“Məsləhət olsa, ona ən ağır cəzanı ən Böyük Hakim olan Allah Özü verəcək...”
Xəbər gəldi ki, "TikTok"da "Çevik" ləqəbi ilə tanınan, İslam dinini təhqir edən Məqsəd Bağırov saxlanılıb və məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb.
Düzü, bu "Çevik" haqqında ilk məlumatı o günləri bir çayxananın yanından keçəndə qulağım çaldı. Dedilər ki, guya bu “qəhrəman” Allaha qarşı "mübarizə" aparır. Fikirləşdim ki, Allahın da rəqibi çıxıb... Fəqət qətiyyən əhəmiyyət vermədim... Çünki...
Bəşər tarixinə baxın. Min illərdir Şeytan da çalışır, fironlar, tiranlar, imperiyalar, dövlətlər, dövlətlər koalisiyası çalışır, taxtlar da, tanklar da, toplar da çalışır. Peyğəmbərləri öldürüblər, kitabları yandırıblar, məbədləri dağıdıblar, əsil xristian, yəhudi, İslam alimlərini terrorlarla aradan götürüblər. Amma nə Allah yox olub, nə din, nə də insanın iman ehtiyacı. İndi bu uzun siyahıya bir "TikTok" qəhrəmanının da adı əlavə olunub. Tarix, yəqin ki, bunu da birtəhər həzm edər...
Amma məni düşündürən başqa məqamdır. Elə bil, hamı Məqsəddən çox onun məqsədini ciddiyə alıb. Halbuki görünməyən Allaha qarşı mübarizə elan edən adamın ən böyük problemi Allah yox, elə öz düşüncəsidir...
Mənə elə gəlir ki, ona verilən 10 sutkalıq cəza bir az ağır alınıb. Yanlış başa düşülməsin, dini təhqiri müdafiə etmirəm. Sadəcə düşünürəm ki, məqsədi kainatın Sahibini "məğlub etmək" olan adama əlavə cəza verməyə bəlkə də ehtiyac yox idi. Axı bu dünyada gözlə görünən obyekt və subyektlərə: dövlətə, orduya, şirkətlərə, ayrı-ayrı insanlara qarşı cinayət törədənlərə, oğurluq, rüşvət, dələduzluq, narkotik alveri, qaçaqmalçılıq və digər ağır əməllərə görə məhkəmələr məhkumlara bəzən 10-15 il həbs cəzası verir. Bəs məqsədi görünməyən Allaha qarşı "mübarizə" aparmaq olan adama 10 sutka vermək nə dərəcədə zəruri idi? Çünki belə iddianın özü artıq kifayət qədər ağır yükdür, bəlkə də Yaradan dərgahında yolundan azmış bəndə üçün cəzanın bir növüdür...
Allah istəyir və bəndələrini - insanları bu dünyadakı həyatlarında sınamaq üçün Şeytana Qiyamətədək möhlət verir. Deməli, bəzən meydan vermək də hökmün bir hissəsidir. Kim hansı yolu seçirsə, nəticəsini də özü qarşılayır...
Polis öz işini görür, məhkəmə öz qərarını verir. Biz nə karəyik?.. Amma Allahın işini nə polis görə bilər, nə hakim... Allah qarşısında günah işlədibsə, ən ağır hökmü də, ən ədalətli hökmü də insan yox, ən Böyük Hakim Özü verəcək...
Ona görə də düşünürəm ki, Məqsəd Bağırovun taleyini 10 sutka yox, seçdiyi yol müəyyən edəcək. Gerisi isə Allahla onun arasındakı söhbətdir...
Sultan Laçın