Hikmət Hacıyev və “AnewZ” telekanalından erməni faşizminin ifşası ilə bağlı növbəti addım
1698
29 Jul 2026 | 09:22

Hikmət Hacıyev və “AnewZ” telekanalından erməni faşizminin ifşası ilə bağlı növbəti addım

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb. “Inside Shusha prison: A witness to horror” adlı sənədli filmdə litvalı hərbi jurnalist Riçardas Lapaitisin Şuşa həbsxanası ilə bağlı fikirləri yer alır.

Filmdə  Şuşa həbsxanasını işgəncə məkanı kimi təsvir edən Riçardas Lapatis, keçmiş azərbaycanlı hərbi əsirlərin ifadələrinə yer verib, Şuşa həbsxanasının divarlarının hələ də özündə əzablar əks etdirdiyini vurğulayıb.

Şübhəsiz, "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli film erməni faşizminin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Filmin ingilis dilində hazırlanması, filmdə erməni faşizmin törətdiyi vəhşiliklərin azərbaycanlıların deyil, tamamilə bitərəf olan başqa xalqın nümayəndəsi  - litvalı hərbi jurnalist Riçardas Lapaitis dili ilə ifşası ikiqat əhəmiyyət kəsb edir. Bu fakt bir daha sübut edir ki, ermənilərin Şuşa həbsxanasında azərbaycanlı əsirlərə qarşı törətdiyi vəhşiliklər dünya xalqları tərəfindən də lənətlə qarşılanmaqda, nifrətlə vurğulanmaqda, bütün insanlığa qarşı törədilən cinayət kimi dəyərləndirilməkdədir. Həmçinin, "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi bir daha sübut edir ki, üzərindən illər keçməsinə baxmayaraq, erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər heç vaxt unudulmayacaq, daim yad ediləcək, yeni filmlər, təkzibedilmzə faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Filmlə bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımı da beynəlxalq ictimaiyyətin diqqətini çəkən, erməni faşizminin qlobal miqyasda ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Prezident İlham Əliyev hər zaman erməni faşizminin ifşasının zəruriliyini vurğulayıb, məlum prosesin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bu baxımdan "AnewZ" telekanalının Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli film və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu filmlə bağlı paylaşımı erməni faşizminin ifşası baxımından növbəti addım hesab edilə bilər. Heç şübhə yoxdur ki, bu addımlar ermənilərin xalqımıza qarşı cinayətləri haqqında dünya ictimaiyyətinin daha dolğun şəkildə məlumatlandırılmasında mühüm rol oynayacaq, minlərlə əcnəbinin beynində “məzlum erməni” obrazını dağıdacaq, Azərbaycan həqiqətlərinin yeni zirvələr fəth etməsini təmin edəcək.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər