“Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub...”
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a açıqlama verib. Açıqlamasında Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı maraqlı fikirlər səsləndirən Hikmət Hacıyev, ölkəmizin hər zaman milli maraqlarla yanaşı, Türkiyənin də maraqlarına həssaslıqla yanaşdığını vurğulayıb:
“Türkiyənin maraqları Azərbaycan üçün hər zaman prioritet olub və bu məsələ bizim üçün həmişə “qırmızı xət”dir”.
Hikmət Hacıyevin bu açıqlaması sadəcə Azərbaycan-Türkiyə dostluğunun əhəmiyyətini göstərmir. Bu açıqlama həm də Azərbaycanın Türkiyənin maraqlarına öz milli maraqları qədər hörmət etdiyini, bu məsələyə son dərəcə prinsipial yanaşdığını göstərir. Türkiyə və onun maaraqları ilə bağlı məsələnin Azərbaycan üçün qırmızı xətt olduğunu bildirən Hikmət Hacıyevin məlum açıqlaması, dövlətimizin bundan sonra da qardaş Türkiyənin maraqları məsələsində heç bir ölkəyə güzəştə getməyəcəyini göstərir. Bu mənada Hikmət Hacıyevin “Haber Global”a açıqlamasını Türkiyə və ümumilikdə bütün anti-türk qüvvələrinə zəruri xatırlatma və ciddi xəbərdarlıq kimi də qəbul etmək olar.
Hikmət Hacıyevin “Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəanın çıxarılmasını gözləyirik” fikri də ölkəmizin qardaş Türkiyənin maraq və mənafeyini bütün müstəvilərdə qətiyyətlə müdafiə etdiyini isbatlayır.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dönəmində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığı, Prezident İlham Əliyevin səyləri sayəsində tarixi zirvədə qərarlaşmaqdadır. Və iki dövlət arasındakı münasibətlərin inkişaf tempi onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu münasibətlər dinamik şəkildə yüksəlməkdə davam edəcək, Azərbaycan və Türkiyə ilə yanaşı, bütün türk dünyasının mənafeyinin daha fundamental şəkildə müdafiəsinə xidmət edəcək.
Seymur ƏLİYEV