Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1911
23 Jul 2026 | 18:48

“Əgər nikahınızın heç vaxt boşanma ilə sonlanmasını istəmirsizsə...”- CÜMƏ BƏHSLƏRİ

“Ümid heç vaxt itmir. Ayrılığın astanasında dayanan ailələr üçün belə, yenidən yaxınlaşmaq, yaraları sağaltmaq və sevgini yenidən canlandırmaq mümkündür…”
 
“Ailədə son qərarı vermək məsuliyyəti kişiyə həvalə olunsa da, bu, qadının haqqını tapdalamaq, onu susdurmaq və ya qorxu altında saxlamaq anlamına gəlmir. Əksinə…”
 
“Hansı vəziyyətdə olursunuzsa-olun, nə qədər incimiş olsanız belə, sözlərinizlə bir-birinizin qəlbini yaralamayın…”
 
“Unutmayın: Həyat yoldaşınız sizin düşməniniz deyil, həyat yolunuzu paylaşdığınız insandır...”
 
“Əgər qəzəblənmisinizsə, bir qədər gözləyin, 10-dək sayın, oturun, dəstəmaz alın və yalnız sakitləşdikdən sonra qərar verin. Sakit ağılın verdiyi qərar çox zaman peşmanlıqdan uzaq olar...”
 
“İnsanın ən çox ehtiyac duyduğu şeylərdən biri də əməyinin və sevgisinin görüldüyünü hiss etməkdir. Bu, həm qadına, həm də kişiyə aiddir…”
 
“Ailə sirrini qorumaq da sevginin bir göstəricisidir. Sizə və həyat yoldaşınıza aid olan məsələləri heç vaxt başqalarının qarşısına çıxarmayın…”
 
“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki, kişilərin ən xeyirlisi öz həyat yoldaşına qarşı ən yaxşı davranandır…”
 
…Ailə cəmiyyətin ən mühüm dayaqlarından biri, insanın sevgi, güvən və mənəvi rahatlıq tapdığı müqəddəs bir ocaqdır. Lakin bu gün dünyada, eləcə də Azərbaycanda boşanmaların sayının getdikcə fəlakətli miqyasda artması ailə institutunun üzləşdiyi ciddi problemlərdən xəbər verir. Bir zamanlar sevgi və ümidlə qurulan ailələrin müxtəlif səbəblərdən dağılması təkcə ər-arvadın deyil, bütövlükdə cəmiyyətin ağrılı məsələlərindən birinə çevrilib. Bəs ailəni qorumaq, münasibətləri möhkəmləndirmək və sevgini sınaqlardan keçirərək yaşatmaq üçün ailənin qurucuları olan ər-arvad, gələcək və ya bugünkü artıq oğul-qız sahibi də olan ata-ana nələri etməlidir?..
 
Moderator.az-ın dəyərli oxucularının müzakirəsinə təqdim etdiyimiz “İslam-Today” nəşrinin tanınmış yazarı Səidə Həyatın “Əgər nikahınızın heç vaxt boşanma ilə sonlanmasını istəmirsinizsə…” başlıqlı yazısının tərcüməsi əsasında hazırladığımız bu yazıda nikahın möhkəmliyinə xidmət edən, ailə səadətini qorumağa kömək göstərə biləcək mühüm tövsiyələr yer alır. Ümid edirik ki, bu fikirlər hər bir oxucunu ailə dəyərləri, qarşılıqlı hörmət və mərhəmət haqqında düşünməyə sövq edəcək:
 
“Uca Allah Qurani-Kərimdə buyurur:
 
“Onun dəlillərindən biri də sizin üçün özünüzdən zövcələr yaratmasıdır ki, onlarla rahatlıq tapasınız. O, sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır…”
 
Uca Allah insan üçün ailəni sadəcə birgə yaşayış deyil, qəlblərin bir-birinə sığındığı, ruhların rahatlıq tapdığı müqəddəs bir bağ olaraq yaratmışdır. Kişi ilə qadın arasındakı nikah məhəbbətin, ehtiramın, aramlığın və qarşılıqlı mərhəmətin təməli üzərində qurulmalıdır.
 
Lakin həyatın gerçəklikləri bəzən fərqli olur. İnsanların zəiflikləri, bir-birini anlamaqda çətinlik çəkmələri, ailə münasibətlərini düzgün qurmağı bacarmamaları səbəbindən bəzən ən gözəl arzular belə sınaqlarla üzləşir. Elə ailələr olur ki, bir vaxtlar sevgi ilə başlayan münasibətlər zaman keçdikcə yorğunluq, inciklik və anlaşılmazlıqlar içində çətin günlər yaşayır…
 
Amma ümid heç vaxt itmir. Ayrılığın astanasında dayanan ailələr üçün belə, yenidən yaxınlaşmaq, yaraları sağaltmaq və sevgini yenidən canlandırmaq mümkündür.
 
Aşağıdakı tövsiyələr ailəsini qorumaq istəyən, nikahının möhkəm və bərəkətli olmasını arzulayan hər kəs üçündür:
 
Tiran- zülmkar olmayın...
 
Uca Allah kişiyə ailədə məsuliyyət və rəhbərlik vəzifəsi vermişdir. Lakin bu rəhbərlik hökmranlıq, sərtlik və zülm demək deyildir.
 
Ər həyat yoldaşına hörmətlə yanaşmalı, onun fikrinə dəyər verməli, sözünü dinləməli, hisslərini nəzərə almalıdır. Ailədə son qərarı vermək məsuliyyəti kişiyə həvalə olunsa da, bu, qadının haqqını tapdalamaq, onu susdurmaq və ya qorxu altında saxlamaq anlamına gəlmir. Əksinə, ailədə rəhbərlik böyük bir əmanətdir və bu əmanət mərhəmət, ədalət və gözəl rəftarla qorunmalıdır...
 
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki, kişilərin ən xeyirlisi öz həyat yoldaşına qarşı ən yaxşı davranandır...
 
Qərarların qəbulunda bir-birinizə tərəfdaş olun...
 
Ailə iki insanın bir yolda addımladığı və ümumi rifaha can atdıqları müqəddəs bir birlikdir. Buna görə də mühüm qərarlar yalnız bir nəfərin deyil, hər iki tərəfin düşüncəsi və razılığı ilə qəbul edilməlidir. Unutmayın ki, siz artıq yalnız “mən” deyil, “biz”siniz. Sizin sevinciniz də, çətinliyiniz də ortaqdır. Ailənin xoşbəxtliyi naminə hər bir tərəfin fikri, hissi və töhfəsi qiymətlidir…
 
Bir-birini dinləyən və anlayan ailədə mehribanlıq, sükunət və bərəkət daha çox olar...
 
Heç bir halda həyat yoldaşınızı təhqir etməyin...
 
Hansı vəziyyətdə olursunuzsa-olun, nə qədər incimiş olsanız belə, sözlərinizlə bir-birinizin qəlbini yaralamayın. Qəzəb anında deyilən bir söz bəzən illərlə qurulan sevgidə dərin iz buraxa bilər. İnsan öz həyat yoldaşını incitməklə əslində öz ailəsinin təməlini sarsıdır...
 
Unutmayın: 
Həyat yoldaşınız sizin düşməniniz deyil, həyat yolunuzu paylaşdığınız insandır...
 
Sözlərinizə diqqət edin...
 
Qəzəb insanın düşüncəsini örtən bir pərdədir. İnsan hirsli olduğu anda sonradan peşman olacağı sözlər söyləyə bilər. Belə anlarda nəfsinizə hakim olun, özünüzü qoruyun. Çünki bir dəfə qırılan qəlbi və bu səbəbdən yaralanan münasibətləri bərpa etmək hər zaman asan olmur...
 
Əgər qəzəblənmisinizsə, bir qədər gözləyin, 10-dək sayın, oturun, dəstəmaz alın və yalnız sakitləşdikdən sonra qərar verin. Sakit ağılın verdiyi qərar çox zaman peşmanlıqdan uzaq olar...
 
Məhəbbətinizi və bağlılığınızı nümayiş etdirin...
 
Sevgi yalnız qəlbdə gizlənən bir hiss deyil, davranışlarla görünən bir nemətdir. Həyat yoldaşınıza qarşı mehriban sözlərdə, kiçik diqqətlərdə, səmimi münasibətdə xəsis olmayın. Bəzən bir təbəssüm, bir xoş söz, bir qayğı insanın bütün yorğunluğunu aradan qaldıra bilər. Sizə ən yaxın olan insanın sevgiyə və diqqətə ən çox haqqı çatır...
 
Bir-birinizə dost olun...
 
Ən möhkəm ailələr yalnız ər-arvad münasibəti üzərində deyil, həm də dostluq və sirdaşlıq üzərində qurulur. Həyat yoldaşınızın arzularını, narahatlıqlarını, xəyallarını və məqsədlərini öyrənin. Onun yalnız evdəki varlığını deyil, qəlbində daşıdığı dünyanı da tanımağa çalışın. Bəzən insanlar eyni evdə yaşayır, illərlə eyni həyatı bölüşür, lakin bir-biri ilə qəlbən ünsiyyət bağlamağı, danışmağı unudurlar...
 
Bir-biriniz üçün sadəcə həyat yoldaşı deyil, həm də ən yaxın dost olun...
 
Bir-birinizin ailəniz üçün zəhmətinə dəyər verin...
 
Həyat yoldaşınızın sizin üçün, ailəniz üçün etdiklərini görün və qiymətləndirin. Heç vaxt onun zəhmətini adi bir şey kimi qəbul etməyin. İnsanın ən çox ehtiyac duyduğu şeylərdən biri də əməyinin və sevgisinin görüldüyünü hiss etməkdir. Bu, həm qadına, həm də kişiyə aiddir. Qadın ailənin rahatlığını, evin səliqəsini, övladların qayğısını qoruyursa, kişi də ailənin yükünü daşıyır, onu qorumağa və təmin etməyə çalışır. Hər iki tərəf bir-birinin fədakarlığını görməyi bacarmalıdır...
 
Hədisdə buyurulur ki, Qiyamət günü Uca Allah ərlərinə qarşı nankor olan qadınlara nəzər salmayacaq. Eyni zamanda kişilər də həyat yoldaşlarının evdə rahatlıq və təmizlik yaratmasını, uşaqlara və ailəyə qayğı göstərməsini qiymətləndirməlidirlər...
 
Keçmişi unudun...
 
Keçmişin yaralarını hər gün yenidən açmayın. Əgər bir səhv bağışlanıbsa, onu silah kimi istifadə etməyin. İnsana dəyişmək, düzəlmək və yenidən başlamaq fürsəti verin. Daim keçmişi xatırlatmaqla nə münasibətləri düzəltmək olar, nə də qəlbləri rahatlatmaq. Keçmişdə qalan bir ağrını bu günün sevincindən üstün tutmayın...
 
Bir-birinizi başqaları ilə müqayisə etməyin...
 
Həyat yoldaşınızı heç vaxt başqaları ilə müqayisə etməyin. Allahın sizə bəxş etdiyi nemətin qədrini bilin. Başqalarının həyatına baxaraq sahib olduğunuz gözəllikləri unutmayın. Unutmayın ki, hər insanın qisməti fərqlidir və ailə də Allahın böyük nemətlərindən biridir. Və bu nemətə görə Allaha şükür edin...
 
Həyat yoldaşınıza tək qalmaq üçün vaxt verin...
 
Hər insanın bəzən özü ilə baş-başa qalmağa, düşünməyə və dincəlməyə ehtiyacı olur. Bu ehtiyaca hörmət edin. Sevgi insanı sıxmaq deyil, ona nəfəs almaq imkanı verməkdir...
 
Səhvlərinizi etiraf və qəbul edin...
 
Səhv etdiyiniz zaman bunu etiraf etməkdən çəkinməyin. Üzr istəmək insanı kiçiltmir; əksinə, onun yetkinliyini və səmimiyyətini göstərir...
 
Birlikdə yemək yeyin...
 
Mümkün olduqca süfrə arxasında birlikdə oturmağa çalışın. Birlikdə yeyilən yemək yalnız bədəni deyil, ailə bağlarını da qidalandırır. Süfrə arxasında bölüşülən söhbətlər insanları bir-birinə daha da yaxınlaşdırır...
 
Ailə məsələlərinizi heç vaxt başqaları ilə müzakirə etməyin...
 
Ailə sirrini qorumaq da sevginin bir göstəricisidir. Sizə və həyat yoldaşınıza aid olan məsələləri heç vaxt başqalarının qarşısına çıxarmayın. İki insan arasındakı münasibət yenə də iki insanın arasında qalmalıdır… İnsan çox zaman başqalarına qarşı göstərdiyi nəzakəti, səbr və mərhəməti öz həyat yoldaşına göstərməyi unudur. Halbuki ən gözəl rəftarımıza ən yaxınlarımız layiqdir...
 
Sonda demək olar ki, xoşbəxt və sağlam bir nikah səbir, mərhəmət, sevgi, anlayış, fədakarlıq, bağışlamaq və davamlı zəhmət tələb edir. Ailəni qorumaq yalnız böyük sözlərlə deyil, hər gün göstərilən kiçik diqqət və qayğılarla mümkündür.
 
Bütün bu prinsiplərin mahiyyətini isə bir cümlədə ifadə etmək mümkündür:
 
Həyat yoldaşınıza özünüzə qarşı necə münasibət göstərilməsini istədiyiniz münasibəti göstərin...
 
Bu prinsiplərə sadiq qalsanız, nikahınızın sevgi, mərhəmət və bərəkət üzərində möhkəmlənməsi və bu dünyadakı ömrünüzün sonunadək ailənizi qoruyub saxlanması böyük bir şansınız olacaq...”
 
Tərcümə və bədii əlavələrlə təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər