Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm Qələbə ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu, uzun illər davam edən işğala son qoyuldu.
Azərbaycan Ordusunun yüksək peşəkarlığı, xalq–ordu–dövlət birliyi və qətiyyətli siyasi iradə Zəfərin əsas amilləri kimi tarixə düşdü. Bu qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycanın gücünü, milli həmrəyliyini və haqq mübarizəsini bütün dünyaya nümayiş etdirdi.
Altı il əvvəl qazanılan bu şanlı Zəfər bu gün də ölkənin inkişaf yolunun, milli qürurunun və dövlətçilik ənənələrinin ən mühüm sütunlarından biri kimi qiymətləndirilir.
Bəs bu tarixi Qələbəni fərqləndirən əsas amillər hansılardır və Azərbaycanın qazandığı bu təcrübə gələcək nəsillərə necə ötürülməlidir?
Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu açıqlama verib.
Deputat qeyd edib ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində yeni lokal müharibə növləri meydana çıxmağa başladı:
"Bunun əsas səbəbi isə etnik separatçılıq zəminində yaranan müharibələr idi. Sovet İttifaqının dağılmasından sonra postsovet məkanında və Şərqi Avropada oxşar xarakterli çoxsaylı münaqişələr baş verdi. Onların bir qismi bu günə qədər həllini tapmayıb, bəzilərinin miqyası isə daha da genişlənərək böyük dövlətlər arasında müharibəyə çevrilib. Rusiya–Ukrayna müharibəsi bunun bariz nümunəsidir. Dnestryanı münaqişəsi hələ də dondurulmuş vəziyyətdə qalır, Şimali Qafqazdakı bir sıra münaqişələr isə gələcəkdə yenidən alovlanmaq potensialını saxlayır.
Etnik separatçılıqdan qaynaqlanan müharibələrdən biri də Azərbaycanın üzləşdiyi problem idi. Azərbaycan bu problemin həlli istiqamətində yeni və özünəməxsus təcrübə formalaşdırdı. Otuz il davam edən münaqişə göstərdi ki, nə beynəlxalq hüquq normaları, nə də münaqişələrin həlli məqsədilə yaradılmış, Avropanın aparıcı dövlətlərinin rəhbərliyi altında fəaliyyət göstərən müxtəlif qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar bu problemi həll edə bildi".
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan təcrübəsi sübut etdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etməsi üçün ilk növbədə güclü iqtisadiyyat, uzaqgörən diplomatiya, qüdrətli ordu və xalq-iqtidar birliyi olmalıdır:
"Bunlar problemin rəsmi və institusional müstəvidə həllini təmin edən əsas şərtlərdir. Bununla yanaşı, həmin amillər mənəvi dəyərlərlə tamamlanmalıdır. Güclü ordu yalnız texniki imkanlarla deyil, vətənpərvərlik və Vətən sevgisi ilə güclü olur.
Xalq-iqtidar birliyi səmimiyyət üzərində qurulmadıqda öz əhəmiyyətini itirə bilər. Güclü iqtisadiyyat isə başqa dövlətlərdən asılı olduqda tam müstəqilliyi təmin etmir. Müharibə şəraitində iqtisadi blokada və müxtəlif məhdudiyyətlərlə üzləşmək ehtimalı da nəzərə alınmalıdır. Azərbaycan bütün bu amilləri kompleks şəkildə qiymətləndirərək müharibəyə hazırlaşdı. Lakin bu hazırlıq müharibə naminə deyil, sülhün və ədalətin bərpası naminə aparılırdı.
Hesab edirəm ki, 2003-cü ildən sonrakı dövrdə Azərbaycan dövlətçiliyinin inkişafında sadalanan amillərlə yanaşı, ölkənin müstəqil hərbi sənayesinin formalaşdırılması da xüsusi qeyd olunmalıdır. Çünki bütün silah-sursatı xaricdən idxal edən dövlət müharibə zamanı onları əldə etməkdə çətinliklə üzləşə bilər və müxtəlif məhdudiyyətlərlə qarşılaşa bilər. Bunun şahidi də olmuşuq".
Deputat əlavə olaraq bildirib ki, məhz bütün bu komponentlərin vəhdəti Azərbaycanı 44 günlük Vətən müharibəsində qəti Qələbəyə apardı:
"Lakin 44 günlük müharibə otuz illik problemi həll etsə də, xalqımızın yüzillik tarixi problemi hələ də qalmaqda idi. 1923-cü ildə ölkəmizdə yaradılmış qondarma muxtar qurum haqqında danışarkən Heydər Əliyev onu Azərbaycan dövlətinin təməlinin altına qoyulmuş mina kimi xarakterizə etmişdi.
44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməmişdi. Xankəndidə hələ də ermənilər yaşayır, müxtəlif ölkələrin dəstəyi ilə yenidən Azərbaycana qarşı müharibəyə hazırlaşırdılar.
Bu mərhələdə son nöqtəni qoyacaq güclü siyasi iradəyə, qətiyyətli qərara və uzaqgörən siyasətə ehtiyac var idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz bu iradəni nümayiş etdirərək 23 saat davam edən antiterror əməliyyatı ilə yüzillik problemin həllini təmin etdi.
90-cı illərin əvvəllərində Azadlıq meydanında tez-tez səslənən "Ermənisiz Azərbaycan!" şüarı xalqın yaşadığı ağrıların və narahatlığın ifadəsi idi. İnsanlar hesab edirdilər ki, Azərbaycanda sonuncu erməni yaşadığı müddətdə separatçılığın yenidən baş qaldırmaq təhlükəsi qalacaq.
Bu gün isə xalq həmin məqsədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə nail olub. Bu hadisələr böyük ibrət dərsidir. Tarix həmişə ibrət məktəbi kimi qiymətləndirilir. Lakin 44 günlük Vətən müharibəsinin hər günü, hər anı, hər dəqiqəsi öyrənilməli, döyüş tariximizin bütün məqamları gələcək nəsillərə çatdırılmalıdır. Bu tarixi Zəfəri daha da möhkəmləndirmək və əbədiləşdirmək üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Bu Qələbə vətəndaşlar tərəfindən düzgün qiymətləndirilməlidir. Bu Zəfərin necə qazanıldığı, Azərbaycan xalqının hansı ağır sınaqlardan keçdiyi, bu tarixi uğura imza atan liderin fəaliyyəti və gələcəkdə daha böyük uğurların əldə olunması üçün cəmiyyətin üzərinə düşən məsuliyyət daim diqqətdə saxlanmalıdır. Düşünürəm ki, Azərbaycan xalqı bunu dərindən dərk edir və öz tarixi yaddaşına, dövlətçilik ənənələrinə söykənərək bu istiqamətdə əlindən gələni etməyə hazırdır.
Pərvin Şakirqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.
