Rəsmi Paris indi də məhkəmələrimizdən narazıdır
Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa vətəndaşı Azərbaycanda Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edib. 30 iyul tarixli bəyanatında Martin Rayanın “əsassız saxlanıldığını” iddia edən Fransa, Azərbaycan məhkəməsinin onunla bağlı qərarını da ədalətsiz adlandırıb.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) artıq Fransanın Avropa və Xarici İşlər Nazirliyinin məlum bəyanatına cavab verib və bu bəyanatın absurd olduğunu faktlar əsasında ortaya qoyub.
Azərbaycan XİN-nin bəyanatında qeyd olunub ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak edib ki, bu da Martin Rayanın məhkəmə prosesinin son dərəcə şəffaf şəkildə keçirildiyini göstərir. Belə olan halda, Fransanın Martin Rayanla bağlı məhkəmə prosesinin şəffaflığını şühə altına alması, onunla bağlı verilən qərarı ədalətsiz adlandırması rəsmi Parisin sadəcə ənənəvi böhtanatma mövqeyindən çıxış etdiyini göstərir. Bu fakt onu göstərir ki, dənizaşırı xalqlara məxsus tarixi torpaqlarda çoxsaylı nüvə sınaqları keçirən, onları yüksək radiasiyaya məruz qoyan Fransa, bu kəs konkret cinayət törədən, cinayətləri məhkəmə zamanı tam şəkildə sübuta yetirilən vətəndaşının bəd əməllərini həyasızlığı hesabına ört-basdır etməyə çalışır. Lakin rəsmi Paris unudur ki, Azərbaycan hüquqi dövlətdir və burada hər bir əmələ qanun çərçivəsində qiymət verilir. Məhkəmənin Martin Rayanla bağlı çıxardığı qərar isə ortadadır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, digər təqsirləndirilən şəxs Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
Seymur ƏLİYEV