"Rusiya və ABŞ arasında keçirilən danışıqlardan sonra mətbuata verilən bəyanatlarda Rusiya ilə Ukrayna arasında hər hansı razılaşmanın əldə olunmadığına dair mesajlar səsləndi. Rubio bildirdi ki, yeni yanaşmalara və yeni konsepsiyalara ehtiyac var. Bu isə onu göstərir ki, danışıqlar prosesi ilə bağlı hələlik heç bir razılaşma əldə edilməyib".
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a Rusiyanın məhkumların hərbi xidmətə cəlbini genişləndirən qərarına münasibət bildirərkən səsləndirib.

Əli Zülfüqaroğlu qeyd edib ki, eyni zamanda Lavrov bəyan etdi ki, Rusiya Alyaskada əldə olunan razılaşmalara sadiqdir:
"Alyaskada isə Rusiya ilə Birləşmiş Ştatlar arasında daha çox Rusiyanın maraqlarını özündə ehtiva edən razılaşmalar əldə olunmuşdu. Buraya Ukraynanın NATO-ya üzv olmaması, Ukrayna ordusuna müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, təhlükəsizlik zəmanətlərinin verilməməsi, eləcə də Rusiyanın işğal etdiyi ərazilərin Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması və digər qəbuledilməz şərtlər daxil idi.
Bu isə onu göstərir ki, Rusiya Ukrayna tərəfindən etirazla qarşılanan şərtlər üzərində israr edir və geri çəkilmək niyyətində deyil. Bu da o deməkdir ki, hər iki tərəf tükəndirmə strategiyasını davam etdirəcək və nəticə etibarilə müharibə daha da şiddətlənəcək.Tərəflərin mülki obyektləri və enerji infrastrukturunu hədəfə alması da bunu deməyə əsas verir. Zelenski də bildirmişdi ki, əsas prioritet qışa hazırlıqdır.
Bildiyiniz kimi, əvvəlki qış aylarında Ukraynanın enerji infrastrukturu Rusiya tərəfindən intensiv şəkildə hədəfə alınmış və bu, ölkəni ciddi problemlərlə üz-üzə qoymuşdu. Təbii ki, bu, Rusiya tərəfindən təsadüfi həyata keçirilən addım deyildi. Əsas məqsəd təkcə hərbi üstünlük əldə etmək deyil, eyni zamanda psixoloji təsir göstərmək idi.
Çünki ordunun döyüş qabiliyyəti ilə yanaşı, əhalinin mənəvi-psixoloji vəziyyəti də böyük əhəmiyyət daşıyır. Rusiya enerji infrastrukturunu hədəfə almaqla əhalini qazsız və işıqsız qoymağa, bununla da əhali ilə ordu arasındakı bağlılığı zəiflətməyə çalışırdı. Lakin Ukrayna əvvəlki qış mövsümündə bu çətinliklərin öhdəsindən gələ bildi.
Əgər qarşıdan gələn qış aylarında da eyni yanaşma davam etdirilərsə, yəni əhalinin müqavimətini zəiflətmək məqsədilə yenidən infrastruktur obyektlərinə hücumlar həyata keçirilərsə, təbii ki, Ukrayna da eyni yanaşmanı sərgiləyəcək və Rusiyanın infrastruktur obyektlərini hədəfə almaqla buna adekvat cavab verdiyini bildirəcək.
Bütün bunlar isə onu deməyə əsas verir ki, qış aylarında vəziyyət daha da gərginləşəcək. Bu isə o deməkdir ki, hər iki tərəfin insan resursuna ehtiyacı artacaq. Ona görə də hesab edirəm ki, Rusiyanın atdığı addımların əsas səbəblərindən biri də məhz bununla bağlı ola bilər".
Pərvin Şakirqızı