“Bu gün Poladın şəhid olmasından 6 il ötür. Sözün düzü bu gün məzar üstünə getməmişik. Biz müsəlmanıq, əsl azərbaycanlıyıq. Bu gün onların şəhid olduğu gündür, bizim yanımızdadırlar. Sabah dəfn olunduğu və bizdən ayrıldığı gündür. Ona görə də məzar üstünə sabah səhər gedəcəyik və sonra da həyətimizdə ehsan verəcəyik”
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O daha sonra əlavə edib:
“Nəinki Polad, heç bir vətən şəhidi unudulmamalıdır. Təbliğat olmalıdır, edən olsa. Təbliğat bazarda pulla satılmır ki, gedib alsınlar. Təbliğatı mən, sən, o, bu etməlidir. Bizim deputatlarımız, aidiyyatı qurumlar etməlidir. 125 deputatı xalq seçməyib ki, orada yıxılıb yatsınlar! Bunu hamıya şamil etmək olmaz. Hər sahədə insanlar eyni fikirdə, eyni cür deyil. Deputatların içində də vicdanlıları var. Deputat var ki, xalqdan yana o kürsüdə oturub, deputat da var ki, öz ailəsindən, uşağından, qohumlarından ötrü orada oturub. Mənə diqqət lazım deyil. Mənə diqqət bilirsiniz nədir? Quru-quru salam vermək, hal-əhvalımı soruşmaq. Mən onsuz da onlardan başqa bir diqqət görməmişəm, istəmirəm də. Mən Poladı necə əzab-əziyyətlərlə böyütmüşdümsə, onu bir Allah bilir, bir də mən bilirəm” deyə o bildirib.