Avtoritar lider ölkə mediasına azadlıq verdi və...–Şokedici media inqilabı- ARAŞDIRMA
Ekskluziv
2025
14 Jul 2026 | 10:40

Avtoritar lider ölkə mediasına azadlıq verdi və...–Şokedici media inqilabı- ARAŞDIRMA

“Bizə deyildi: 'Peşəkarcasına işləyin, Allaha güvənin və heç kim sizə mane ola bilməz. Peşəni və onun etikasını necə görürsünüzsə, elə də işləyin...'”
 
"Öz-özümüzə dedik ki, bu cür inqilabi sözlər bir Körfəz rəsmisinin ağzından çıxa bilməz. O, hamı kimi deyildi, ənənəvi ərəb şeyxlərinin qəlibinə sığmırdı...”
 
Ata Əmir: “Ərəb xalqları hələ son sözlərini deməyiblər və dağlara dırmaşmaqdan qorxan əbədi olaraq çuxurlar arasında yaşayacaq..."
 
“Kanalın keçmiş xəbər direktoru Əhməd əl-Şeyx ABŞ MKİ direktorunun Şeyx Həmədi şəbəkəni susdurmağa çağırdığı bir görüşdə iştirak edən bir məmurla söhbətini təsvir edib...”
 
“ “Əl-Cəzirə "qatilləri qətllərini ört-basdır etməkdən, uğursuzları uğursuzluqlarını ört-basdır etməkdən məhrum edib və həqiqətin və insanın tərəfini tutub...”
 
“Mərhum Ata Əmir dövlət tərəfindən idarə olunan yayımın inhisarını qırdı və Yaxın Şərqdə azad mətbuat üçün davamlı bir platforma yaratdı...”
 
“ABŞ-ın o vaxtkı prezidenti Corc Buş "Əl-Cəzirə"nin Dohadakı baş qərargahını rəsmən bombalamağı planlaşdırıbmış!..”
 
Düz 30 il öncə dünya siyasətinin ən paradoksal hadisələrindən biri baş verib: mütləq monarxiya və avtoritar rejimlərlə idarə olunan ərəb dünyasının göbəyində bir lider peyda oldu, bütün buxovları qırdı və regionun media mənzərəsini alt-üst etdi. Qətərin status-kvosunu dəyişən, "Atalar Atası" adlandırılan sabiq Əmir Şeyx Həməd bin Xəlifə Əl-Taninin bu günlərdə vəfat etməsi, onun bütün dünyaya səs salan şah əsərini – "Əl-Cəzirə" fenomenini yenidən gündəmə gətirib. Vaxtilə ərəb diktatorlarının, imperialist güclərin kabusuna çevrilən bu kanalın yaranma tarixi və pərdəarxası məqamları əslində bəşəriyyətə verilən bir azadlıq dərsi idi. 
“"Əl-Cəzirə" qatilləri öz cinayətlərini, uğursuzları isə rəzalətlərini gizlətmək imkanından məhrum etdi, yalnız və yalnız insanın, həqiqətin tərəfini tutdu” deyən mərhum Ata Əmir dövlət inhisarında olan zombi telekanalların zəncirini qırdı və Yaxın Şərqdə azad mətbuatın sarsılmaz platformasını qurdu...
Moderator.az bu mövzuda “Əl-Cəzirə” kanalına istinadla hazırlanmış maraqlı araşdırmanı dəyərli oxucuların nəzərinə çatdırır:
 
“Qətərin memarı sayılan Şeyx Həməd bin Xəlifə Əl-Taninin dünyasını dəyişməsindən sonra, onun bəşəriyyətə bəxş etdiyi "Əl-Cəzirə" xəbər kanalı sadəcə bir televiziya deyil, qlobal bir geosiyasi və mədəni inqilabın rəmzi kimi xatırlanır. 1996-cı ildə fəaliyyətə başlayan bu şəbəkə, ərəb rejimlərinin kütlələri kor və kar saxlamaq üçün yayım üzərində qurduğu hegemonluğa birdəfəlik son qoydu. Eyni zamanda, Qərb mediasının Yaxın Şərq haqqında öz xeyrinə formalaşdırdığı yalançı narrativlərin belini qırdı. Cəmi bir neçə il ərzində "Əl-Cəzirə" planetin ən nüfuzlu media imperiyasına çevrildi və 2005-ci ilin iyulunda rəsmən nəhəng bir Media Şəbəkəsi statusu aldı...  
 
Şəbəkənin baş direktoru, Şeyx Nasir bin Feysəl Əl-Tani təsisçinin vəfatı ilə bağlı verdiyi bəyanatda onun regionun media mənzərəsini yenidən cızan misilsiz cəsarətini belə tərif edib: 
 
“O, orijinal ideyanın arxasında dayanan uzaqgörən bir dahi və bu böyük media məbədinin təməlini qoyan şəxs idi. Şeyx Həməd sözün tükənməz gücünü, cəmiyyətlərin formalaşmasında və beyinlərin maariflənməsində müstəqil medianın nə dərəcədə həyati rol oynadığını çox gözəl anlayırdı”. Əmir kanalın 25 illik yubileyində fəxrlə deyirdi ki, "Əl-Cəzirə" ərəb dünyasının bu günə qədər ortaya qoyduğu ən böyük intellektual və media rəşadətidir.
 
"O, ənənəvi Körfəz rəsmisi deyildi..."
Bu qlobal inqilabın ssenarisi "Əl-Cəzirə" efirə çıxmazdan xeyli əvvəl yazılmışdı. Kanalın əfsanəvi aparıcısı Məhəmməd Krişan Şeyx Həmədlə hələ 1993-cü ildə, o, sadəcə Qətərin vəliəhdi olanda baş tutan görüşünü xatırlayır:
 
“Bu adamın öz ölkəsi və bütöv bir region üçün necə cəsarətli, transformativ vizyona sahib olduğunu görəndə gözlərimiz bərəldi. Heyrət və təəccüb içində oradan ayrıldıq. Öz-özümüzə dedik ki, bu cür inqilabi sözlər bir Körfəz rəsmisinin ağzından çıxa bilməz. O, hamı kimi deyildi, ənənəvi ərəb şeyxlərinin qəlibinə sığmırdı...”
 
Şeyx Həməd 1995-ci ildə taxta çıxan kimi bu xəyalını reallığa çevirdi. Cəmi 6 ay ərzində qlobal xəbər kanalının qurulması barədə qəti fərman verdi. 1996-cı ilin yayında layihə üçün Dohaya dünyanın dörd bir yanından ən çılğın, ən peşəkar jurnalistlər toplandı. Krişan deyir ki, o vaxt hamının ürəyi böyük vədlər və arzularla döyünürdü. Onlara mərhum Əmir tərəfindən qızıl bir qayda diktə olunmuşdu: 
 
“Peşəkarcasına işləyin, Allaha güvənin və bilin ki, heç kim sizin qarşınızı kəsə bilməz. Bu peşənin etikasını necə bilirsinizsə, elə də hərəkət edin..”.
 
"Əl-Cəzirə"yə gələn bir çox ərəb jurnalisti burada qarşılaşdıqları mütləq azadlığın miqyasından faktiki olaraq şoka düşmüşdülər... 
 
O dövrdə İspaniyada fəaliyyət göstərən, sonradan kanalın simasına çevrilən Taysir Allouni həmin günləri belə xatırlayır: 
 
“Mənə bu layihənin Qətərdən yayımlanacağını deyəndə inanmadım, 'Xeyr, bu ola bilməz' dedim. Çünki bu cür kəskin üslub, bu dərəcədə açıqlıq və senzurasız azadlıq bir Körfəz monarxiyasından necə doğula bilərdi?! Mənə qeyri-mümkün görünürdü...”
 
Kanal hadisələrin canlı şahidinə çevrilərək öz müxbirlərini ən qaynar nöqtələrə, qanlı döyüş meydanlarına göndərdi. Bununla da ərəb dünyasının xəbər üçün Qərb agentliklərindən (“CNN”, “Reuters” və s.) olan rüsvayçı asılılığına birdəfəlik son qoydu. Mərhum Əmir söz azadlığına olan sarsılmaz inamını ifadə edən o məşhur aforizmini məhz o illərdə dilə gətirmişdi: 
 
“Ərəb xalqları hələ son sözlərini deməyiblər. Dağlara dırmaşmaqdan qorxanlar, əbədi olaraq çuxurlarda, rəzalət içində yaşamağa məhkumdurlar...”
 
Şeyx Həməd jurnalistlərə hətta Qətərin daxili işləri də daxil olmaqla, ən həssas və toxunulmaz mövzuları araşdırmaq üçün güclü bir siyasi çətir (himayə) təmin etmişdi... 
 
O, kanala etdiyi qısamüddətli ziyarətlərin birində əməkdaşlara belə demişdi: 
 
“Fikir və ifadə azadlığı ilə bağlı yeni bir ərəb reallığını yaradanlar sizsiniz. Bizim bütün bu illər ərzində çarpışdığımız tək bir məqsəd var idi – insan ifadəsinin azadlığı məsələsi!..”
Ağır və qanlı siyasi bədəl...
 
Təbii ki, bu dərəcədə redaksiya müstəqilliyi Qətər dövləti üçün çox ağır, bəzən də dəhşətli siyasi və iqtisadi xərclərlə nəticələndi. 
 
"Əl-Cəzirə"nin qorxmaz yayımları regional diktaturaları və xüsusilə Qərb fövqəldövlətlərini cin atına mindirirdi. Kanalın keçmiş xəbər direktoru Əhməd əl-Şeyx ABŞ-ın İraq və Əfqanıstanı işğal etdiyi dövrlərdə Qətərə qarşı edilən dəhşətli təzyiqləri dünənki kimi xatırlayır. O, MKİ (CIA) direktorunun Şeyx Həmədlə şəxsən görüşərək bu şəbəkəni susdurmağı tələb etdiyi anları təsvir edir. Əmirin cavabı təkəbbürlü kəşfiyyat rəhbərinin sifətinə vurulan bir şillə kimi olub: 
 
“Siz hər addımda bizə mətbuat azadlığından, fərqli fikirlərə hörmətdən və demokratiyadan dəm vurursunuz. İndi isə gəlib məndən "Əl-Cəzirə"nin səsini batırmağımı tələb edirsiniz? Bu necə ikili standartdır? Bu necə ola bilər?!” – deyə Ata Əmir ABŞ kəşfiyyatının şefini rəsmən rədd edib...
 
Susdurulma tələbləri keçərli olmayanda, "Əl-Cəzirə"yə qarşı fiziki, ölümcül hücumlar başladı. ABŞ-ın Əfqanıstana qarşı müharibəsi zamanı kanalın Kabildəki ofisi "səhvən" bombalandı. Eyni qanlı ssenari 2003-cü ildə Bağdadın işğalı zamanı da təkrarlandı və kanalın çox sayda əməkdaşı şəhid edildi...
 
Britaniyanın məşhur "Daily Mirror" qəzeti 2005-ci ilin noyabrında Dauninq küçəsindən (Baş nazirin ofisindən) sızan məxfi sənədlərə istinadən şok bir faktı ifşa etdi: 
 
ABŞ-ın o vaxtkı prezidenti Corc Buş "Əl-Cəzirə"nin Dohadakı baş qərargahını rəsmən bombalamağı planlaşdırıbmış!.. 
 
2004-cü ilin aprelində Buşla Britaniyanın Baş naziri Toni Bleyer arasındakı gizli söhbətin 5 səhifəlik transkripti ortaya çıxdı. Məlum oldu ki, Bleyer ABŞ prezidentini bu dəlilikdən, yəni medianın mərkəzi ofisinə hərbi zərbə endirmək qərarından çətinliklə daşındıra bilib...
 
"Əl-Cəzirə" bu günə qədər İraq, Suriya, Liviya, Qəzza zolağı, İordan çayının qərb sahili və Yəmən kimi müharibə ocaqlarında məqsədli şəkildə hədəfə alınaraq düz 24 jurnalist və operatorunu itirib, şəhid verib.
 
Lakin bütün qanlı təhdidlərə, blokadalara və təzyiqlərə baxmayaraq, mərhum Əmirin vizyonu qalib gəldi və "Əl-Cəzirə" bu gün qlobal bir nəhəngə çevrilib. Çünki vaxtilə o böyük insan demişdi: 
 
"“Əl-Cəzirə” qatilləri öz cinayətlərini ört-basdır etmək imkanından məhrum edib". Şəbəkə özünün 30 illik yubileyinə yaxınlaşdıqca, onun mövcudluğunun memarı olan Şeyx Həmədin müqəddəs irsinə sadiq qalacağını bir daha bəyan edir...  
Biz də Moderator.az olaraq öz növbəmizdə, "Əl-Cəzirə"nin qorxmaz müxbirləri də daxil olmaqla, planetin ən qaynar nöqtələrində, avtoritar zülmün hökm sürdüyü ölkələrdə, xüsusən də İsrailin son illərdə aramsız humanitar fəlakətə, vəhşətə və işğala məruz qoyduğu Qəzzada, Fələstində Haqq, Ədalət, Həqiqət uğrunda canından keçən bütün şəhid jurnalistlərə və operatorlara Allahdan rəhmət diləyirik! Onların qanları da, qələm və kameraları da heç vaxt yerdə qalmayacaq!..
 
Tərcümə etdi və publisistik təhlil apardı: Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər