Rusiya cəmi bir neçə ay ərzində kosmosdan savaşa başlaya bilər: İri şəhərləri nə gözləyir?..-TƏHLİL
Ekskluziv
7107
04 Aug 2026 | 09:09

Rusiya cəmi bir neçə ay ərzində kosmosdan savaşa başlaya bilər: İri şəhərləri nə gözləyir?..-TƏHLİL

 
"Rusiya-Ukrayna müharibəsi yaxın zamanda yeni mərhələyə daxil ola bilər. “Starlink” sisteminin müəyyən analoqu kimi təqdim edilən Rusiyanın “Rassvet” peyk qruplaşması hazırda düşmənə Ukrayna ərazisinə daha dəqiq zərbələr endirmək məqsədilə hücum və kəşfiyyat dronlarını idarə etməyə kömək edir."
 
Moderator.az  sözügedən sahənin mütəxəssisi olan ekspertin geniş açıqlamasından ibarət bu hərbi analitik materialı “TSN” kanalına istinadla dəyərli oxucuların diqqətinə çatdırır:
 
"Yaxın aylarda Rusiya belə peyklərin sayını artırmağı planlaşdırır ki, bu da daha dağıdıcı nəticələrə səbəb ola bilər.
 
Bu barədə Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbərinin keçmiş müşaviri, kosmik idarədə kosmik fəaliyyətin təhlili və proqnozlaşdırılması istiqamətinə cavabdeh olmuş ekspert Andrey Kolesnik “TSN"-ı açıqlamasında bildirib.
 
“Döyüş əməliyyatlarının kosmosdan dəstəklənməsi, Ukraynaya qarşı təcavüzün kosmos imkanları ilə təmin olunması təkcə rabitə məsələsi ilə məhdudlaşmır. Burada naviqasiyanın təmin edilməsindən də söhbət gedə bilər. Rusiyanın bunun üçün müvafiq sistemi var. Bu, “Rassvet”dən ayrı bir sistemdir. Əgər həmin sistem sıradan çıxsa, rusların belə vəziyyət üçün Çinlə həmin ölkənin qlobal naviqasiya sistemindən istifadə barədə razılaşması mövcuddur”, – deyə Andrey Kolesnik nümunə gətirib.
 
Ukraynaya qarşı müharibə: Rusiyanın yeni silahı...
 
“Rassvet” peyk sisteminə gəldikdə isə ekspert bildirib:
 
“Bu sistem əvvəlcə kommersiya əsaslı layihə kimi hazırlanarkən nəzərdə tutulurdu ki, o, xüsusilə hərəkətdə olan mobil qəbul məntəqələri üçün yüksək sürətli internet təmin edəcək. Mənim fikrimcə, müəyyən müddətdən sonra bu sistemin fəaliyyəti güc strukturlarının ehtiyaclarının ödənilməsinə yönləndirildi. Rusiya öz ərazisində “Starlink” sisteminin fəaliyyətinin dayandırılmasından sonra, o cümlədən video məlumatların ötürülməsinə imkan verən belə bir sistemə ehtiyac duydu”.
 
Ekspert qeyd edib ki, Rusiya bu yeniliyə birdən-birə deyil, peykləri ardıcıl şəkildə orbitə çıxarmaqla nail olmağa çalışır.
 
“Peyklərin ilk partiyası lazımi mövqelərə çatdırılıb, digərləri də ora yerləşdirilə bilər. İkinci partiya isə yalnız indi orbitə çıxarılıb. Hesab olunur ki, ümumilikdə hazırda 31 peyk buraxılıb və texnoloji məsələlər üzərində iş aparılır. Ruslar bu cür peykləri hər ay buraxmaq istəyirdilər, lakin görünür, çoxsaylı texniki problemlərlə qarşılaşıblar”, – deyə Kolesnik bildirib.
 
Ekspert əlavə edib:
 
“Rusiyada belə peyklərin buraxılışının daha da intensivləşdirilib-intensivləşdirilməyəcəyini zaman göstərəcək. Ukrayna ərazisini tam əhatə etmək və hərəkətdə olan quru vasitələri, hava və dəniz zərbə sistemləri üçün sabit rabitə təmin etmək məqsədilə rusların 100-dən çox belə peyki olmalıdır. Əgər onlar hər ay 16 peyk buraxa bilsələr, onda Rusiya üçün tələb olunan peyk sayına təxminən 2027-ci ilin fevral ayının sonu – mart ayının əvvəllərində çatmaq mümkün ola bilər. Bu, mənim qiymətləndirməmdir”.
 
Onun sözlərinə görə, Rusiya buna nail olarsa, hava və dəniz zərbə vasitələrini real vaxt rejimində idarə etmək, baş verənləri müşahidə etmək və hədəf nöqtəsini seçmək imkanına malik olacaq.
 
“Bu, bizim üçün çox böyük problemə çevrilə bilər”, – deyə ekspert vurğulayıb.
 
Bununla belə, Kolesnik qeyd edib ki, məsələn, “Starlink” sisteminin terminalları yüngül və yığcamdır.
 
“Rusiya sisteminin terminalları isə kifayət qədər böyük ölçülü “peyk antenalarıdır”. Onları, məsələn, dronların üzərində yığcam şəkildə yerləşdirmək mümkün deyil. Dəniz dronlarında bu, müəyyən qədər mümkündür, lakin hava dronlarında yox. Bu terminallar çox ağır və həcmli qurğulardır. Amma biz bu istiqaməti inkişaf etdirən düşməni xəfifə almamalıyıq. Ruslar genişmiqyaslı işğalın başlanmasından sonra bu peyklərdən əlavə daha 60-dan çox digər peyk buraxıblar. Həmin 60 peykdən 20-si artıq bu il orbitə çıxarılıb. Bu aparatların bir neçə funksiyası var, o cümlədən kəşfiyyat fəaliyyəti həyata keçirirlər”, – deyə Andrey Kolesnik bildirib.
 
Kosmos vasitəsilə Ukraynada aparılan müharibə: buna necə qarşı çıxmaq olar?..
 
Andrey Kolesnikin sözlərinə görə, hazırda Rusiyanın Baykalyanıda yeni kosmodrom tikintisi davam edir.
 
“Üçüncü mərhələ inşa olunur və  ruslar oradan hər şeyin buraxılışını həyata keçirə bilmirlər. Arxangelsk vilayətində yerləşən hərbi “Plesetsk” kosmodromu isə qalır. Onun Ukrayna sərhədlərindən məsafəsi təxminən 1300-1500 kilometrdir. Bizim dronlarımız belə məsafələri qət edə bilir.
 
Orada iki əsas hədəf var. Birincisi, raketlərin ayrı-ayrı hissələrinin gətirildiyi və yığıldığı montaj-sınaq kompleksləridir. Peyklər də ayrıca gətirilir. Onlar çox möhkəm beton örtüklü qorunan tikililərdə yığılır. Bu obyektləri düşünürəm ki, gələcəkdə çata biləcək raketlərimizlə vurmaq mümkündür.
 
İkinci variant isə start zamanı zərbə endirməkdir. Raket montaj-sınaq kompleksindən çıxarıldıqdan sonra start meydançası açıq olur. Raket yanacaqla doldurularkən onu hətta dronla belə vurmaq mümkündür. Yanacağın bir hissəsi maye oksigendir, buna görə partlayış təkcə raketi və peykləri deyil, həm də start meydançasının özünü məhv edə bilər. Onun fəaliyyətinin bərpası üçün ən azı 2-3 il vaxt tələb oluna bilər”, – deyə Andrey Kolesnik diqqətə çatdırıb.
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər