Ekskluziv
1970
05 Aug 2026 | 08:15

"SEPAH" Bab əl-Məndəb boğazından da rüsum toplamaq planı hazırlayır...-Nazir

Yəmən hökumətinin informasiya naziri Muəmmər əl-Eryani İranı Qırmızı dənizdə yeni təzyiq mexanizmi yaratmağa çalışmaqda ittiham edib. O bildirib ki, Tehran regional müttəfiqləri, xüsusilə husilər vasitəsilə beynəlxalq gəmiçilik marşrutlarına nəzarəti gücləndirməyə çalışır.
 
Moderator.az bu haqda "Reuters”, "Amerikanın səsi" kimi xarici mənbələrə istinadla xəbər yayıb.
 
Əl-Eryaninin sözlərinə görə, beynəlxalq ictimaiyyət bölgədə gərginliyin müvəqqəti azalmasına aldanmamalıdır. Nazir iddia edib ki, İran İslam Respublikası “proksi qüvvələrindən təzyiq və şantaj aləti kimi istifadə edir”.
 
O qeyd edib ki, Tehran husilərin vasitəsilə Hörmüz boğazı modelinin Qırmızı dənizdə yerləşən strateji Bab əl-Məndəb boğazında tətbiqinə çalışır.
 
“Bu rejim Bab əl-Məndəb boğazında gəmi hərəkətinə nəzarət və rüsum tətbiqi yolu ilə yeni təsir mexanizmi yaratmaq istəyir”, – deyə Yəmən rəsmisi bildirib.
 
“Reuters” agentliyinin yaydığı məlumata görə, husilər Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərinə rüsum tətbiq etmək məsələsini nəzərdən keçirirlər. Agentliyin məlumatında bildirilir ki, iki regional mənbə husilərin İrana səfərləri zamanı bu mövzunun iranlı rəsmilərlə müzakirə edildiyini deyib.
 
Məlumata əsasən, mümkün ödəniş mexanizminin bütün ölkələrin gəmilərinə tətbiq edilməsi nəzərdə tutulur, lakin bəzi ölkələr üçün istisnaların müzakirə edildiyi də iddia olunur.
 
Bab əl-Məndəb boğazı dünya ticarəti üçün ən mühüm dəniz keçidlərindən biridir. Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən bu su yolu Avropa ilə Asiya arasında yük daşımalarında mühüm rol oynayır. Son illərdə husilərin bölgədəki hücumları səbəbindən bir sıra beynəlxalq gəmiçilik şirkətləri marşrutlarını dəyişmək məcburiyyətində qalıb.
 
Husilərin mümkün rüsum planı İranın Hörmüz boğazı ilə bağlı oxşar addımları fonunda gündəmə gəlib.
 
"Reuters"-in məlumatlarına görə, Tehran da Hörmüz boğazından keçid üçün müxtəlif ödəniş mexanizmləri təklif edib və bəzi hallarda təhlükəsiz keçid adı altında ödənişlər tələb edildiyi barədə məlumatlar yayılıb.
 
Ekspertlər hesab edirlər ki, Bab əl-Məndəb kimi strateji dəniz keçidlərində rüsum tətbiqi və ya hərəkətə nəzarət cəhdləri qlobal ticarətə, enerji daşımalarına və sığorta xərclərinə ciddi təsir göstərə bilər.
 
Beynəlxalq Dəniz Təşkilatı (IMO) isə beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlardan sadəcə keçidə görə məcburi rüsumların tətbiqinə qarşı olduğunu bildirib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər