Artıq dünya liderləri Trampın hədələrindən təşvişə düşmür...-
1893
05 Aug 2026 | 07:37

Artıq dünya liderləri Trampın hədələrindən təşvişə düşmür...- "Washington Post” 

"ABŞ-ın xaos yaratmaq qabiliyyətindən yorulan dünya üçün yüksək səslə səsləndirilən bəyanatlar artıq adi hala çevrilib, təhdidlər isə çox vaxt blef olur. Şok və qorxu yaratmağı sevən prezident isə sonda çox vaxt geri addım atır...”
 
"Trampın ritorikasının təsirinin zəifləməsi ən açıq şəkildə İran məsələsində görünür. Belə ki, ayətullah rejimi ABŞ və İsrailin bombardman kampaniyasına baxmayaraq Hörmüz boğazı üzərində nəzarəti saxlamağı bacarıb..."
 
"Hətta güc tətbiq etməyə hazır olmaq belə, Trampa əvvəlki nüfuzu qaytarmayıb. ABŞ daxilində və xaricində siyasətçilər və dövlət rəsmiləri artıq onun təhdidlərinə qarşı çıxmağa və ya onları nəzərə almamağa daha hazır görünürlər..."
 
ABŞ Prezidenti Donald Trampın sərt bəyanatları və hədələri artıq dünya liderlərini əvvəlki kimi təşvişə salmır. ABŞ məhkəmələri onun bir sıra qərarlarına qarşı çıxır, İran isə Vaşinqtonun siyasətindən öz maraqları üçün istifadə etməyi bacarır.
 
Moderator.az  "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin avqustun 4-də, çərşənbə axşamı yayımlanan məqaləsində qeyd olunur.
 
Məqalədə vurğulanır ki, 2025-ci ilin aprelində Tramp Ağ Evin Qızılgül bağçasına yeni gömrük tariflərini əks etdirən plakatla çıxanda, “dünya silkələndi”. Maliyyə bazarları trilyonlarla dollar itirdi, 75-dən çox hökumət ABŞ-la danışıqlara başlamağa tələsdi, bəzi ölkələr isə mümkün qədər tez ticarət razılaşmaları əldə etmək üçün əvvəlcədən hazırladıqları cavab tədbirlərindən imtina etdilər.
 
Lakin indi Tramp Kanadanı ilhaq etməklə, Qrenlandiyanı ələ keçirməklə, NATO-dan çıxmaqla və ya İranı məhv etməklə bağlı hədələr səsləndirdiyi bir vaxtda “həyəcan siqnalları səngiyib”. Dünya liderləri ABŞ prezidentinin qərarlarının məhkəmələr tərəfindən mübahisələndirildiyini, Konqres tərəfindən bloklandığını və onun reytinqlərinin aşağı düşdüyünü gördükləri üçün artıq əvvəlki sürətlə reaksiya vermirlər.
 
“Washington Post” yazır ki, iyul ayında Tramp “uşaq əməyinə dair qanunvericiliyin pozulması” ilə bağlı ittihamlar səbəbindən yeni tariflər elan etdikdə, dünya sadəcə “çiyinlərini çəkdi”, maliyyə bazarları isə buna demək olar ki, heç bir reaksiya vermədi.
 
Məqalənin müəllifləri analitiklərə və hökumət rəsmilərinə istinad edərək bildirirlər ki, Trampın əsas üstünlüklərindən biri olan şok yaratmaq, sosial şəbəkələrdə panika yaymaq və həmin panikanı istədiyi nəticələrə çevirmək bacarığı ikinci prezidentlik müddətinin ortalarına yaxınlaşdıqca zəifləməyə başlayır.
 
Məqalədə qeyd olunur ki, ABŞ daxilində Tramp hələ də siyasi gündəmi müəyyənləşdirir. Lakin o, respublikaçıların nəzarətində olan Senatı “Epşteyn faylları”nın məxfiliyinin açılması məsələsindən geri çəkilməyə və ya onun “Amerikanı xilas etmək haqqında” qanun layihəsini qəbul etməyə məcbur edə bilməyib.
 
Bundan əlavə, İran ABŞ bombardmanları qarşısında təslim olmaqdan və Hörmüz boğazını açmaqdan imtina edir. Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirir, ABŞ-ın ticarət tərəfdaşları isə Vaşinqtonun son tarif qərarlarına laqeyd yanaşırlar.
 
Məqalədə deyilir:
 
“ABŞ-ın xaos yaratmaq qabiliyyətindən yorulan dünya üçün yüksək səslə səsləndirilən bəyanatlar artıq adi hala çevrilib, təhdidlər isə çox vaxt blef olur. Şok və qorxu yaratmağı sevən prezident isə sonda çox vaxt geri addım atır”.
 
“Washington Post” Çin və digər ölkələrin Trampın sərt mövqeyi qarşısında onun geri çəkilməsinə səbəb olan çoxsaylı nümunələri də təqdim edir.
 
Qəzet yazır ki, Trampın ritorikasının təsirinin zəifləməsi ən açıq şəkildə İran məsələsində görünür. Belə ki, ayətullah rejimi ABŞ və İsrailin bombardman kampaniyasına baxmayaraq Hörmüz boğazı üzərində nəzarəti saxlamağı bacarıb...
 
ABŞ prezidentinin Avropa ölkələrini İranla müharibəyə cəlb etmək cəhdləri də nəticəsiz qalıb. Tramp müttəfiqlərini bundan imtina etdikləri halda hədələsə də, Avropa dövlətlərini münaqişəyə cəlb edə bilməyib...
 
Məqalədə həmçinin bildirilir ki, ABŞ daxilində Tramp özünün "MAGA" (“Amerikanı yenidən möhtəşəm et”) tərəfdarlarını da məyus edir. Onlar prezidentdən dövlət xərclərinin azaldılmasını gözləyirdilər, lakin qəzetin yazdığına görə, Tramp “son illərin istənilən prezidentindən daha aqressiv şəkildə xaricdəki ABŞ qoşunlarının fəaliyyətini genişləndirib”.
 
Bundan başqa, onun sərt anti-immiqrasiya tədbirləri "ICE" ("ABŞ İmmiqrasiya Xidməti") agentlərinin reydləri, ölüm halları və etirazlarla müşayiət olunan şəkildə ABŞ şəhərlərində xaosa səbəb olub.
 
Lakin məqalədə qeyd edilir ki, hətta güc tətbiq etməyə hazır olmaq belə, Trampa əvvəlki nüfuzu qaytarmayıb. ABŞ daxilində və xaricində siyasətçilər və dövlət rəsmiləri artıq onun təhdidlərinə qarşı çıxmağa və ya onları nəzərə almamağa daha hazır görünürlər.
 
Avropa liderləri xüsusilə qapalı danışıqlarda hələ də Trampa xoş münasibət göstərməyə çalışırlar. Lakin onlar prezidentin tələb etdiyi güzəştlərə getməyə əvvəlkindən daha az meyllidirlər.
 
Nəşrin məlumatına görə, Qrenlandiya ətrafındakı vəziyyət dönüş nöqtəsinə çevrilib və bu hadisə Avropanın vahid müqaviməti qarşısında Trampın hədələrinin təsirinin necə zəiflədiyini nümayiş etdirib.
 
"Korrespondent" xatırladır ki, bundan əvvəl Tramp İrana ABŞ-la razılaşma əldə etmək üçün “son şans” verdiyini açıqlamışdı.
 
Bir ay əvvəl isə ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden İran müharibəsinin başa çatması ilə bağlı davamlı bəyanatlarına görə Trampı məsxərəyə qoymuşdu...
 
S.Laçın
 
“Bizim əziz liderimiz İranla müharibəni ən azı 38 dəfə bitirib. Əvvəllər heç bir prezident belə bir şey etməyib. O, hələ də bu müharibəni bitirməkdən uzaqdır. Bu, Nobel Komitəsinin diqqətinə layiq rekorddur”, - deyə Hanter Bayden bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər