“O, indi “ANS”-in yox, Real(lığ)ın Mir Şahin Ağayevidir!.. Və o, indi Real(lığ)ın həmin Mir Şahin Ağayevdir Kİ, eləcə öz əksinə (bir dövrlərin Mir Şahin Ağayevinə qarşı!) “üzməyi” bəlkə Tanrıya da söz verib!..”
“Televiziyaya baxmamaq tərbiyəsizlik, ədəbsizlik kimi qəbul olunmalıdır.” — deyən, ay gözəlim məmləkətin Mir Şahin Ağayevi,
bəs televiziyada məddahlığı, yaltağlığı, riyakarlığı, müti psixologiyasını, “bozluğu” eyni zamanda jurnalistika prinsiplərinə xəyanəti ortaya qoymaq necə qabul olunmalıdır(?!) VƏ YA adı nədir?! Təbii ki, sualım ritorikdir!..”
“Bir insanın (jurnalistin!) öz sözündə, fikrində, mülahizələrində... azması, itkin düşməsi, hətta axtarışa verilməsi qədər bəlkə də amansız heç nə yoxdur... və olmayacaq da!..”
“Daha Mir Şahin Ağayev sözünün, qələminin fonunda axtarışa verilmiş imzadır... Heç tapılmayacaq da!..”
*** **** **** **** **** **** ****
Bu günlərdə ictimai sferada diqqətimi çəkən nüanslardan biri də zaman-zaman öz fəaliyyətində mətbu kriteriyaları deformasiyaya məruz qoyan (Və ya mətbu kriteriyaların deformasiyaya məruz qalmasına şərait yaradan) Mir Şahin Ağayevin “Kamal Abdulla və Günay Ağamalı dastanı”nın motivləri əsasında hazırladığı qısametrajlı “kompozisiya” VƏ o “kompozisiya”nın fonunda bir daha özünün ərsəyə gətirdiyi “qılıncoynatma səhnəsi”ndə görünməsi (əslində isə növbəti dəfə fiaskoya uğraması!) oldu...
Ümumiyyətlə, çağdaş jurnalistikanın bu Mir Şahin Ağayevi uzun müddətdir ki, bütün çıxışlarında, məsələlərə münasibətdə... bütöv, bitkin NƏSƏ demək istəyir, amma və lakin(!) şüuraltı təhlil dəzgahının qəzalı vəziyyətdə olması, bununla bərabər nitqlərində, yazılarında büsbütün “analtik mahiyyətin atrofik vəziyyəti”ni yaşaması onu həmişə yarıyolda qoyur, xarakter(sizliy)inin tragikomik halını dönə-dönə ifşa edir. Bəli, xarakter(sizliy)inin tragikomik halını!..
Çünki o, indi “ANS”-in yox, Real(lığ)ın Mir Şahin Ağayevidir!.. Və o, indi Real(lığ)ın həmin Mir Şahin Ağayevdir Kİ, eləcə öz əksinə (bir dövrlərin Mir Şahin Ağayevinə qarşı!) “üzməyi” bəlkə Tanrıya da söz verib!..
İllərdi ki, bu gözəlim məmləkətin məlum Mir Şahin həzrətlərinin göstərdiyi jurnalist “performanslarının” təməlində, kökündə, bünövrəsində... onun SÖZ AZADLIĞI adı altında “söz azanlığı” dayanır…
Bir insanın (jurnalistin!) öz sözündə, fikrində, mülahizələrində... azması, itkin düşməsi, hətta axtarışa verilməsi qədər bəlkə də amansız heç nə yoxdur... və olmayacaq da!..
Daha Mir Şahin Ağayev sözünün, qələminin fonunda axtarışa verilmiş imzadır... Heç tapılmayacaq da!..
... Bir dəfə də yazmışdım, Mir Şahin Ağayev öz cəbhəsində (jurnalistikada) istedadı olan... və elə öz cəbhəsində istedadlı olduğu qədər də “ayağını” (mövqeyini, xarakterini, prinsiplərini!) ən ağır dərəcədə “güllələtdirən” jurnalistlərdəndir. Bəli, məhz “güllələtdirən”!
İndi onu sevənlər (sevmək istəyənlər!) Mir Şahinin bu şəkildə “axsamağını” nə qədər “gizlətmək” istəsə də... alınmır ki, alınmır!..
Özü-özünü “güllələtdirən” adamlar sonradan (haqsız və amansızcasına!) özü “güllələməyə” başlayır... Ki, bu da dəhşətli mənzərədir. Mir Şahin bu saat o “mənzərəni” yaratmaqla məşğuldur...
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü