“Şübhə etmirəm ki, məmləkətdə bu yazını oxuyanların çoxu, hətta məni yaxından tanıyanlar belə, öz-özünə və ya bir-birinə deyəcək: "Bu kimdir axı?..”
“Demirəm ki, media mənsubu acından ölməli, daim pulsuz, evsiz-maşınsız qalmalı, dünya nemətlərinin ləzzətlərindən məhrum olmalıdır. Əsla! Amma..”
“Bəndəniz özünü sadəcə bu dünyanı, bu regionu və bu məmləkəti müşahidə edərək, imkan daxilində Haqqı və Gerçəyi söyləməyə çalışan bir bəndə hesab edir…”
“Bilirəm, bu dəqiqə xeyli ağız büzən, göz süzdürən tapılacaq: "Əşşi, bayram günüdür, qoy dinc oturaq da... Həzrət Əli (ə) buyurur: "Əsl insan üçün günah etmədiyi gün bayramdır". Gəlin bizlər də bir jurnalist, qəzetçi, reportyor, operator və ya köşə yazarı, bloqçu olaraq öz peşə bayramımıza – Milli Mətbuat Gününə bu prizmadan yanaşaq…”
“Məgər jurnalist, yazar, bloqçu maddiyyatdan öncə mənəviyyatın, düşüncənin, yaradıcı və ruhi həzzin adamı deyilmi?..”
*** **** *** **** **** ****
-FİKİR SAVAŞI…-
Gəlin bu dünyadakı müasir jurnalistikanı müxtəlif aspektlərdən qısaca təhlil edək. Bu gün jurnalistika dedikdə böyük əksəriyyət idealist yox, materialist medianı nəzərdə tutur. Yəni çağdaş mətbuat, digər müasir elm sahələri kimi, ümumən götürdükdə ateist və darvinist düşüncəyə söykənir. İnsanın meymundan yarandığını qəbul edir; peyğəmbərlərə, müqəddəs kitablara, Qiyamət gününə iman gətirmir. Xeyli məqamda haqqı, gerçəyi yazmağa çalışsa da, mahiyyət etibarilə məşhurlaşmaq və karyera qurmaq üçün vuruşur. Halbuki gerçək jurnalist, həm dünyəvi, həm də axirət həyatını Allahın rizasını qazanmaq yolunda yaşamalıdır…
Şübhə etmirəm ki, məmləkətdə bu yazını oxuyanların çoxu, hətta məni bir az yaxından tanıyanlar belə, öz-özünə və ya bir-birinə deyəcək: "Bu kimdir axı? Bu adam hansı haqla bu bayram günündə ayağa qalxıb çağdaş jurnalistikanı tənqid edir? Son vaxtlar onu hansı yerli, yaxud beynəlxalq tədbirdə, hansı müsabiqədə, hansı təqdimat və mükafatlandırma mərasimində görmüsünüz? Bəlkə jurnalistlərin kollektiv yeyib-içmək, əyləncə məclislərində rastınıza çıxıb?"
Baxın, müasir medianın əsas dəyərləndirmə kriteriyaları məhz bunlardan ibarətdir. Bu sətirlərin müəllifi iddia etmir ki, mən ideal bir insan, kamil bir peşəkaram… Bəndəniz özünü sadəcə bu dünyanı, bu regionu və bu məmləkəti müşahidə edərək, imkan daxilində Haqqı və Gerçəyi söyləməyə çalışan bir bəndə hesab edir. Yaxından tanıyanlar bilir ki, 35 illik fəaliyyətim boyu daim mükafatlardan, ucuz şöhrətdən qaçmışam. Dəfələrlə yazmışam: mənim üçün ən böyük mükafat Allahın, insanların və xalqın razılığıdır. Mən kollektivçilikdən, ictimaiyyətdən qaçan adam da deyiləm. Lakin baxır harada, necə və kiminlə…Bəli, bir insan və yazar kimi mənim də yetərincə səhvlərim, günahlarım, peşə və yaradıcılıq xətalarım olub. Bu, təbiidir. Və kiminsə şəxsiyyətim və yazılarım barədə tənqidi fikri varsa – buyursun... Fəqət, mənim yolum budur və onu son nəfəsimədək eyni sadiqliklə getmək üçün əlimdən gələni edəcəm…
Gələcəkdə jurnalistikaya və yazarlığa həm dünyəvi, həm də teoloji bucaqdan baxışları ehtiva edən geniş, analitik bir yazı hazırlamağı planlaşdırıram. Hələlik isə kimin həvəsi varsa, Azərbaycan mətbuatı haqda bu yığcam fikirlərimi oxumağa dəvət edirəm…
Bilirəm, bu dəqiqə xeyli ağız büzən, göz süzdürən tapılacaq: "Əşşi, bayram günüdür, qoy dinc oturaq da..." Amma Həzrət Əli (ə) buyurur: "Əsl insan üçün günah etmədiyi gün bayramdır". Gəlin bizlər də bir jurnalist, qəzetçi, reportyor, operator və ya köşə yazarı, bloqçu olaraq öz peşə bayramımıza – Milli Mətbuat Gününə bu prizmadan yanaşaq(görək layiqikmi bu bayraml qeyd etməyə): 22 iyul 2026-cı ildə bir insan və bir media adamı kimi hansı günahları etmişik? Ümumiyyətlə, günahlardan çəkinə bilmişikmi? Hər hecamızda, hər sözümüzdə, hər cümləmizdə, hər reportaj və çıxışımızda Allaha, bəşəri, dini və milli dəyərlərə, xalqa, Vətənə, dövlətə, ayrı-ayrı insanlara qarşı xəta, günah etməkdən qorxmuşuqmu?Yoxsa yalnız özümüzü, ailəmizi, uzaqbaşı nəslimizi, gündəlik qazancımızı və karyeramızı düşünmüşük? Allahı, insanlığı, xalqı, el-obanı bir kənara qoyub, yalnız vəzifəli məmurların, deputatların, oliqarxların gözündə “yaxşı media mənsubu” olmağa can atmışıq? Yuxarılardan, aparıcı holdinqlərdən alınan mükafatları, "paket"ləri, nəhayət, kef-əyləncə məclislərini – yəni bu dünyadan mümkün qədər çox ləzzət almağı hədəfləmişik, yoxsa?..
Bizi gələcəkdə şöhrətə, hökumət, dövlət vəzifələrinə, deputatlığa çatdıracaq mərasimlərə can atıb, hansısa səfərə dəvət olunmadığımız, hansısa medalı almadığımız üçün müxtəlif qurumları hikkəylə tənqid etmişik, yoxsa?..
Demirəm ki, media mənsubu acından ölməli, daim pulsuz, evsiz-maşınsız qalmalı, dünya nemətlərinin ləzzətlərindən məhrum olmalıdır. Əsla! Amma yaradıcı insan üçün öncəlik ilahilik və mənəviyyat olmalıdır. Çünki nədənsə – mükafatdan, evdən, ordendən, hansısa məmurdan asılılıq media adamının müstəqilliyini, azadlığını əlindən alır. Bax, biz məhz o azadlığa və müstəqilliyə can atmalıyıq. Məgər jurnalist, yazar, bloqçu maddiyyatdan öncə mənəviyyatın, düşüncənin, yaradıcı və ruhi həzzin adamı deyilmi? Kimsə bunu inkar edə biləcək arqument ortalığa qoya bilərsə, buyursun...
Artıq neçə gündür, xüsusən də bugün – 22 iyul Milli Mətbuat Günündə hay-küylü tədbirlərdə bir çoxları bu günün əsasını qoymuş Həsən bəy Zərdabidən, ondan üzü bəri gələn klassik mətbuat fədailərindən bəhs edir. Bəndəniz də məhz bu gün özü daxil hər kəsi bu sual ətrafında düşünməyə çağırır:
Cənab jurnalist, cənab yazar, qəzetçi, bloqçu, reportyor… Məgər Həsən bəy Zərdabi mükafat, dəvət, mənzil, avtomobil, vəzifə və şöhrət naminə yazırdı, qəzet nəşr edirdi, yoxsa?..
Sultan Laçın