Prezident İlham Əliyev hər zaman təhlükəsizlik və müdafiə sektorunun Azərbaycan üçün bir nömrəli prioritet olduğunu vurğulayıb, bu sahədə vəziyyətin dinamik şəkildə yaxşılaşdırılması istiqamətində atılan addımların heç vaxt bitməycəyini bəyan edib.
Son vaxtlar coğrafiyamızda gərginliyin artması - Ukraynanın Xəzər dənizində Rusiya və İran gəmilərinə zərbələr endirməsi onu deməyə əsas verirmi ki, Azərbaycan güc faktoruna həyati amil kimi diqqət yetirməkdə haqlıdır və həqiqətən də hər an hər şeyə hazır olmaq lazımdır?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Azərbaycanın təhlükəsizlik faktoruna məlum yanaşma tərzinin doğru və məntiqli olduğunu bildirib:
“Dövlətlərin öz təhlükəsizliyi və müdafiəsinə yönəlmiş addımlar atması təbiidir. Dünyada baş verən proseslər fonunda bunun daha aktual olduğu bir məqamda Azərbaycanın da eyni addımları atması dövlət təhlükəsizliyi məsələsidir. Bu baxımdan ki, Azərbaycan Prezidenti İlham Əliyev bunun bitməyən proses olduğunu vurğulayıb. Bu, dövlət təfəkkürüdür. Dövlətin gələcəyi üçün mühüm amildir.

Xəzər dənizi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən ərazidir, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizlərinin predmetidir. Azərbaycan da bu layihələrin iştirakçısı və təşkilatçısıdır. Xəzər dənizində hər hansı səbəbdən yaranacaq gərginlik Azərbaycan dövləti üçün strateji təhlükə mənbəyi hesab edilir. Azərbaycanın enerji infrastrukturunun ehtiyac halında müdfiəsi, lazım gələrsə cavab verilməsi kimi hadisələr dövlətin həmişə diqqət mərkəzindədir və buna hazırdır.
Azərbaycan başqalarının müharibəsinə qarışmaq istəmir. Dövlətimiz özünü bundan kənar tutmağa çalışır. Yaın coğrafiyadakı qarşıdurmalar isə məcburi şəkildə qonşu ölkələrə sıçramaq xarakteri daşıyır. Azərbaycan dövləti bunun üçün öz müdafiə və silahlanma məsələlərinə önəm verir, buna bir nömrəli amil kimi yanaşır.
Hesab edirəm ki, Azərbaycanın regionumuzda və müharibə mövcud olan bölgələrdəki məsələlərə yanaşması sülhpərvər xarakter daşıyır, beynəlxalq hüququn qorunması istiqamətindədir. Bunu digər ölkələr, xüsusilə də, bir-biriləri ilə müharibə edən ölkələr bilir. Onlar Azərbaycanın hərbi gücünü də bilirlər. Ona görə də Azərbaycana yanaşmada diqqətlidirlər.”.
Seymur ƏLİYEV