Xəzər körpüsü: Mərkəzi Asiya liderləri və Azərbaycan niyə İssık-Kulda bir araya gəldi? - Qazaxıstan mətbuatı
Ekskluziv
2100
01 Aug 2026 | 18:05

Xəzər körpüsü: Mərkəzi Asiya liderləri və Azərbaycan niyə İssık-Kulda bir araya gəldi? - Qazaxıstan mətbuatı

 
Qırğızıstanın Çolpon-Ata şəhərində Mərkəzi Asiya ölkələrinin liderləri və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən sammit regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "ulysmedia.kz" nəşri yazıb.
 
Mərkəzi Asiya və Azərbaycan yeni mərhələyə keçir
 
Təhlilçilərin fikrincə, görüş "C5" formatını daha geniş "C5+1" platformasına çevirərək transxəzər əməkdaşlığını gücləndirib. Sammitin əsas nəticəsi Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi olub. Sənəddə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda gömrük prosedurlarının uyğunlaşdırılması, tariflərin əlaqələndirilməsi və marşrutun rəqəmsallaşdırılması nəzərdə tutulur.
 
Bununla yanaşı, Mərkəzi Asiyada istehsal ediləcək "yaşıl" elektrik enerjisinin Xəzərin dibi ilə çəkiləcək kabel vasitəsilə Azərbaycan üzərindən Avropaya ixracı planlaşdırılır. Ekspertlər hesab edir ki, layihələr real perspektivə malikdir. Lakin limanların imkanları, Xəzərdə gəmi çatışmazlığı və qanunvericilik fərqləri onların icrasını ləngidə bilər.
 
Regiona maraq artır
 
Məqalədə qeyd olunur ki, Türkmənistan da regional əməkdaşlığa daha fəal qoşulur. Aşqabad neytrallıq siyasətini qorusa da, qaz ixracı, tranzit gəlirləri və təhlükəsizlik maraqları onu yeni layihələrə yaxınlaşdırır. Nəşrin yazdığına görə, Avropa İttifaqı, ABŞ və Çin də Mərkəzi Asiya və Azərbaycana kritik minerallar, enerji ehtiyatları və alternativ nəqliyyat dəhlizləri baxımından böyük maraq göstərirlər.
 
Hədəf - güclü regional oyunçu olmaqdır
 
Müəllif vurğulayır ki, regionda su ehtiyatlarının bölüşdürülməsi, sərhəd məsələləri və ticarət maneələri kimi problemlər qalsa da, son illərdə bu istiqamətdə mühüm irəliləyiş əldə olunub. Qaza xıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, qarşılıqlı etimad və regional əməkdaşlığın inkişafı sayəsində Mərkəzi Asiya müasir tarixinin ən uğurlu dövrünü yaşayır.
 
Məqalənin qənaətinə görə, Mərkəzi Asiya və Azərbaycan artıq yalnız böyük dövlətlərin rəqabət meydanı deyil, Avrasiyada tranzit və ticarət qaydalarını formalaşdıran müstəqil geosiyasi mərkəzə çevrilir. Çolpon-Ata Bəyannaməsinin həyata keçirilməsi isə Transxəzər dəhlizini regionun uzunmüddətli iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevirə bilər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər