“Kreml Ermənistandakı 7 iyun seçkilərində Paşinyan başda olmaqla Qərb, Amerika, Avropa meyilli qüvvələrin yox, Robert Köçəryan, Samvel Karapetyan, Qagik Tsarukyan kimi rusiyapərəst, həmçinin Azərbaycan və Türkiyəyə qarşı revanşist, irqçi xislətli qüvvələrin qalib gəlməsini hədəf seçmişdi. Amma...”
“Ermənistanın Çinlə münasibətləri Rusiya ilə münasibətlərə nisbətdə normaldır... Və ilk baxışdan Si Cinpinin Paşinyanı qələbnə münasibətilə təbrik etməməsi təəccüblü görünür. Lakin...”
Ermənistanın baş naziri Nikol Paşinyan, onun komandası və lideri olduğu partiyanın son parlament seçkilərindəki qələbəsindən artıq 50 günə yaxın vaxt ötməsinə rəğmən istər onun ilk səfərini etdiyi Rusiyanın prezidenti V.Putin, istərsə də Çin lideri Sin Cinpin ermənistanlı həmkarlarını təbrik etməyib. Sözügedən səsvermə öncəsi və sonrasında Rusiya, Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına etiraz olaraq İrəvana qarşı səfirini geri çağırmaq və kənd təsərrüfatı məhsullarına embarqo qoymaq kimi ciddi iqtisadi və siyasi təzyiqlər tətbiq edib. Seçkidən bir ay sonra, iyulun 6-da Paşinyan Rusiyaya səfər edərək iki ölkə arasındakı problemli məsələləri normallaşdırmağa çalışsa da, Kremldən gələn soyuq və praqmatik münasibət gərginliyin hələ də qaldığını nümayiş etdirir. Hazırda tərəflər regional şəraitə uyğun olaraq münasibətləri yenidən nəzərdən keçirmə mərhələsinə daxil olublar və Rusiya Ermənistanı siyasi loyallığa məcbur etmək üçün enerji rıçaqlarından istifadə etməyə davam edir.
Ermənistan və Çin 31 avqust 2025-ci il tarixində strateji tərəfdaşlıq quraraq diplomatik və iqtisadi münasibətlərini yeni mərhələyə daşımışdır. Rusiyadan asılılığı azaltmaq istəyən İrəvan, "Bir kəmər, bir yol" çərçivəsində Pekinlə əlaqələri gücləndirərək ŞƏT ilə yaxınlaşır. Ticarət dövriyyəsinin 2.2 milyard dolları keçdiyi şəraitdə Çin Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. Vizasız rejim və infrastruktur layihələri (o cümlədən Çin elektromobilləri) iki ölkə arasında turizm və iqtisadi əməkdaşlığı sürətləndirib...
Bəs görəsən, əsasən hansı səbəblərdən Rusiya və Çin rəhbərliyi Ermənistan liderini seçkilərdə növbəti qələbə münasibəti ilə təbrik etmirlər? Bəlkə Putin və Sin Cinpin Avropa və ABŞ yönümlü inkişaf yolu seçmiş Paşinyandan İslam təbirincə desək, onlara beyət etməsinə ciddi işarə gözləyirlər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri səsləndirib:
“Rusiyanın, onun lideri Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanı təbrik etməməsinin əsas səbəbi bəllidir. Belə ki, Kreml və konkret olaraq Putin Ermənistandakı 7 iyun seçkilərində Paşinyan başda olmaqla Qərb, Amerika, Avropa meyilli qüvvələrin yox, Robert Köçəryan, Samvel Karapetyan, Qagik Tsarukyan kimi rusiyapərəst, həmçinin Azərbaycan və Türkiyəyə qarşı revanşist, irqçi xislətli qüvvələrin qalib gəlməsini hədəf seçmişdilər. Lakin bütün siyasi və maddi səylərinə rəğmən son parlament seçkilərində Paşinyan və onun komandası qalib gəldi. Bu isə Ermənistanın bir Cənubi Qafqaz ölkəsi kimi Qərbə inteqrasiya prosesini gücləndirməsi və gələcəkdə Rusiyanın orbitindən tamamilə uzaqlaşması demək idi. Və təbii ki, Putinin Paşinyanı təbrik etməməsinin əsas səbəbi də budur...
Ermənistanın Çinlə münasibətləri Rusiya ilə münasibətlərə nisbətdə normaldır. Qeyd etdiyiniz kimi, Ermənistan və Çin 2025-ci ilin avqustunda strateji tərəfdaşlıq quraraq diplomatik və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi yolunu tutublar. Və ilk baxışdan Si Cinpinin Paşinyanı qələbnə münasibətilə təbrik etməməsi təəccüblü görünür. Lakin iri dövlətlərin özlərindən kiçik dövlətlərlə gerçəklikdə necə münasibət bəslədikləri məlumdur. Bu mənada ola bilsin, sizin sualınızda səslənən ehtimalın da doğru olması mümkündür. Yəni Putin də, Si Cin Paşinyanın onlara beyət etməsini gözləyirlər...”