Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri başa çatıb və filmin yaxın vaxtlarda nümayişi nəzərdə tutulur. Bir müddət bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında filmlə bağlı paylaşım edib, ictimaiyyəti mövcud yeniliklə bağlı məlumatlandırıb.
Filmlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, bu cür filmlərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin tarixiləşdirilməsi və təbliği baxımından olduqca önəmli olduğunu vurğulayıb:
“Təbii ki, “44” bədii filmi, eləcə də gələcəkdə bu müstəvidə çəkiləcək filmlər Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin əbədiləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür filmlər hərb tariximizə işıq salmaqla yanaşı, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği, ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz igidliklərin gənc nəsillərin, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında həlledici rol oynayır.

Heç kimə sirr deyil ki, müasir dünyamızda kino istənilən ideya və hadisənin təbliğində ən kütləvi vasitələrdən biri hesab edilir. Hadisə və proseslərin bədii şəkildə, obrazlı formada diqqətə çatdırılması bu olayların yaddaşlarda daha uzunmüddətli qalmasını təmin edir. Bu baxımdan “44” bədii filminin gənc nəsillərlə yanaşı, həm də gələcək nəsillər arasında vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından önəmli rol oynayacağı şübhəsizdir. Düşünürəm ki, “44” bədii filmi dövlətimizin və Azərbaycan kinosunun Vətən müharibəsi qəhrəmanlarına, şəhid və qazilərə sevgi və ehtiram nümunəsidir.
Mən filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi bu böyük uğur münasibətilə təbrik edir, onlata gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Həmçinin, inanıram ki, “44” bədii filmi yaxın gələcəkdə Vətən müharibəsindən bəhs edən digər filmlərin ərsəyə gəlməsinə mənəvi baxımdan sitimul verəcək, aktyor və yazıçılarımızı, sənət adamlarımızı bu mövzuya daha çox diqqət ayırmağa həvəsləndirəcək”.
Seymur ƏLİYEV