1797
06 Aug 2026 | 16:30

"Azərbaycan mediasının ən böyük uğuru beynəlxalq mediaya inteqrasiyadır" – Media eksperti 

Qlobal informasiya məkanı sürətlə dəyişir, media isə artıq təkcə xəbər yayan platforma deyil, həm də dövlətlərin maraqlarının müdafiəsində mühüm təsir alətinə çevrilib. Belə bir şəraitdə milli medianın peşəkarlığı, operativliyi və beynəlxalq informasiya məkanında təmsilçilik imkanları xüsusi önəm daşıyır. 

Azərbaycanın son illərdə bu istiqamətdə əldə etdiyi uğurlar, eyni zamanda qarşıda duran vəzifələr media mühitində geniş müzakirə olunan məsələlərdəndir. Bəs ölkəmizin qlobal media məkanındakı mövqeyi hansı səviyyədədir? 

Beynəlxalq platformalarda daha güclü təmsil olunmaq və milli informasiya maraqlarını daha effektiv müdafiə etmək üçün hansı addımlar atılmalıdır?

Moderator.az-ın bu və digər suallarını Azərbaycan Respublikasının Əməkdar jurnalisti, media eksperti Azər Həsrət cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Azər müəllim, son illər Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesi və peşəkar jurnalistikanın inkişafı fonunda medianın ictimai rəyin formalaşdırılması, milli maraqların qorunması və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansı mühüm nailiyyətlər əldə olunub?

– Azərbaycanda dövlət qanunvericilik sahəsində medianın sabit, azad və rahat fəaliyyəti üçün, əlbəttə ki, üzərinə düşən bütün addımları atıb. Bununla yanaşı, biz beynəlxalq mexanizmlərdən də istifadə edirik. Azərbaycan üzvü olduğu beynəlxalq qurumların müvafiq sənədlərini imzalayıb, onlara qoşulub və ölkə qanunvericiliyində hər hansı çatışmazlıq yaranacağı təqdirdə, onun beynəlxalq hüquq normaları ilə tənzimlənməsi üçün də müvafiq imkanlar yaradıb.

Yəni mümkün olan hər şey edilib ki, Azərbaycanda media azad, sərbəst və rahat fəaliyyət göstərə bilsin. Eyni zamanda, Azərbaycan dövləti media məsuliyyətinin də unudulmaması üçün əlindən gələni edir.

Düzdür, media məsuliyyəti məsələsində dövlət kifayət qədər güzəştə gedir. Bu da media azadlığını məhdudlaşdırmamaq məqsədi daşıyır. Amma təəssüf ki, bəzi şəxslər bu güzəştlərdən sui-istifadə edirlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan mediası dünya mediasından heç nə ilə geri qalmır. Burada hər cür texnoloji imkan, media azadlığı və tənqidi medianın fəaliyyəti üçün zəruri şərait mövcuddur. Bu baxımdan qiymətləndirsək, Azərbaycan mediası faktiki olaraq çağdaş dövrün tələblərinə cavab verən səviyyədədir.

Təbii ki, nailiyyətlərdən və uğurlardan danışarkən Azərbaycan mediasının, xüsusilə də qlobal mediaya inteqrasiyasını xüsusi vurğulamaq istərdim. Çünki bu, bizim üçün olduqca vacibdir. Vaxt var idi ki, adi bir xəbərimizi belə beynəlxalq platformalarda yaya bilmirdik. 

Amma bu gün həmin problem artıq yerli-dibli aradan qalxıb. Azərbaycan mediası beynəlxalq medianın ayrılmaz tərkib hissəsinə çevrilib. Ən böyük uğurumuz da məhz budur.

Digər tərəfdən, peşəkarlıq yarışı da mövcuddur və bu yarışda doğrudan da keyfiyyətli jurnalistika məhsulu ortaya qoyanlar önə çıxırlar.

Baxmayaraq ki, sosial media hamını küncə sıxışdırıb, peşəkarlar yenə də ön sırada qalmağı bacarırlar. Dövlət də bunun üçün əlindən gələni edir. Xüsusilə də Media Agentliyi vasitəsilə peşəkar jurnalistikanın yaşadılmasına və inkişafına böyük dəstək göstərilir.

– Qlobal informasiya müharibələrinin, dezinformasiya kampaniyalarının və süni intellekt texnologiyalarının sürətlə yayıldığı bir dövrdə Azərbaycan mediası həm operativliyi, həm obyektivliyi, həm də dövlət və ictimai maraqların müdafiəsini necə balanslaşdırmalıdır? Sizcə, bu sahədə əsas çağırışlar və prioritetlər hansılardır?

– Əlbəttə ki, biz də qlobal trendlərin bir hissəsiyik. Xüsusilə də Azərbaycanın üzərinə fasiləsiz şəkildə yönələn müxtəlif qüvvələr və mərkəzlər var. Belə hallarda onlara vaxtında cavab verilməli, yaxud bu cəhdlərin qarşısını almaq üçün zəruri tədbirlər görülməlidir.

Media son dərəcə dinamik və operativ sahədir. Bir saniyə belə geciksən, artıq səni üstələyəcəklər. Hətta sonradan verəcəyin cavab belə heç bir effekt verməyəcək.

Bu baxımdan Azərbaycanda, xüsusilə də çoxdilli media resurslarının sayının artması ayrıca qeyd olunmalıdır. İngilis dili başda olmaqla müxtəlif dillərdə media fəaliyyət göstərir və bu da sözümüzün dünyaya çatdırılması baxımından son dərəcə vacibdir.

Saxta xəbər yaymaq, şantajçılıq, kampaniyaçılıq – bütün bunlar uzun illər bizə demokratik və azad media kimi təqdim olunan Qərb mediasının əsl simasını ortaya qoyur. Biz illərlə onların həqiqətən demokratik, şəffaf və tərəfsiz olduqlarına inanmışıq. Lakin zaman göstərdi ki, yanılmışıq.

Bu baxımdan Azərbaycan mediası peşə prinsiplərinə sadiq qalmaqla onlardan daha üstün mövqe nümayiş etdirir və milli maraqlarımızın müdafiəsində də geri qalmır. Əlbəttə, bəzən bu sahədə qüsurlarımız olur, bunu da etiraf etməliyik. Amma əsas odur ki, biz iradəmizi ortaya qoyuruq.

Əsas çağırışlara gəlincə, burada təbii ki, peşəkarlıq və operativlik hər zaman ön planda olmalıdır və bu gün də belədir. Biz yeni texnologiyaların tətbiqində geridə qalmamalı, ənənəvi medianı əvəz edən alternativləri mümkün qədər tez mənimsəməliyik.

Bu gün əlimizdə olan alternativlər son deyil. Təbii ki, qarşıdakı dövrdə yeni alternativlər meydana çıxacaq və biz hələ onların nədən ibarət olacağını, necə formalaşacağını bilmirik. Məhz buna görə də daim ayıq-sayıq olmalıyıq.

– Azərbaycan mediasının beynəlxalq informasiya məkanında daha güclü mövqe tutması, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha effektiv çatdırılması və milli media institutunun rəqabət qabiliyyətinin artırılması üçün gələcəkdə hansı strateji addımların atılmasını vacib hesab edirsiniz?

– Beynəlxalq mediaya inteqrasiya və ümumilikdə qlobal platformalarda səsimizin, sözümüzün eşidilməsi baxımından kifayət qədər yaxşı təcrübəyə malikik. Məsələn, Şuşa Qlobal Media Forumunu xüsusi qeyd edərdim. Bu forum həm xaricdən Azərbaycana media peşəkarlarını və ekspertləri cəlb edir, həm də səsimizin dünyaya çatdırılması üçün əlavə imkanlar yaradır.

Lakin bu, yetərli deyil. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan və qəbul edilən jurnalist qurumları, media təşkilatları ilə əməkdaşlığımızı daha da intensivləşdirməliyik.

İllər öncə mən özüm də bu istiqamətdə çox fəal fəaliyyət göstərirdim. Dünyanın aparıcı beynəlxalq jurnalist təşkilatlarında təmsil olunur, onların ən ali kürsülərində çıxış edirdim. 

Yəni, bir növ Azərbaycanın səsi olmağı bacarmışdım. Təəssüf ki, son illərdə bu istiqamətdə çatışmazlıqlarımız xeyli artıb. Düşünürəm ki, onların aradan qaldırılması üçün zəruri addımlar atılmalıdır. Biz illər öncə qazandığımız mövqeləri yenidən bərpa etməyə çalışmalı və bu işlə də məhz peşəkar insanlar məşğul olmalıdır.

Pərvin Şakirqızı 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər