"Gerçəklik odur ki, Paşinyan haqqı ilə qələbə qazandı. Onun önünü nə Rusiya kəsə bildi, nə Erməni Kilsəsi, nə də ermənilərin diasporası...”
“Diplomatiyada bəzən bir təbrik məktubundan daha vacib olan ondan sonra gələn konkret addımlardır...”
“Pekin ənənəvi olaraq daha praqmatik davranır və Ermənistanla münasibətlərində əsasən iqtisadi, nəqliyyat və regional sabitlik məsələlərinə diqqət yetirir...”
“Ən maraqlı sual budur: Paşinyanın Qərbə yaxınlaşması Moskva və Pekin üçün nə dərəcədə qəbuledilməz həddə çatıb?..”
“Onlar Paşinyanın Qərbə yönəlməsini qəbul etməsələr də, onunla işləmək məcburiyyətindədirlər və münasibətləri tamamilə qoparmaq istəmirlər...”
“Sizcə, hansı səbəblərdən Rusiya və Çin rəhbərliyi Ermənistan lideri Nikol Paşinyanı üzərindən artıq 50 günə yaxın müddət ötən seçkilərdə növbəti qələbə münasibəti ilə təbrik etmirlər? Yoxsa Putin və Sin Cinpin Avropa və ABŞ yönümlü inkişaf yolu seçmiş Paşinyandan İslam təbirincə desək, onlara beyət etməsinə ciddi işarə gözləyirlər? Bu iki böyük dövlətin Paşinyanı təbrik etməməsi onun üçün çoxmu problemlər yarada bilər?..”
Bu sualları ünvanladığımız ABŞ-da yaşayıb fəaliyyət göstərən təhlilçi professor, konfliktoloq Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri səsləndirib:
“Hesab edirəm ki, burada məsələyə bir qədər daha soyuqqanlı və realist yanaşmaq lazımdır. Rusiya və Çinin Nikol Paşinyanı 7 iyun parlament seçkilərindən sonra təbrik etməməsi, əlbəttə, siyasi mesaj kimi qiymətləndirilə bilər. Lakin bunu avtomatik olaraq “beyət gözləməsi” kimi izah etmək bir qədər sadəlövh yanaşma olar...
Moskvanın Paşinyana münasibətində əsas problem onun Ermənistanın xarici siyasətini Rusiyanın təsir dairəsindən uzaqlaşdırması, Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirməsi, Ermənistanın təhlükəsizlik arxitekturasını Qərbə doğru istiqamətləndirməsi və Rusiya ilə əvvəlki strateji münasibətləri yenidən nəzərdən keçirməsidir. Buna görə də Putinin Paşinyanı təbrik etməməsi daha çox şəxsi münasibətdən deyil, Moskvanın İrəvanın seçdiyi geo-siyasi kursa narazılığından xəbər verir. Kremlin Paşinyana mənfi, hətta düşmən münasibətinin tarixi artıq 7-8 ili əhatə edir...
Çinin mövqeyini isə Rusiyanın mövqeyi ilə tam eyniləşdirmək düzgün olmaz. Pekin ənənəvi olaraq daha praqmatik davranır və Ermənistanla münasibətlərində əsasən iqtisadi, nəqliyyat və regional sabitlik məsələlərinə diqqət yetirir. Buna görə Çinin susqunluğunun arxasında Rusiyanınkına bənzər siyasi səbəblərin olub-olmadığını ayrıca araşdırmaq lazımdır. Çin bu məsələyə o qədər də ciddi əhəmiyyət verməmiş də ola bilər. Çünki ola bilsin ki, belə bir təbrikin onun gələcəkdə aparacağı siyasətə heç bir təsiri olmayacaq...
Zənnimcə, ən maraqlı sual budur: Paşinyanın Qərbə yaxınlaşması Moskva və Pekin üçün nə dərəcədə qəbuledilməz həddə çatıb? Əlbəttə, bunu tam dəqiqliyi ilə müəyyən etmək asan deyil. Bu dövlətlərdən biri – Rusiya Paşinyandan daha çox şey tələb edir və bu da onların tarixi bağlarından qaynaqlanır. Çin isə Paşinyandan Rusiyanın gözlədiklərini umacaq bir mövqedə deyil. Amma əgər bu iki dövlət həqiqətən də Paşinyanın onlara “beyət etməsini” gözləyirsə, bu, artıq Ermənistanın xarici siyasətinin tamamilə başqa bir geo-siyasi mərhələyə daxil olduğunu göstərərdi. Amma daha real ehtimal budur ki, onlar Paşinyanın Qərbə yönəlməsini qəbul etməsələr də, onunla işləmək məcburiyyətindədirlər və münasibətləri tamamilə qoparmaq istəmirlər...
Paşinyanın özü üçün əsas risk isə təbrikin olub-olmamasından daha çox Rusiya və Çinin Ermənistan qarşısında gələcəkdə hansı konkret addımları atacağıdır. Əgər Moskva iqtisadi, enerji, təhlükəsizlik və siyasi təzyiq alətlərindən istifadə etməyə davam edərsə, bu, Paşinyan üçün ciddi problemlər yarada bilər. Çinin isə daha çox iqtisadi və regional layihələr üzərindən təsir göstərməsi mümkündür. Lakin Ermənistanın Qərblə münasibətlərinin dərinləşməsi bu iki dövlətin təsir imkanlarını müəyyən qədər məhdudlaşdırır...
Gerçəklik odur ki, Paşinyan haqqı ilə qələbə qazandı. Onun önünü nə Rusiya kəsə bildi, nə Erməni Kilsəsi, nə də ermənilərin diasporası. Ona görə də hər kəs üçün, o cümlədən Rusiya və Çin üçün ən faydalı yol Paşinyanla əməkdaşlığın yollarının axtarılıb tapılmasıdır...
Paşinyanın təbrik edilməməsi diplomatik baxımdan əhəmiyyətli və simvolik bir mesaj ola bilər, amma hələlik bunu Ermənistan üçün böyük siyasi böhranın başlanğıcı kimi qiymətləndirmək tezdir. Əslində, əsas məsələ Putinin və Si Cinpinin Paşinyanı təbrik edib-etməməsi deyil, Moskva və Pekinin Ermənistanın Qərbə doğru strateji dönüşünə qarşı hansı real addımları atacağıdır. Diplomatiyada bəzən bir təbrik məktubundan daha vacib olan ondan sonra gələn konkret addımlardır...”
Təqdim etdi:
Sultan Laçın