Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri başa çatıb və filmin yaxın vaxtlarda nümayişi nəzərdə tutulur. Hansı ki, bir müddət bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında filmlə bağlı paylaşım edib və bu paylaşım böyük maraqla qarşılanıb.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin 8 Noyabr zəfərinə gedən yolunun işıqlandırılması, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə bağlı bu cür bədii filmlərin çəkilməsi vacib və təqdilayiqdir. Bu, həm hərb tariximizin, həm də hərbçilərimizin göstərdiyi qəhrəmanlığın əbədiləşdirilməsi və təbliği baxımından həyati əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, 8 Noyabr zəfərinin müəllifi Azərbaycan Silahlı Qüvvələri, əsgər və zabitlərimizdir. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan xalqına çoxdan həsrətində olduğu zəfəri bəxş edən hərbçilərimizlə bağlı nə qədər film çəkilsə azdır.
Bununla yanaşı, qeyd etməliyik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənlə yalnız hərb meydanında deyil, həm də diplomatik cəbhədə mübarizə aparıb, bu müstəvidə də ciddi zəfərlərə imza atıb. Hərb meydanında olduğu kimi diplomatik savaş meydanında da xalqımızın şanlı mübarizəsinə Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərlik edib.

Müharibə zamanı Prezident İlham Əliyev Rusiya, ABŞ, Fransa, Türkiyə, Pakistan və s. ölkələrin rəhbərləri, habelə beynəlxalq təşkilatlarla apardığı danışıqlar, beynəlxalq media orqanlarına verdiyi müsahibələr, sosial medai hesablarındakı paylaşımları, təzyiq və təhdidlər fonunda belə Azərbaycanın maraqlarını qətiyyətlə, əzmkarlıqla müdafiə etməsi Ermənistanın diplomatik cəbhədə məğlubiyyətində mühüm rol oynadı. İlham Əliyevin diplomatik cəbhənin Ali Baş Komandanı kimi ortaya qoyduğu nümunə hər bir azərbaycanlı diplomat üçün örnək oldu. İlham Əliyev nümunəsini əsas götürən diplomatlarımız – xüsusilə də Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik müstəvidə əsl fədakarlıq sərgiləyərək erməni faşizminin ifşasına ciddi töhfələr verdilər.
44 günlük Vətən müharibəsi başa çatandan sonra da Azərbaycan diplomatiyası müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistanın ifşası prosesini davam etdirdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında diplomatiyamızın uğurlu fəaliyyəti 8 Noyabr zəfərinin bütün dünyada qəbul edilməsində həlledici rol oynadı.
Bu və digər faktlar sübut edir ki, Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbədə Azərbaycan diplomatiyasının böyük rolu mövcuddur. Ona görə də, gələcəkdə Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Azərbaycan diplomatiyasının da 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi rolu ilə bağlı bədii-sənədli filmlərin çəkilməsi arzuedilən olardı. Bu, diplomatiyamızın tarixi xidmətlərinin əbədiləşdirilməsinə dəstək olmaqla yanaşı, gənc və gələcək diplomatlarımız üçün də mənəvi baxımdan ciddi sitimul olar.
Seymur ƏLİYEV