Son dövrlər Rusiyanın Ukrayna müharibəsində hərbi resurslarını qorumaq üçün müttəfiqlərinin imkanlarından daha fəal istifadə etdiyi, xüsusilə Şimali Koreya ilə hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyi barədə iddialar səsləndirilir. Eyni zamanda, Qərbin Rusiyaya qarşı təzyiqləri artır, Ukrayna isə bu prosesdə iştirak edən xarici hərbi obyektləri legitim hədəf kimi qiymətləndirəcəyini bəyan edir.
Maraqlıdır, bütün bu proseslər müharibənin xarakterini və coğrafiyasını dəyişə, onu yeni mərhələyə keçirə bilərmi? Belə bir şəraitdə Rusiyanın hərbi dayanıqlılığı, müttəfiqlərinin rolu və Qərbin bundan sonrakı siyasəti müharibənin taleyinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib.

Siyasi şərhçi bildirib ki, Ukrayna hazırda Avropa İttifaqının dəstəyi ilə müqavimət göstərə bilir:
“Amma reallıq ondan ibarətdir ki, Ukraynanın həlledici nəticə əldə etməsi üçün ABŞ-nin tam dəstəyi vacib şərtdir. ABŞ isə Bayden dönəmindən fərqli olaraq Ukraynaya ciddi dəstək vermir. Vaşinqton Rusiya ilə diplomatik kanalları açıq tutmağa, dialoqu davam etdirməyə çalışır. Zelenski Trampın mövqeyində dəyişikliyə nail olmaq üçün cəhdlər edib.
Trampla dəfələrlə görüşüb, Xəzərdə İran gəmisinə zərbə endirməklə eyni tərəfdə olduğunun mesajını verib və.s Amma real mənzərə ondan ibarətdir ki, Tramp hakimiyyəti dönəmində ABŞ-nin Ukraynaya ciddi dəstək verəcəyi gözlənilmir”.
Əli Zülfüqaroğlu vurğulayıb ki, Kiyev çalışırdı ki, ABŞ-dən patriot raketləri tədarük etsin, eyni zamanda onun istehsalını də həyata keçirə bilmək üçün lisenziya əldə etsin:
“Amma Trampın son açıqlamaları bu ümidlərin də üstündən xətt çəkir. Tramp dolayısı ilə o mesajı verir ki, İranla müharibə şəraitindədir və ona görə də özünün patriot raketlərinə ehtiyacı var. Yəni görünən odur ki, ABŞ Ukraynaya dəstək vermək niyyətində deyil. Onsuz da həm Ukrayna, həm də İran müharibəsi çoxtərəfli xarakter alıb.
Bu baxımdan Rusiyaya Şimali Koreya, İran və Çinin dəstək verdiyi kimi, İrana da Rusiya və Çin dəstək verir. Bu isə prosesin daha mürəkkəb xarakter almasına səbəb olur. Ukrayna çalışır ki, ABŞ İran məsələsini Ukraynadan ayırmasın, amma Vaşinqtonun prioritetləri fərqlidir.
Ona görə də həm Ukrayna, həm də Rusiya tükəndirmə strategiyasını davam etdirir. Mülki obyektlər, enerji infrastrukturları hədəf alınır və qarşıdurma qışa doğru daha da gərgin xarakter alacaq”.
Pərvin Şakirqızı