Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1764
28 Jul 2026 | 11:31

“Kiçik adamları”mızın Böyük Allahının mütləq cəzası...

“Qoy o malikanələrdə, villalarda, otellərdə, bahalı çimərliklərdə xalqın ruzisini tum kimi çırtlayan qudurğan zümrə bir az da kef etsin; Böyük Yaradan, inşallah həm bu dünyada onların bütün yediklərini, ləzzətlərini burnundan fitil-fitil gətirib hər kəsi mütləq öz cəzasına çatdıracaq...”
 
-"3 CÜMLƏDƏ BİR HEKAYƏT..."
 
Qoqolun şinelini Bakı mərkəzindəki brend mağazaların vitrininə dəyişən, Dostoyevskinin yoxsulluq fəlsəfəsini isə aran rayonlarının 45 dərəcəlik cəhənnəm istisində əridən bizim (kişi-qadın, böyük-uşaq) yerli “kiçik adam” aran rayonlarının 45 dərəcəlik cəhənnəmində soğan, pambıq yığaraq, yaxud küçələrdəki zibil qutularından metal içki bankalarını toplayaraq, oliqarxların hasarladığı pullu dəniz sahillərinə baxa-baxa canını palçıqlı bir suya atmağın çarəsiz xəyalını qurur...
 
O, küçədə gedə-gedə,  yaxud sükan arxasında siqaret çəkməyin, yolda piyada və ya sürücü kimi hərəkət qaydalarını qəfil pozmağın məlum məmurlar tərəfindən dərhal xüsusi cərimə ilə "mükafatlandırılacağını" bildiyindən kamera, radar və müfəttiş qorxusundan, az qala, kəşfiyyatçı kimi gizlənə-gizlənə yaşayır ki, axşamlar ucuz marketlərin qıcqırmış nemətlərini komasındakı tifillərinə, xəstə ata-anasında sağ-salamat çatdıra bilsin...
 
Çünki qaranlıq otağında milçək, ağcaqanaqların qaniçmə xorunun sədaları altında sərin bir künc tapıb leş kimi yıxılmaqdan başqa heç bir böyük hədəfi qalmayan bu görünməz insanın bütün gələcək planı ertəsi gün eyni hamballıq marafonuna yenidən başlamaq instinktindən ibarətdir...
 
P.S. Qoy o malikanələrdə, villalarda, bahalı çimərliklərdə xalqın ruzisini tum kimi çırtlayan qudurğan zümrə bir az da kef etsin; Böyük Yaradan, inşallah, elə bu dünyada onların bütün yediklərini, ləzzətlərini burnundan fitil-fitil gətirib hər kəsi mütləq öz cəzasına çatdıracaq. Yollardakı, küçə və meydanlardakı amansız cərimələrdən və ağır fəhləlikdən bişmiş canımızla biz Allahın köməkliyi ilə bu həyatda olmasa da, Axirətdə birbaşa cənnətin ən lüks, ən gözəl, ən rahat mərkəzində yerimizi alanda  görək Cəhənnəmin odunda yanan hansı oliqarxın, korrupsioner yüksək vəzifəlinin gücü bizi oradan çıxartdırmağa çatacaq?!..
 
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər