Ekskluziv
6407
04 Aug 2026 | 19:24

"İsrailin Qəzzada atəşkəsi pozmasının qarşısını almaq üçün yalnız bəyanatlar yetərli deyil..."

Türkiyənin Qətər və Misirlə birgə bəyanatı İsrailin Qəzzada atəşkəsi pozmasının qarşısını ala biləcəkmi?..
 
“Bu üç dövlət atəşkəs prosesində mühüm vasitəçi rolunu oynayıb. Ona görə də onların birgə bəyanat verməsi böyük əhəmiyyət daşıyır...”
 
Xəbər verildiyi kimi,  Türkiyə, Qətər və Misir dövlətləri İsrailin Qəzza zolağında atəşkəs sazişini pozmasını pisləyən birgə bəyanat qəbul ediblər.
 
Bəyanatda deyilir:
 
"Bu pozuntular gərginliyin azalmasını təhdid edir və Qəzza zolağında mülki əhalinin əzablarını daha da artırır. Vasitəçilər mülki şəxslərin, tibb müəssisələrinin və humanitar işçilərin tam qorunması, eləcə də Qəzza zolağı boyunca humanitar yardım və tibbi ləvazimatların maneəsiz çatdırılması çağırışlarını təkrarlayırlar. İsrailin hərəkətləri isə Fələstin anklavında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi səylərini sarsıdır”.
 
Qətər, Misir və Türkiyə beynəlxalq ictimaiyyəti İsrailə beynəlxalq hüquqa və atəşkəsə riayət etmək üçün "lazımi təzyiq" göstərməyə çağırıblar.
 
Bəs görəsən, İsraillə atəşkəsə getməsi üçün “HƏMAS” qruplaşmasına yetərincə təsir göstərə bilmiş bu üç dövlətin çağırışı təsirli olacaqmı? Digər region dövlətləri də İsrailə qarşı birlik nümayiş etdirərək onların səsinə səs verəcəkmi? Və nəhayət, bütün bunlar  İsrailin Qəzza zolağında atəşkəs sazişini pozmasının və demək olar ki, hər gün ərazidə dinc insanların, uşaq, qadın və qocaların həyatını itirməsinin qarşısını ala biləcəkmi?.. 
 
Beynəlxalq məsələlər üzrə siyasi analitik, siyasət üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a açıqlamasında Türkiyə, Qətər və Misirin İsrailin Qəzza zolağında atəşkəs sazişini pozmasını pisləyən birgə bəyanatının digər region dövlətləri tərəfindən dəstəklənməsi və bununla bağlı digər məsələlərə münasibət bildirib.
 
O, qeyd edib ki, Türkiyə, Qətər və Misirin belə bir bəyanatla çıxış etməsi təbii haldır. Analitik vurğulayıb ki, Qəzzada atəşkəsin əldə olunması prosesində bu üç dövlətin xüsusi rolu olub:
 
“Misirin həm İsraillə əlaqələri var, həm də “HƏMAS” üzərində müəyyən nüfuzu və təsiri mövcuddur. Eyni zamanda Qətərin və Türkiyənin də “HƏMAS” üzərində təsir imkanları var. Bu üç dövlət atəşkəs prosesində mühüm vasitəçi rolunu oynayıb. Ona görə də onların birgə bəyanat verməsi böyük əhəmiyyət daşıyır”.
 
Teymur Qasımlı bildirib ki, digər İslam ölkələri və region dövlətləri də bu bəyanata qoşula və ya ayrıca mövqe ortaya qoya bilərlər:
 
“İslam ölkələrinin bu bəyanatı dəstəkləməsi mümkündür. Lakin hesab etmirəm ki, belə bəyanatlar Qəzzada atəşkəsin pozulmasının və günahsız insanların ölümünün qarşısını almaq üçün kifayət edəcək”.
 
Onun sözlərinə görə, hazırkı vəziyyətdə əsas problem İsrail daxilindəki siyasi yanaşmalar, seçkilər öncəsi Netanyahunun dalana dirənməsi və “HƏMAS”-la bağlı proseslərin mürəkkəbliyidir. Analitik qeyd edib ki, “HƏMAS”-da yeni lider seçilməsi və təşkilatın diplomatik fəaliyyətində baş verən dəyişikliklər də vəziyyətə təsir göstərir.
 
Teymur Qasımlı İran və Türkiyə arasında müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı son təmaslara da toxunub. O bildirib ki, İranın müdafiə naziri vəzifəsini icra edən general-mayor Seyid Məcid İbn-ül Rza ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında keçirilən telefon danışığı zamanı rəsmi Tehranın “İslam Dünyası Təhlükəsizlik İttifaqı” təşəbbüsünü gündəmə gətirməsi regionda yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması cəhdlərindən biri kimi qiymətləndirilə bilər.
 
Onun sözlərinə görə, belə bir mexanizmin yaradılması ideyası müəyyən siyasi və təhlükəsizlik məqsədləri daşıya bilər, lakin bunun reallaşması bir sıra amillərdən asılıdır:
 
“Türkiyə ilə İran arasında müəyyən təhlükəsizlik məsələləri və əməkdaşlıq mövzuları olsa da, hətta iki ölkə birgə hərbi təlimlər keçirə bilsə də, indiki şəraitdə onlar arasında hər hansı hərbi ittifaqın yaradılması mümkün görünmür. Burada ilk növbədə Türkiyənin NATO üzvü olmasını, İranın isə ABŞ-la müharibə vəziyyətində olmasını nəzərə almaq gərəkdir”.
 
Analitik əlavə edib ki, hazırkı regional vəziyyət kifayət qədər mürəkkəbdir və dövlətlərin yanaşmaları arasında ciddi fərqlər mövcuddur.
 
Həmsöhbətimiz nəzərə çatdırıb ki, Azərbaycan da daxil olmaqla region dövlətlərinin humanitar yardımlar və diplomatik təşəbbüslərlə prosesə töhfə verməsi vacibdir.Yeri gəlmişkən, dünən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib. 
 
Bütün bunlarla belə, Teymur Qasımlı bir daha vurğulayıb ki,  İsrailin Qəzzada  atəşkəsi pozmasının qarşısını almaq üçün yalnız bəyanatlar yetərli deyil.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər