Bizi sosial şəbəkələrdən izləyin:
İraqın baş naziri Əli əl-Zeydinin Tehrana səfəri əsas məsələlər üzrə razılaşma əldə olunmadan başa çatıb.
Moderator.az xəbər verir ki, bu haqda İran telegram-kanalları məlumat yayıb.
"Əl-Hurra" telekanalının yaydığı xəbərə görə, İran tərəfi əl-Zeydidən uzun illər ərzində İran qazının idxalı nəticəsində yığılan 11 milyard dollar məbləğində borcun ödənilməsini tələb edib. Baş nazir isə hazırkı şəraitdə bunun mümkün olmadığını bildirərək, alternativ olaraq Səudiyyə Ərəbistanının İran zəvvarları ilə bağlı borcundan 1 milyard dolların ödənilməsini təklif edib. Lakin mənbələrin iddiasına görə, Tehran bu təklifi qəbul etməyib və borcun birbaşa ödənilməsində israr edib.
Əl-Hurra bildirir ki, Bağdad üçün ikinci mühüm məsələ İraq neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması olub. Mənbələrin sözlərinə görə, İraq bu məsələdə də konkret nəticə əldə edə bilməyib.
Qeyd olunur ki, Hörmüz boğazı İraq üçün strateji əhəmiyyət daşıyır. Çünki ölkənin dövlət gəlirlərinin 90 faizdən çoxu bu marşrut vasitəsilə həyata keçirilən neft ixracından formalaşır.
S.Laçın