“Ər-Riyadın ərəb və İslam dünyasındakı mövqeyi İsrail ilə münasibətlərin normallaşması perspektivində əhəmiyyətli rol oynayır…”
“Krallığın bu mövqeyi ərəb və İslam dünyasındakı dini-siyasi legitimliyi ilə sıx bağlıdır və "İbrahim Sazişləri"ndən fərqli olaraq, geri dönməz və hərtərəfli nizamlanmanı hədəfləyir…”
“Bu doktrinanın əsası Fələstinin öz müqəddəratını təyin etməsini Səudiyyə Ərəbistanının milli təhlükəsizlik siyasətinin mərkəzi sütununa çevirən Kral Feysəlin dövründə qoyulub…”
“Kral Fəhdin adı ilə bağlı olan 1981-ci il "Fəhd Planı" bu doktrinanı rəsmi sülh təklifinə çevirdi. Həmin plan İsrailin işğal olunmuş ərəb torpaqlarından çıxarılmasını və Fələstinin milli hüquqlarının tanınmasını tələb edirdi…”
“Bu strateji ardıcıllığın əhəmiyyəti 2020-ci ildə imzalanan "İbrahim Sazişləri"ndən (Abraham Accords) sonra daha qabarıq şəkildə ortaya çıxdı…”
“…Bu sazişlər göstərdi ki, ərəb-İsrail münasibətlərinin normallaşması Fələstin dövlətinin qurulmasında irəliləyiş olmadan da irəliyə gedə bilər…”
“Livan, Suriya, İraq və Əlcəzair də daxil olmaqla bir neçə mühüm ərəb dövləti hələ də İsraili tanımayıb. Bu, onların suveren qərarlarıdır, lakin Fələstin dövlətinin qurulmasına əsaslanan Səudiyyə-İsrail razılaşması bu dövlətlərin də qərar qəbul etdiyi siyasi mühiti kökündən dəyişəcək…”
“İsrail dövlətinin qurulmasından təxminən 80 il keçməsinə baxmayaraq, suveren Fələstin dövlətinin yaradılması ərəb-İsrail münaqişəsinin hələ də ən həlledici və taleyüklü sualı olaraq qalır. Regionda müharibələr baş verib, sülh müqavilələri imzalanıb, irəliyə doğru çoxsaylı diplomatik addımlar atılıb. Lakin bu mərkəzi strateji problem hələ də öz həllini tapmayıb.
Bu gün Səudiyyə Ərəbistanı Fələstin dövlətinin qurulması və İsraillə uzunmüddətli sülh sazişinin əldə olunması istiqamətində səylərin ön cəbhəsində yer alır. Krallığın bu məsələyə sadiqliyi onun 2024-cü ildə "İkitərəfli Həll Yolunun Reallaşdırılması naminə Qlobal Alyans"ın (Global Alliance for the Implementation of the Two-State Solution) yaradılmasına həmtəsisçilik etmək qərarı ilə bir daha aydın görünür. Hazırda bu alyansın Romada mühüm görüşləri keçirilməkdədir.”
London Kral Kollecinin baş elmi işçisi Nofəl Ubeydin (Nawaf Obaid) “Əl-Cəzirə” nəşrində dərc olunmuş “Səudiyyə Ərəbistanı Fələstin dövlətçiliyinin açarını niyə əlində saxlayır?..” başlıqlı analitik məqaləsində belə deyilir. Moderator.az həmin materialın tərcüməsinin qalan hissəsini də dəyərli oxucuların müzakirəsinə buraxır:
Zəruri tanıtım:
Nofəl Ubeyd (Nawaf Obaid) London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin baş elmi işçisi, həmçinin çoxsahəli kəşfiyyat inteqrasiyası platforması olan "Project AURORAH GeoSignal MASINT" sisteminin təsisçisidir. O, yaxın vaxtlarda işıq üzü görəcək "Səudiyyə Ərəbistanının Cənubi Yəməndəki səssiz qələbəsi: Ər-Riyad "C5ISR" üstünlüyü vasitəsilə döyüş meydanına necə yenidən sahib oldu" (nəşriyyat: Helion) kitabının müəllifidir.
“Səudiyyə Ərəbistanı Fələstin dövlətinin qurulmasını İsraillə sülhün və regional sabitliyin bərqərar olması üçün sarsılmaz strateji şərt kimi irəli sürür. Krallığın bu mövqeyi ərəb və İslam dünyasındakı dini-siyasi legitimliyi ilə sıx bağlıdır və "İbrahim Sazişləri"ndən fərqli olaraq, geri dönməz və hərtərəfli nizamlanmanı hədəfləyir.
Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman özlərindən əvvəlki Səudiyyə monarxlarının açdığı cığırla gedirlər. Yarım əsrdən artıqdır ki, krallıq bu məsələdə son dərəcə ardıcıl və sarsılmaz mövqe nümayiş etdirir. Ər-Riyad üçün sual heç vaxt İsraillə sülhün mümkün olub-olmaması ilə bağlı olmayıb. Əsas məsələ bu sülhü hərtərəfli, legitim və geri dönməz edəcək siyasi şərtlərin mövcudluğudur…
Bu strateji çərçivədə İsrailin tanınması və suveren Fələstin dövlətinin qurulması vahid bir nizamlanmanın bir-birinə paralel olan iki ayrılmaz tərkib hissəsidir. Bu addımlardan heç biri digərindən öncə gələ bilməz.
Bu doktrinanın əsası Fələstinin öz müqəddəratını təyin etməsini Səudiyyə Ərəbistanının milli təhlükəsizlik siyasətinin mərkəzi sütununa çevirən Kral Feysəlin dövründə qoyulub. Onun xələfləri dəyişən regional reallıqlara diplomatik uyğunlaşmalar etsələr də, bu təməl prinsipi qoruyub saxlayıblar. Diplomatik mühit təkamül etsə də, strateji hədəf dəyişməz qalıb.
Kral Fəhdin adı ilə bağlı olan 1981-ci il "Fəhd Planı" bu doktrinanı rəsmi sülh təklifinə çevirdi. Həmin plan İsrailin işğal olunmuş ərəb torpaqlarından çıxarılmasını və Fələstinin milli hüquqlarının tanınmasını tələb edirdi. İyirmi il sonra, o vaxtkı Vəliəhd Şahzadə, sonradan isə Kral olan Abdulla eyni strateji məntiqi daha da genişləndirərək 2002-ci il "Ərəb Sülh Təşəbbüsü"nü irəli sürdü. Bu təşəbbüslə İsrailə 1967-ci ildə işğal edilmiş ərazilərdən tamamilə geri çəkilməsi və müstəqil Fələstin dövlətinin qurulması müqabilində ərəb dünyası ilə hərtərəfli sülh və normal münasibətlər təklif olunurdu.
Ona görə də hazırkı Səudiyyə rəhbərliyi hələ həll olunmamış bir siyasət debatını deyil, oturuşmuş və möhkəm bir strateji doktrinanı miras alıb. İndiki rəhbərliyin üzərinə düşən məsuliyyət isə bugünkü diplomatik mühitin onilliklər ərzində fundamental olaraq dəyişməz qalan bu şərtləri nəhayət ödəyə biləcəyini müəyyən etməkdir. Bu ardıcıllıq, eyni zamanda, dövlət legitimliyi ilə bağlı daha geniş bir məsələni əks etdirir…
Səudiyyə monarxiyası üçün Fələstin dövlətinin qurulmasına verilən dəstək heç vaxt sadəcə bir xarici siyasət gedişi olmayıb. Bu, krallığın həm ərəb, həm də İslam dünyasındakı köklü mövqeyi ilə möhkəmlənən, həmçinin monarxın "İki Müqəddəs Ocağın Xadimi" (Xadimül-Hərəmeyniş-Şərifeyn) rolundan qaynaqlanan siyasi və dini legitimliyinin ən dözümlü sütunlarından birinə çevrilib.
Bu strateji ardıcıllığın əhəmiyyəti 2020-ci ildə imzalanan "İbrahim Sazişləri"ndən (Abraham Accords) sonra daha qabarıq şəkildə ortaya çıxdı. İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında diplomatik əlaqələr quran, sonradan Mərakeş və Sudanın da qoşulduğu bu sazişlər göstərdi ki, ərəb-İsrail münasibətlərinin normallaşması Fələstin dövlətinin qurulmasında irəliləyiş olmadan da irəliyə gedə bilər. Bu sazişlər regional diplomatiyanı yenidən formalaşdırdı, lakin nə Fələstin problemini həll etdi, nə də daha geniş sülh prosesini tamama yetirdi…
ABŞ-ın bir-birini əvəz edən administrasiyaları Səudiyyə Ərəbistanının bu prosesdə iştirakını həmişə çatışmayan əsas həlledici element hesab ediblər. "İbrahim Sazişləri" Ər-Riyad olmadan da genişlənə bilərdi, lakin krallığın iştirakı olmadan bu proses heç vaxt öz tam strateji çəkisini və əhəmiyyətini qazana bilməzdi.
Tramp administrasiyası Səudiyyə-İsrail münasibətlərinin normallaşmasını yenidən öz regional diplomatiyasının mərkəzinə qoyub. Lakin bu diplomatik həmlə mütləq şəkildə 7 oktyabr hadisələrindən sonrakı daha geniş kontekstdə qiymətləndirilməlidir.
Qəzzadakı müharibə tamamilə yeni bir diplomatik mühit yaratdı. Sonrakı atəşkəs təşəbbüsü və Sülh Şurasının yaradılması münaqişəyə son qoymaq, regionu sabitləşdirmək və yenidənqurma işlərinə başlamaq məqsədi daşıyan bir çərçivə formalaşdırdı. Bu addımların əhəmiyyəti siyasi nizamlanmanı əvəz etmək deyil, belə bir nizamlanmanın mümkün ola biləcəyi şəraiti yaratmaqdır. Lakin krallıq üçün əsas siyasi tələb dəyişməz olaraq qalır: suveren Fələstin dövlətinin real və geri dönməz şəkildə qurulması... Bu mövqe bir-birini qarşılıqlı şəkildə gücləndirən siyasi, dini və iqtisadi təməllərə söykənir…
Səudiyyə monarxı ölkəni təkcə dövlət başçısı kimi deyil, həm də bütün İslam dünyasında dini nüfuza malik olan "İki Müqəddəs Ocağın Xadimi" kimi idarə edir. Buna görə də İsrailin tanınması ilə bağlı hər hansı bir qərar həm siyasi təsdiq, həm də geniş dini legitimlik tələb edir. Belə bir legitimlik isə gələcək danışıqlar barədə dumanlı vədlərə əsaslana bilməz. Bu, yalnız suveren Fələstin dövlətinin qurulması ilə rəsmiləşə bilər…
Krallığın genişmiqyaslı qlobal təsiri də bu mövqeyi gücləndirir. Səudiyyə Ərəbistanı ümumi ərəb iqtisadi məhsulunun təxminən üçdə birini təmin etməklə ərəb dünyasının ən böyük iqtisadiyyatıdır. Krallıq “G20”-nin yeganə regional üzvü, dünyanın aparıcı enerji fövqəldövlətlərindən biri və ən böyük xam neft ixracatçısıdır. O, həm də Yaxın Şərqin əsas iqtisadi mühərrikidir. Dini statusla birləşən bu amillər Səudiyyə Ərəbistanının qərarlarına ikitərəfli diplomatiyanın hüdudlarını aşan qlobal nəticələr qazandırır. Bu qərarın təsirləri təkcə krallığın özü ilə məhdudlaşmayacaq…
Livan, Suriya, İraq və Əlcəzair də daxil olmaqla bir neçə mühüm ərəb dövləti hələ də İsraili tanımayıb. Bu, onların suveren qərarlarıdır, lakin Fələstin dövlətinin qurulmasına əsaslanan Səudiyyə-İsrail razılaşması bu dövlətlərin də qərar qəbul etdiyi siyasi mühiti kökündən dəyişəcək.
Livan bu məsələdə bariz nümunədir. Vaşinqton Beyrutu İsrail-Livan sərhədini sabitləşdirmək cəhdlərinin bir hissəsi olaraq İsraillə rəsmi münasibətlər qurmağa təşviq edir. Lakin belə bir qərarın daxili siyasi bədəli və çəkisi Səudiyyə Ərəbistanının dəstəklədiyi və Fələstin dövlətinin qurulmasına əsaslanan sazişdən əvvəl və sonra tamamilə fərqli görünəcək.
Eyni məntiq geniş müsəlman dünyasına da şamil edilir. Pakistan, İndoneziya, Banqladeş və Malayziya kimi böyük və nüfuzlu ölkələr məhz Fələstin problemi həll olunmamış qaldığı üçün İsraili tanımaqdan imtina ediblər. İki Müqəddəs Ocağın Xadimi tərəminə qəbul edilən və Fələstin dövlətinin qurulması ilə müşayiət olunan bir sülh sazişi bu hökumətləri də eyni addımı atmağa sövq edəcək. Bu saziş onların öz mövqelərinə yenidən baxması qarşısındakı əsas siyasi və dini maneələri aradan qaldıracaq. Səudiyyə Ərəbistanını əvvəlki "İbrahim Sazişləri"ndən fərqləndirən əsas cəhət də məhz budur.
Səudiyyə Ərəbistanının bu prosesdəki iştirakı sadəcə miqyas baxımından deyil, mahiyyət etibarilə fərqli olacaq; o, bütün ərəb və müsəlman dünyasında dərin siyasi, iqtisadi və dini əks-səda doğuracaq.
Hazırkı diplomatik prosesin son nəticədə bu nöqtəyə çatıb-chayacağı hələ də qeyri-müəyyəndir. İsrail, fələstinlilər, ABŞ, Avropa İttifaqı və bəzi regional hökumətlərin hamısının burada üzərinə düşən əvəzedilməz rolları var. Lakin yekun Səudiyyə qərarı Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salmandan asılıdır…
Onların miras aldıqları strateji çərçivədə Fələstin dövlətinin qurulması və İsrailin tanınması bir-birinin ardınca atılacaq addımlar deyil, paralel öhdəliklərdir. Çünki bu addımlardan heç biri digəri olmadan qalıcı və sarsılmaz bir legitimlik qazana bilməz…”
Qeyd:
Baş fotoda: Səudiyyə Ərəbistanı Kralı Feysəl, 22 sentyabr 1969-cu ildə Mərakeşin Rabat şəhərində İslam Zirvə Konfransının açılışında [Foto/Arxiv: AP]
Tərcümə və təqdim etdi:
Sultan Laçın