Hərbi ekspert Rusiyanın məhkumlarla bağlı qərarına münasibət bildirdi
2714
25 Jul 2026 | 15:58

Hərbi ekspert Rusiyanın məhkumlarla bağlı qərarına münasibət bildirdi

Rusiya Dövlət Duması Müdafiə Nazirliyinə həbsxanalarda saxlanılan məhkumlar hesabına müqaviləli hərbi qulluqçuların sayını artırmağa imkan verən qanun layihəsini qəbul edib. Yeni dəyişikliklərə əsasən, əvvəllər hərbi xidmətə cəlb olunması qadağan edilən daha 11 cinayət tərkibi, o cümlədən ağır cinayətlər üzrə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər də müəyyən şərtlərlə Ukraynadakı müharibəyə göndərilə biləcəklər. 

Rəsmi Moskva bunu 2026-cı il üçün qoşunların komplektləşdirilməsi zərurəti ilə izah edir. Bəs, Rusiyanın ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin də hərbi xidmətə cəlb olunmasını genişləndirməsi cəbhədə canlı qüvvə çatışmazlığının göstəricisi hesab oluna bilərmi?

Mövzu ilə bağlı Moderator.az-a hərbi ekspert Səxavət Məmmədov açıqlama verib. 

Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatına nəzər saldıqda görürük ki, hər iki tərəfin canlı qüvvəyə ciddi ehtiyacı var:

"Həm Rusiya, həm də Ukrayna tərəfi muzdlu əsgərlərdən geniş istifadə edir. Eyni zamanda, Rusiya tərəfi, demək olar ki, bu müharibə vasitəsilə müəyyən mənada həm türmələri, hətta deyərdim ki, küçələri belə "təmizləmiş" oldu. Xatırlayırıq ki, vaxtilə türmələrdə saxlanılan məhbusların cəbhəyə göndərilməsi faktları da olub. Hazırda da bəzi cinayətləri törətmiş şəxslərin yenidən müharibəyə cəlb edilməsi və onların döyüş əməliyyatlarında iştirakının hüquqi müstəviyə keçirilməsi istiqamətində addımlar atılır.

Təbii ki, dörd ildən artıq, artıq beş ilə yaxın davam edən bir müharibədə canlı qüvvəyə ehtiyacın olması qaçılmazdır. Lakin Rusiya tərəfinə baxdıqda təkcə bunu görmürük. Ümumiyyətlə, Rusiya bəzi hallarda qanun çərçivəsində deyil, qanundan kənar üsullarla da hərəkət edir".

Səxavət Məmmədov vurğulayıb ki, demək olar ki, ayrı-ayrı klublardan, müxtəlif qruplardan insanların toplanaraq cəbhəyə göndərilməsi ilə bağlı da məlumatlar yayılmışdı:

"Bununla yanaşı, cinayət törətmiş şəxslərin döyüş bölgəsinə göndərilməsi praktikası da mövcuddur. Mən düşünürəm ki, həmin şəxsləri elə istiqamətlərə göndərəcəklər ki, onların sağ qalmaq imkanları müəyyən qədər olsun.

Təbii ki, müharibədir, hər kəs sağ da qala bilər, həlak da ola bilər. Amma görünən odur ki, bunu elə bir formaya salmağa çalışırlar ki, itkilər qaçılmaz olarsa, daha çox  qanun pozmuş və cinayət törətmiş şəxslər bu prosesə cəlb edilsin.Təbii ki, Rusiyanın da canlı qüvvəyə ehtiyacı var.

 Düzdür, iddialar var ki, yeni səfərbərlik elan edilə və əlavə 500-700 min nəfər prosesə cəlb oluna bilər. Amma hər halda, Rusiya müharibənin ilk mərhələlərindən etibarən bu tip addımlar atır. Hesab edirəm ki, Rusiya təkcə bu sahədə deyil, digər istiqamətlərdə də müəyyən qanunvericilik dəyişikliklərinə gedə və oxşar addımlar ata bilər.

Ona görə də düşünürəm ki, burada söhbət yalnız canlı qüvvə çatışmazlığından deyil, həm də mövcud resursların idarə olunmasından gedir. Hesab edirəm ki, ön xətdə dronların geniş tətbiqi nəticəsində itkilərin sayı kifayət qədər artıb.

Buna görə də cinayət törətmiş şəxsləri türmələrdə saxlayıb onların saxlanmasına vəsait xərcləməkdənsə, onları cəbhəyə göndərərək hansısa formada dövlət üçün xidmət etmələrini daha məntiqli yanaşma hesab edirlər. Əslində bu, gözlənilən bir addımdır və hesab edirəm ki, Rusiya gələcəkdə bu praktikanı daha da genişləndirəcək".

Pərvin Şakirqızı

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər