Avqustun 1-i Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Bəhram Ağakişiyevin 60 illik yubileyi olub.
Moderator.az-a açıqlamasında ad günü ilə bağlı təəssüratlarını bölüşən Bəhram Ağakişiyev, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşdüyü illəri qürur hissi ilə yad edib, vətənə xidmətin ən böyük səadət olduğunu vurğulayıb:
“Təbii ki, xalq və vətən qarşısında məsuliyyət hissi olan hər bir insan yalnız ad günlərində deyil, demək olar ki, hər gün, hər saat gördüyü işlərlə bağlı özünə hesabat verir, vətənə, dövlətə faydalı olmağa çalışır. Bu mənada əminliklə deyə bilərəm ki, həyatımda ən qiymətli anlar, ən qürurverici məqamlar Azərbaycanın müdafiəsinə qatıldığım, erməni faşizminə qarşı mübarizədə iştirak etdiyim illərlə bağlıdır. Bu illər mənim həyatımın ən anlamlı, ən fərəhli dövrünü təşkil edir. Ümumiyyətlə, hesab edirəm ki, hər bir insanın önəmi, onun keçdiyi həyat yolunun mənası vətənə nə dərəcədə faydalı olması ilə ölçülməlidir. Çünki bu, ən ali, ən düzgün meyardır.
60 illik yubileyimin tamam olduğu bugünlərdə bir daha bütün əminliyimlə qeyd edirəm ki, Azərbaycan uğrunda döyüşmək, Azərbaycan uğrunda şəhid olmaq ən böyük səadətdir. Allaha minnətdaram ki, mənə də bu səadəti nəsib edib.
Bu gün Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam şəkildə təmin edən, işğal probleminə son qoyan, erməni faşizmini diz çökdürən qüdrətli bir dövlətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə edilən 8 Noyabr zəfəri dövlətimizin ərazi bütövlüyü ilə yanaşı, ölkəmizin regional hərbi liderliyini təmin edib. Bu gün Azərbaycan öz hərbi-siyasi və iqtisadi qüdrəti ilə dünya nəhənglərinin belə hesablaşdığı azsaylı ölkələrdən biridir. Bu tarixi uğurun baş memarı isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Odur ki, xalqımıza son 200 illik tarixinin ən böyük zəfərini qazandıran, Şuşa, Laçın, Xankəndi həsrətinə son qoyan Prezidentimizə göstərdiyi bütün fədakarlıqlara görə təşəkkür edir, ona yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”.
Xatırladaq ki, Bəhram Ağakişiyev 1 avqust 1966-cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı “Birinci batalyon”un yaradılmasında fəal iştirak edib, kəşfiyyat taqımının komandiri kimi mühüm hərbi tapşırıqların icrasını həyata keçirib. “Cənnət yolçusu” sənədli filmi onun həyat və döyüş yoluna həsr olunub. 2 fevral 2024-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğindəki xüsusi xidmətlərinə görə Səbayıl Rayon İcra Hakimiyyətinin başçısınin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev medalı ilə təltif edilib.
Seymur ƏLİYEV