Bizi sosial şəbəkələrdən izləyin:
Mədəniyyət Nazirliyinin attestasiya keçirərək kitabxanaçıları kütləvi şəkildə işdən çıxarması işdən çıxarılan vətəndaşların sosial şəbəkələrdə geniş şəkildə etirazlarına səbəb olub.
Məsələ ilə bağlı “Real” partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Moderator.az saytına açıqlama verib.
Natiq Cəfərli bildirib ki, Mədəniyyət Nazirliyin kütləvi ixtisarlar aparması nazirliyin büdcəsinin optimallaşdırılması məqsədi daşıyır.Dövlət büdcəsinin optimallaşdırılması əslində yaxşı haldır. Lakin bunu dövlət satınalmaları və tenderlərdə etmək daha yaxşı olardı.Çünki orada söhbət yüz milyonlardan gedir.Kitabxanaçıların kütləvi şəkildə işdən çıxarılmasında isə insan talehindən söhbət gedir.
İqtisadçı ekspert bu baxımdan hazırda dünyada gedən proseslərə də, toxunaraq dünya ölkələrinin təcrübəsindən danışıb:
"Hazırda dünyanın bir çox ölkələrində dövlət büdcəsinin optimallaşdırılması məqsədilə islahatlar aparılır. Məsələn Argentinada 45 dövlət qurumundan hazırda 14-ü qalıb.Xeyli insanlar işdən çıxarılıb, amma bundan öncə Argentina hökuməti kiçik və orta sahibkarlığın inkişafı üçün çox gözəl şərait yaratdı. Kiçik sahibkarlığın inkişafına əngəl olan qanunlar və ya qanundakı boşluqlar aradan qaldırıldı.Vergi endirimləri aparıldı və bununla bağlı vətəndaşlara müraciətlər olundu.Bizdə isə sonda atılmalı addımlar əvvəldə atılır. İnsanlarda isə bu ixtisarlarla bağlı təbii olaraq suallar yaranır. Uzun illərdir kitabxanada işləyən insan ixtisara düşəndə nə etməlidir? Hara getməlidir?Bu insanlarla bağlı nazirlik ilk növbədə ixtisasartırma kursları təşkil etməli idi.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırda özünəməşqulluq proqramları var. Mədəniyyət Nazirliyi də, yaradıcı sahələrlə bağlı bu kimi proqramlar həyata keçirməli idi ki, işdən çıxarılan işçilərdə narazıçılıq yaranmasın.Məsələn qonşu Gürcüstanda 500 lari dövriyyəsi olan vətəndaşlara 1 faiz vergi tətbiq olunur.İlk addım kimi belə hallar edib sonra ixtisarlar etmək yaxşı olardı".
Natiq Cəfərli fikirlərinin yekununda Mədəniyyət nazirliyi tərəfindən haqsızlıqla üzləşən və işdən çıxarılan kitabxanaçıları kütləvi şəkildə məhkəməyə müraciət etməyə çağırıb:
"İşdən çıxarılan vətəndaşların təbii olaraq məhkəməyə müraciət etmək hüququ yaranır. Mən düşünürəm ki, işdən çıxarılan kitabxanaçılar məhkəmə qaydasında öz əmək hüquqlarını bərpa etməyə çalışmalıdırlar.Bu nə qədər effektiv olacaqsa, onu zaman göstərəcək. İstənilən halda işdən çıxarılan kitabxanaçılar kütləvi şəkildə məhkəməyə müraciət etməlidirlər.Bu onların əsas əmək hüququdur".