Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
5510
14 Jul 2026 | 13:53

“Yoldaş Cabarov, Yoldaş Putin Azərbaycanın Avropa Şurasından çıxıb Afrika Şurasına girməsini istəyir?..”

“Qoyun, gənclərimiz artıq Oksford, Kembric, Sorbonna kimi geridəqalmış təhsil ocaqlarında yox, gedib Afrikanın, məsələn, Mozambikin məşhur “Eduardo Mondlane”, Zimbabvenin “Zimbabve”, Konqonun “Lumumbaşi” və sairə kimi inkişaf etmiş, ən müasir, prestijli ali məktəblərində təhsil alsınlar...”
 
“Yoldaş Cabarov Ermənistanın Köçəryan-Sərkisyan terrorçu eks-prezident cütlüyünə yaxınlığı ilə seçilən bir media resursuna dünənki müsahibəsində belə buyurur...”
 
“Can üstündə olan Putin rejiminin ən ümdə arzularından biri Gürcüstanı da, Ermənistanı da və nəhayət, Azərbaycanı da bu “cəhənnəm yolçuları” cərgəsinə qoşmaqdır...”
 
“Bilmək olarmı ki, yoldaş Putin Bakı kommunistlərinə, bağışlayın, “5-ci kalon”una daha nə məsləhət görür? Yaxşı, tutaq ki, sabah Avropa Şurasından çıxdıq, bəs sonra?..”
 
“Məşhur “Cırtdan” nağılında deyildiyi kimi, işıq gələn tərəfə gedək, yoxsa işıq gələn yeri qapadıb, it hürən tərəfə gedək?.. Bəlkə “it hürər – karvan keçər” deyib işıq, inkişaf, tərəqqi gələn tərəfə gedək?..”
 
***       ****       ****       ****       ****       ****
 
...Deyir, cəhənnəmə gedən özünə yoldaş axtarar. Artıq Ukraynanın nəfəsini kəsdiyi, can verməkdə olan və bəşəriyyət qarşısındakı saysız günahları ucbatından cəhənnəmə vasil olacağını bilən Rusiya indi ciddi-cəhdlə özünə yoldaş, müttəfiq axtarır. Həmin cəhənnəm yolçuları kimlər ola bilər bu dünyada? Əlbəttə ki, başda möhtərəm Kim Çen Inın lideri olduğu Şimali Koreya, Çin, İran kimi diktator, avtoritar, totalitar rejimli dövlətlər olmaqla postsovet məkanındakı, Afrika və Mərkəzi, Latın Amerikasındakı “diktatorlar klubunun” digər kiçik üzvləri: Belarus, Türkmənistan, Kuba, Venesuela, Mozambik, Nikaraqua və sairə və ilaxır…Və can üstündə olan Putin rejiminin ən ümdə arzularından biri Gürcüstanı da, Ermənistanı da və nəhayət, Azərbaycanı da bu “cəhənnəm yolçuları” cərgəsinə qoşmaqdır...
 
Əslində bu, son illərin yox, elə Putinin hakimiyyətdə olduğu son 24-25 ilin arzusudur. Yəni bu işğalçı diktator hələ rəhmətlik eks-prezident Heydər Əliyevin uzaqgörən bir addım ataraq Avropa Şurasına daxil olmasının da qəti əleyhinə olub. Ancaq o zaman rəhmətlik Heydər Əliyevin daxili və beynəlxalq avtoritetindən qorxub-çəkindiyi üçün bu daxili qurdunu, bu cəhənnəm arzusunu heç cür ifadə edə bilmirdi... 
 
Nəhayət, aradan 25 il keçəndən sonra həmin arzu çox bərk partladı. Özü də kimin dili ilə? Guya türk-özbək mənşəli bir Rusiya senatorunun – soyadı ilə Azərbaycanı da xatırladan Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov adlı birinin dili ilə!  Yoldaş Cabarov Ermənistanın Köçəryan-Sərkisyan terrorçu eks-prezident cütlüyünə yaxınlığı ilə seçilən bir media resursuna dünənki müsahibəsində belə buyurur:
 
“Azərbaycanın Avropa Şurasından çıxmaq planları ölkənin suveren maraqlarına uyğun gələn düşünülmüş və doğru qərardır..."
 
Bərəkallah! Əsl dost, qardaş, yoldaş, bolşevik, inqilabçı məsləhətidir e… Adam lap kövrəlir.  Yoldaş Cabarov sözünə qüvvət verib deyir ki, bu təşkilat obyektivliyini çoxdan itirib, öz resurslarından dövlətlərin daxili işlərinə qarışmaq, Rusiya və Azərbaycan üçün qəbulolunmaz dəyərləri zorla qəbul etdirmək üçün istifadə edir. Bizim ölkələrimiz isə dinə, ənənələrə və tarixə söykənir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bunu ancaq alqışlamaq olar…Əhsən, yoldaş Cabarov! Vallah, Azərbaycanın əsl qardaşı, dostu sənsən… Heç “qardaş” dediyimiz Türkiyə sizin qədər bizə can yandırmır. Doğrudan da Azərbaycanın cəhənnəmə sürüklənməsi maraqlarına xidmət edən çox gözəl və strateji arzudur. Başqa arzunuz-istəyiniz varmı? Bəlkə puldan-paradan lazımdır? Bəlkə Şuşada, Laçında, yaxud Kəlbəcərdə sizin üçün də bir fermer, nə bilim, otel-motel təsərrüfatından-zaddan yaradaq?..
 
...Buyurursunuz ki, Avropa Şurasından çıxmağımız məsləhətdir. Bilirik ki, bu yalnız sizin deyil, birbaşa Zati Aliləri Yoldaş Vladimir İliç Leninin, üzr istəyirəm, Zati Aliəri Yoldaş Vladimir Vladimiroviç Putinin tövsiyəsidir. Bilmək olarmı ki, yoldaş Putin Bakı kommunistlərinə, bağışlayın, “5-ci kalon”una daha nə məsləhət görür? Yaxşı, tutaq ki, sabah Avropa Şurasından çıxdıq, bəs sonra?.. Sonra hara girək? Üzümüzü hansı təşkilata, quruma tutaq ki, Rusiya ilə çiyin-çiyinə, yan-yana inkişaf edək, çiçəklənək?.. Bizə elə gəlir ki, yoldaş Putin Azərbaycanın Afrika Şurasına girməyini məsləhət bilir... Əla! Dədələrimiz deyib ki, cəhənnəmdə də adamın dayısı gərək.  Yəqin, yoldaş Putinin o biri AŞ-da da bizə dayılıq eləmək fikri var...
 
Biz həmişə demişik: Əsl tərəqqi, əsl inkişaf Afrika Şurasındadır... Özü də nə fərqi var — Afrika da Avropa kimi Azərbaycandan Qərbdədir, Şərqdə deyil ki? Yenə Məşədi İbad demiş, o olmasın, bu olsun...
 
Yoldaş Cabarovun sözügedən çıxışı Azərbaycandakı xüsusən Rusiya “5-ci kalon”unun təsiri altında olan siyasi dairələr və media tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb və müxtəlif platformalarda paylaşılıb. Əlbəttə, bir azdan Azərbaycanın Avropa Şurasından çıxmasının ölkəmizin, xalqımızın, müstəqil(!) və suveren(!) dövlətçiliyimizin gələcəyi üçün tarixi, taktiki və strateji əhəmiyyətindən danışmaq üçün hakim və müxalif sayılan partiya mənsublarından, politoloq, siyasi analitik hesab edilənlərdən silsilə açıqlamalar, müsahibələr götürmək gərəkdir... Bütün “5-ci kalon”  “KQB”-“FSB”-korrupsiya şəbəkəsi bu istiqamətdə  səfərbər olunub. Qoyun, xalq öz gələcəyinin bu AŞ-da yox, o biri AŞ-da (Afrika Şurasında) olduğunu sevə-sevə anlasın, dərk etsin...
 
Adam gərək ədalətlə, danışa, yoldaş Cabarovun sözünə qüvvət, Avropadan, Amerikadan fərqli olaraq cənub qonşumuz İran kimi Rusiya da iki yüz ildən çoxdur ki, istər Azərbaycanın, istər Ermənistanın, istərsə də Gürcüstanın heç bir daxili işinə qarışmayıb. Ukraynanın işlərinə heç ümumiyyətlə müdaxilə etməyib, heş bu saat da etmir... Kremlin başı qarışıb öz xalqının rifahı naminə benzin kalonkalarının və onların qarşısında növbədə durub bir-birini canı-dildən söyüb biabır edən oğlan-qız, qadın-kişi, qoca-cavanların sayının artırılmasına... Kim deyə bilər ki, bu cahanda Rusiya kimi super dövlət, ruslar kimi xoşbəxt xalq var... Nə yazıqlar ki, onların da inkişafını, qələbələrini gözləri götürməyən qüvvələr: AŞ-lar, AŞPA-lar “n” qədərdir...
 
Şükür Allaha, artıq bir çox Afrika ölkələri ilə vizasız gediş-gəlişimiz var. İnşallah, bir neçə ildən sonra Şengen vizası da tətbiq edər, ölkələrimiz arasında sərbəst gediş-gəlişi, diplomların qarşılıqlı tanınması və sairə kimi üstünlükləri də əldə edərik. Qoyun, gənclərimiz artıq Oksford, Kembric, Sorbonna kimi geridəqalmış təhsil ocaqlarında yox, gedib Afrikanın, məsələn, Mozambikin məşhur “Eduardo Mondlane”, Zimbabvenin “Zimbabve”, Konqonun “Lumumbaşi” və sairə kimi inkişaf etmiş, ən müasir, prestijli ali məktəblərində təhsil alsınlar... 
 
Özü də Afrika insanları, Afrika gəncləri Amerika, Avropa insanlarından, gənclərindən daha təbii, gözəl və ailəcanlıdırlar. Avropalı, amerikalı qızlar, qadınlar küçələrdə yarıçılpaq gəzirsə, afrikalılar tamamilə anadangəlmə lüt, çimçilax gəzir. Qaynayıb-qarışarıq. Bu, xalqımızın demoqrafiyasına, artımına da müsbət təsir göstərər...
 
Bir sözlə, yoldaş Cabarov düz buyurur, artıq Azərbaycan xalqının seçim etmək vaxtıdır: ya ABŞ-la, qardaş Türkiyə ilə birgə Avropa Şurası, ya da Rusiya, Şimali Koreya, Çin, Mozambik, Konqo, Zimbabve ilə birgə Afrika Şurası yolunu tutmaq?.. 
 
Məşhur “Cırtdan” nağılında deyildiyi kimi, işıq gələn tərəfə gedək, yoxsa işıq gələn yeri qapadıb, it hürən tərəfə gedək?.. Bəlkə “it hürər – karvan keçər” deyib işıq, inkişaf, tərəqqi gələn tərəfə gedək? Zarafat bir yana, bunun hansına cəsarətimiz çatacaq, yoldaşlar?..
 
Epiloq əvəzi:
 
...Bilirəm ki, həmişə olduğu kimi bu dəfə yazdıqlarım da hörmətli və dəyərli Rusiya “5-ci kalon”u və “KQB”-“FSB”-“PKK” şəbəkələri çoxsaylı və yenilməz üzvlərinin ürəklərinə yağ kimi yayılır... Bu yazılar  həm də bir araşdırmaçı yazar kimi mənim bir yoxlamam, sınağım- testimdir... Görək, bu dəyərlilər mənim indiyədək çəkdiyim çox məşəqqətli əzab-əziyyət və zəhmətlərimi necə dəyərləndirəcəklər, hansı iltifatlarda bulunacaqlar, hansı hədiyyələr bəxş edəcəklər?.. Bu, mənim üçün çox-çox maraqlıdır...
 
Nə isə, nəfsimizə lənət!.. Yolçu yolda gərək... Cəhənnəmdə, üzr istəyirəm, Afrika Şurası Baş Assambleyasında görüşənədək, yoldaş Cabarov və digər bolşevik yoldaşlar! Hamınıza atəşin komsomol və kommunist salamı!..
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər