidmət etməyi mənimsəsin...
 
Dövlət qulluğunda durmaq istəyənlər öncə belə ocaqları bitirib nəfslərinin yox, Allahın, Yaradanlarının qulluğunda durmağı öyrənməlidirlər...
 
Çünki dövlətin gələcəyi yalnız onun ordusunun gücündən, iqtisadiyyatının böyüklüyündən və texnologiyasının səviyyəsindən asılı deyil. Dövlətin taleyi həm də onu idarə edən insanların daxili dünyasından asılıdır...
 
Öz nəfsinə qalib gələ bilməyən insanın əlində böyük səlahiyyət təhlükəyə çevrilə bilər. Özünü idarə edən insanın əlində isə hakimiyyət xidmət vasitəsinə çevrilir.
 
Bəlkə də dünyanın ən vacib dövlət idarəçiliyi məktəbi hələ tam yaradılmayıb. Onun adı isə sadədir:
 
Nəfs İdarəçiliyi Akademiyası...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər