"Bunlar baş verərsə, Səudiyyə Ərəbistanı məliki (kralı) iki deyil, üç müqəddəs hərəmin xidmətçisi, eləcə də Xəlifə Ömər, Sultan Səlahəddin və Sultan Bəybarsdan sonra Qüds şəhərinin dördüncü xlaskarı elan edilir..."
"Məlum oldu ki, Səudiyyə Ərəbistanı ABŞ üzərində heç bir təsir vasitəsinə malik deyil..."
"Səudiyyə Ərəbistanı həmişə İsraildən uzaq olmağa çalışıb. O, İsraili hətta dövlət kimi də tanımır. Qəzza məsələsində susması isə sırf “HƏMAS”-a mənfi münasibət bəslədiyinə görədir..."
"Bilindi ki, ABŞ Səudiyyə Ərəbistanına özünün proksi qüvvəsi və el dililə desək, “özünün pul dağarcığı”, yaxud “sağmal inəyi” kimi yanaşır..."
"Qəzza soyqırımının qarşısını almaq üçün fəal hərəkətlər etməməsi, ərazisindən və hava məkanından ABŞ-nin istədiyi kimi istifadə etməsi, Epşteyn qalmaqalı zamanı bəzi məsələlərdə şahzadə Məhəmməd ibn Salmanın adının hallanması təkcə Səudiyyə Ərəbistanını deyil, həm də sələfi-mədxali cərəyanını dünya müsəlmanlarının gözündən əhəmiyyətli dərəcədə salıb..."
"Faktiki olaraq, Səudiyyə Ərəbistanının vəziyyəti məşhur “O, olmasın, bu olsun!” filmindəki Məşədi İbadın durumuna bənzəyir..."
*** **** **** **** **** ****
Tanınmış tədqiqatçı Araz Şəhrili
Moderator.az-ın bu günlərdə “Əl-Cəzirə” kanalının təqdim etdiyi “
Səudiyyə Ərəbistanı Fələstin dövlətçiliyinin açarını niyə əlində saxlayır?..” başlıqlı materialdan qaynaqlanan(bax tərcüməsi:
burada:)“
Doğrudanmı Səudiyyə Ərəbistanı Fələstin dövlətçiliyinin açarını əlində saxlayır..?” sualına eyni başlıqlı analitik yazı ilə cavab verib:
Bir neçə amil Səudiyyə Ərəbistanı Məlikliyini 2026-cı il fevral ayının 28-dək əhəmiyyətli regional oyunçu kimi göstərirdi. Gəlin onları sadalayaq:
1. Coğrafi-siyasi mövqe.
Əslində, Yaxın Şərqdə yerləşən istənilən ölkəyə bu meyar üzrə yüksək bal vermək olar.
2. Nəhəng ərazi.
Səudiyyə Ərəbistanının ümumi sahəsi 2.150.000 kvadrat kilometrdir. Dünyanın 12-ci ən böyük ölkəsidir. Təxminən Qərbi Avropanın ümumi ərazisinə bərabərdir, yaxud ABŞ-nin Alyaska ştatından bir qədər böyükdür.
3. Zəngin təbii sərvətlər.
- Ölkənin təsdiqlənmiş xam neft ehtiyatları 260–268 milyard barreldir. Bu, bütün dünya neft ehtiyatlarının 17-22%-dir.
- Səudiyyə Ərəbistanının təsdiqlənmiş təbii qaz ehtiyatları 240 trilyon kubdur. Bu da onu dünyanın ən böyük qaz ixracatçılarından birinə çevirir.
- Ölkənin qərbində zəngin qızıl, mis, sink, gümüş və dəmir filizi yataqları var.
- Səudiyyə Ərəbistanı qlobal miqyasda əsas fosfat və boksit (alüminium xammalı) istehsalçıları və ixracatçıları sırasına daxildir.
- Ölkədə yüksək texnologiya və yaşıl enerji istehsalı üçün vacib olan nadir torpaq elementləri də mövcuddur.
4. İslam dünyasına mənəvi təsir.
İslam dinində müqəddəs sayılan üç şəhərdən ikisi - Məkkə və Mədinə Səudiyyə Ərəbistanında yerləşir. Bu ölkənin məliki (kralı) həm də “iki müqəddəs hərəmin xidmətçisi” adını daşıyır.
5. Şaxələnmiş diaspora.
Dünyanın demək olar ki, bütün ölkələrində Səudiyyə Ərəbistanına sadiq sələfi-mədxali icmaları var.
6. Güclü ordu.
Səudiyyə Ərəbistanı hərbi xərclərinə görə dünyanın ilk 5 ölkəsindən biridir. Illik müdafiə büdcəsi 80 milyard ABŞ dollarıdır. Bu da ÜDM-in təxminən 6-7%-dir.
Beynəlxalq hərbi güc indekslərində Səudiyyə Ərəbistanı dünya ölkələri arasında ilk iyirmlikdədir və bölgənin aparıcı gücü hesab olunurdu.
Səudiyyə Ərəbistanının ordusu 224.500 peşəkar hərbçidən ibarətdir.
7. Dünya ölkələrinə iqtisadi təsir.
Ölkənin ABŞ dövlət istiqrazlarındakı ümumi payı 150 milyard ABŞ dollarıdır. Bu, Səudiyyə Ərəbistanını dünyada ABŞ dövlət borcunun ən böyük sahiblərindən birinə çevrir. Misir, Pakistan, Efiopiya, Sudan, Keniya, Nigeriya, Seneqal, Banqladeş, Qırğızıstan, Özbəkistan, Tacikistan, Livan, İraq, Suriya və Tunis kimi ölkələrin hər biri bu və ya digər dərəcədə Səudiyyə Ərəbistanına borcludur.
Mövcud materialların təhlili göstərir ki, Səudiyyə Ərəbistanı özünün beynəlxalq siyasətlə bağlı planlarını aşağıdakı müddəaların üzərində qurub:
1. İran, İraq, Şimali Yəmən, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, eləcə də “İxvanul Muslimin” təşkilatı regional rəqiblərdir. Onların zəiflədilməsi istiqamətində hərəkət və ya hərəkətsizlik vacibdir.
2. Yaxın gələcəkdə Bəhreyn, Küveyt və Qətər, müvafiq şərait yarandıqda isə Oman, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, İraq və İordaniya ilhaq edilməlidir.
3. Misir və Pakistan maddi cəhətdən mümkün qədər asılı vəziyyətə salınmalıdır.
4. İsrailin İranla müharibə etməsi üçün səy göstərilməlidir. Amma bu savaşda ABŞ-nin iştirakı arzuolunmazdır. Çünki məqsəd, əslində, İrandan da çox, İsrailin zəifləməsidir. Ədalət naminə onu da vurğulayaq ki, Səudiyyə Ərəbistanı bu məsələlərin heç birinə həlledici və ya heç olmasa əhəmiyyətli təsir göstərə bilməyib...
5. Lazımi situasiya formalaşdıqda ABŞ üzərində maliyyə və siyasi təsirlərdən istifadə edilərək paytaxtı Qüds olan Fələstin dövlətinin yaranmasına nail olunmalıdır. Bununla da Səudiyyə Ərəbistanı məliki (kralı) iki deyil, üç müqəddəs hərəmin xidmətçisi, eləcə də Xəlifə Ömər, Sultan Səlahəddin və Sultan Bəybarsdan sonra Qüds şəhərinin dördüncü xlaskarı elan edilir. Beləliklə, faktiki olaraq, Səud sülaləsinin rəhbərliyi altında İslam xilafəti yaradılır...
Bunların hamısı fikrimizcə, Səud evinin arzuları idi. Lakin necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...
Qeyd etdiyimiz kimi, Səudiyyə Ərəbistanı üçün ən ideal variant İsraillə İran arasında birbaşa və hər iki tərəfi taqətdən salacaq qanlı toqquşma idi. Sözsüz ki, şahzadə Salman ABŞ-nin bu müharibəyə qoşulmasına yol verməmək üçün əlindən gələni etmişdi. 2026-cı il yanvarın 12-də
Moderator.az saytının yayımladığı
“İran İslam Respublikası doğrudan da süquta uğrayacaqmı?..” başlıqlı yazımızda (
burada:) bunun səbəblərindən birini göstərmişdik:
”Hətta İranın ənənəvi rəqibi olan Səudiyyə Ərəbistanı belə, o qədər də sevincli görünmür. Bu ölkə Birləşmiş Ərəb Əmirlikləri ilə həm Yəməndə, həm də Sudanda hərbi münaqişə vəziyyətindədir. Birləşmiş Ərəb Əmirlikləri isə İsrailin yaxın müttəfiqidir. O cümlədən, bu səbəbə görə Səudiyyə Ərəbistanı İsrailin bölgədə daha da güclənməsini arzulamır. Aydın məsələdir ki, İran İsrailin istədiyi kimi çöksə, məhz bu, baş verəcək”.
Hadisələrin sonrakı inkişafına heç bir təsir göstərə bilməyən Səud sülaləsi bu gün acı reallıqlar qarşısında qalıb:
1. Məlum oldu ki, Səudiyyə Ərəbistanı ABŞ üzərində heç bir təsir vasitəsinə malik deyil.
2. Əksinə, bilindi ki, ABŞ Səudiyyə Ərəbistanına özünün proksi qüvvəsi və el dililə desək, “özünün pul dağarcığı”, yaxud “sağmal inəyi” kimi yanaşır...
3. Bütün dünya Səudiyyə Ərəbistanı və körfəzin digər ərəb ölkələrini nəinki ABŞ-nin, həm də İsrailin proksi qüvvələri hesab etməyə başlayıb. Halbuki Səudiyyə Ərəbistanı həmişə İsraildən uzaq olmağa çalışıb. O, İsraili hətta dövlət kimi də tanımır. Qəzza məsələsində susması isə sırf “HƏMAS”-a mənfi münasibət bəslədiyinə görədir.
4. 2026-cı il martın 27-də Mayamidə keçirilən sərmayə forumunda Donald Trampın birdən-birə qeyzlənərək şahzadə Məhəmməd ibn Salmanı çox ağır şəkildə təhqir etməsi Səud sülaləsinin nüfuzuna ağrılı və sağalmayacaq bir yara vurdu. Xatırladaq ki, ABŞ prezidenti belə demişdi: “Şahzadə Məhəmməd ibn Salman dalımı öpəcəyini düşünmürdü. Həqiqətən bunu düşünmürdü. İndi o, mənimlə mehriban olmalıdır. Ona deyin ki, mənimlə yaxşı rəftar etsə, özü üçün yaxşı olar. O, buna məcburdur...”
2026-cı il martın 30-da
Moderator.az saytının yayımladığı
“Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini niyə təhqir etdi?..” başlıqlı yazımızda ABŞ prezidentinin belə əcaib davranışının mümkün səbəblərini göstərmişik(
burada:)
5. Qəzza soyqırımının qarşısını almaq üçün fəal hərəkətlər etməməsi, ərazisindən və hava məkanından ABŞ-nin istədiyi kimi istifadə etməsi, Epşteyn qalmaqalı zamanı bəzi məsələlərdə şahzadə Məhəmməd ibn Salmanın adının hallanması təkcə Səudiyyə Ərəbistanını deyil, həm də sələfi-mədxali cərəyanını dünya müsəlmanlarının gözündən əhəmiyyətli dərəcədə salıb. Bu isə Səudiyyə Ərəbistanının özündə sələfi-ixvan hərəkatının güclənməsinə gətirib çıxara bilər…
6. ABŞ-İsrail cütlüyünün uğursuz avantürası İranı regional super gücə və Səudiyyə Ərəbistanı üçün real təhlükəyə çevirdi. Aydın oldu ki, hətta çox böyük var-dövlət belə, bütün problemləri həll etmir. Bəzi hallarda isə sərvət zəifliyin əsas səbəbinə çevrilir. Məsələn, çox kasıb, lakin hədsiz dərəcədə igid və qətiyyətli, tarix boyunca heç bir qüvvəyə məğlub olmamış Yəmən şiələri Səudiyyə Ərəbistanının bütün neft-qaz sektorunu asanlıqla məhv edib, sərhədyanı bölgələrini viran qoya bilərlər…
7. Pakistan və Misir onlara çəkilmiş böyük xərclərə baxmayaraq, hələ ki, öz ordularını Yəmən şiələrinə qarşı müharibəyə göndərmək istəmirlər. Faktiki olaraq, Səudiyyə Ərəbistanının vəziyyəti məşhur “O, olmasın, bu olsun!” filmindəki Məşədi İbadın durumuna bənzəyir. Ondan pul qoparmaq üçün biri “qəzetəsində Rüstəm bəyi biabır edəcəyini”, digəri isə “Rüstəm bəyin başına bir güllə çaxacağını” deyir!” Varlı-hallı, lakin çarəsiz Məşədi İbad (oxu: Səudiyyə Ərəbistanı) isə kor-peşiman halda nə edəcəyini düşünür...
Xatırladaq ki, kino qəhrəmanı Məşədi İbad sonda doğru qərar verərək, Rüstəm bəyin qızı Gülnaz xanımın yerinə qulluqçu Sənəmi seçib vəziyyətdən az ziyanla çıxır. Səud sülaləsi isə güvəndiyi Donald Trampın sayəsində nəinki “Qüdsün (əslində isə, İslam xilafətinin) açarları” adlı şirin xəyalla vidalaşmaq üzrədir, həm də özünün qədim dədə-baba yurduna - barsız-bəhərsiz Nəcd səhrasına qayıda bilər. Amma bahalı, lüks avtomobillərdə deyil, atların və dəvələrin belində…"
Təqdim etdi:
Sultan Laçın