"Rusiyanın yeganə təsir imkanı nüvə silahından istifadə etməkdir ki, bu da ən ağır müharibə cinayətidir..."
Son dövrlər ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin tezliklə başa çata biləcəyi ilə bağlı açıqlamaları, eyni zamanda Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyi artırmaq niyyətini bəyan etməsi münaqişənin yeni mərhələyə keçdiyi barədə fikirləri gücləndirib. Maraqlıdır, bu proseslər Rusiyanın hərbi-siyasi mövqeyini həqiqətən zəiflədirmi? Kreml yaxın perspektivdə müharibənin gedişini öz xeyrinə dəyişə biləcək resurs və imkanlara malikdir, yoxsa Rusiya müəyyən siyasi kompromislərə getmək məcburiyyətində qala bilər?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Natiq Miri açıqlama verib.

Politoloq qeyd edib ki, bu günə qədər Rusiya prezidenti, yəni işğalçı tərəfin dövlət başçısı, ABŞ Prezidenti Donald Trampın mövqeyindən istifadə edərək, ən azı tam olmasa da, minimal geosiyasi məqsədlərinə nail olmağa çalışırdı:
"Hesab edirdi ki, Donald Tramp Ukraynaya güclü təzyiqlər göstərəcək və Rusiyanın hərbi yolla işğal edə bilmədiyi Donbası, Donetsk vilayətinin bütün inzibati sərhədləri daxil olmaqla, bir güllə atmadan Rusiya ordusuna təhvil verəcək. Ancaq cəbhədə vəziyyət dəyişdi. Ukrayna həm quruda paritet yarada bildi, həm də havada müəyyən mənada üstünlüyü ələ aldı. Bir tərəfdən nəqliyyat və təchizat logistikası sistemli şəkildə məhv edilməyə başladı ki, bu da Rusiyaya ciddi itkilər verdi.
Əgər əvvəllər cəbhədən 10–15 kilometr aralıdakı təchizat marşrutları, təchizat daşıyan avtomobil karvanları vurulurdusa, indi 100–150, hətta bəzən 200 kilometr uzaqlıqda yerləşən logistika xətləri məhv edilir. Bu isə təchizat baxımından ciddi problemlər yaradıb. Bununla yanaşı, neft emalı zavodlarına, enerji infrastrukturuna və Rusiyanın ən dərin bölgələrində yerləşən hərbi-sənaye kompleksinin müəssisələrinə davamlı və mütəmadi zərbələr endirilir. Bu cür zərbələrdən sonra Rusiyanın mövqeyi əhəmiyyətli dərəcədə zəifləyib. Birincisi, quruda Rusiya artıq irəliləyə bilmir, proses dayanıb, lakin itkilər getdikcə artır və bu itkiləri canlı qüvvə hesabına kompensasiya edə bilmir.
Digər tərəfdən, maliyyə baxımından da problemlər dərinləşir. Neft və yanacaq sektorunda ciddi çətinliklər yaranıb. Bu mənada Rusiyaya tətbiq edilən ən təsirli "sanksiyalar"ı ABŞ və Avropadan daha çox Ukraynanın dron zərbələri həyata keçirir. Bu isə Rusiya iqtisadiyyatına ciddi zərər vurur. Nəhayət, iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan müəssisələrin mütəmadi vurulması və fəaliyyətinin dayanması göstərir ki, Rusiyanın müharibəni davam etdirmək imkanları artıq tükənmək üzrədir".
Natiq Miri vurğulayıb ki, ABŞ rəhbərliyindəki məsləhətçilər də Donald Trampa artıq fərqli müstəvidə hesabatlar təqdim edirlər:
"O da görür ki, vəziyyət cəbhədə dəyişib. Rusiya artıq yeni ərazilər işğal edə bilmir. Əksinə, ötən ilin payızından etibarən Ukrayna 600 kvadrat kilometrdən çox ərazisini azad edib. Digər tərəfdən, Rusiyanın müəssisələrinin və neft bazalarının mütəmadi vurulmasının ölkəni nə qədər zəiflətməsinin Donald Tramp da fərqindədir.
Ona görə də yeni bir formula üzərində düşünülüb. Əslində, ABŞ senatoru Lindsi Qrehem Ankaraya səfərindən sonra Ukraynaya da səfər etdi və burada Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün yeni bir formula müzakirə olundu. Bu formula əslində Ukrayna rəhbərliyinin irəli sürdüyü yanaşmadır və Lindsi Qrehem də onunla birlikdə səfərdə olan senatorlarla bu formulaya razılıq verdi.
Söhbət ondan gedirdi ki, Ukrayna dron və raket zərbələri ilə Rusiyanın strateji müəssisələrini mütəmadi hədəfə alaraq onu tükəndirir və sülh masasına gəlməyə məcbur edir. Digər tərəfdən isə ABŞ-ın dəstəyi ilə Avropa Birliyi sərt sanksiyalar tətbiq etməklə Rusiyanın neft gəlirlərini daha da azaldır. Bunlar bir-birini tamamlayan amillərdir və yeni formula deyiləndə məhz bu yanaşma nəzərdə tutulurdu.
Düşünürəm ki, Lindsi Qrehemin irəli sürdüyü bu yanaşma həyata keçiriləcək. Çünki bu, Donald Trampla məsləhətləşmədən həyata keçirilən hər hansı səfər və ya layihə deyil. Ona görə də Rusiyanın sülh masasına oturmaq məcburiyyətində qalacağını görürük. Bunun nə vaxt baş verəcəyi isə Putinin iradəsindən və Rusiyanın nə vaxta qədər müharibəni davam etdirmək imkanına malik olacağından asılı olacaq".
Politoloq onu da əlavə edib ki, Rusiyanın imkanları artıq tükənib. Nə qədər hədə-qorxu gəlsə də, Rusiya əlində olduğunu iddia etdiyi bütün silahlardan Ukraynaya qarşı istifadə edib:
"Eyni zamanda, mülki əhaliyə qarşı hücumlar həyata keçirərək humanitar müharibə cinayətləri törədir, yaşayış məntəqələrini bombardman edir və dinc insanların qətlə yetirilməsinə şərait yaradır. Bundan sonra Rusiyanın istifadə edə biləcəyi yeni imkan demək olar ki, yoxdur. Yəni, eyni vasitələri təkrar-təkrar tətbiq etməklə fərqli nəticə əldə etmək mümkün deyil. Rusiyanın yeganə təsir imkanı nüvə silahından istifadə etməkdir ki, bu da ən ağır müharibə cinayəti sayılır və Vladimir Putinin özünün əleyhinə ciddi nəticələr doğura bilər.
Üstəlik, nüvə silahı çəkindirici amildir. Belə silahlar ABŞ-da, eləcə də Rusiyanı əhatə edən NATO və Avropa Birliyi ölkələrində də mövcuddur. Buna görə də nüvə silahları qarşılıqlı çəkindirmə xarakteri daşıyır. Hər kəs anlayır ki, endirilən zərbə eyni şəkildə cavab zərbəsinə səbəb ola bilər. Ona görə də Rusiyanın mövqeyini gücləndirəcək ciddi bir amil görmürəm. Rusiyanın iqtisadi sıçrayış edəcəyini düşünmürəm.
Həmçinin, Çin kimi ölkələrin Rusiyaya ciddi maliyyə və silah dəstəyi göstərəcəyinə də inanmıram. Buna görə də müəyyən mərhələdən sonra Rusiyanın sülh masasına gəlməkdən başqa yolu qalmayacaq. Artıq bunu təkcə beynəlxalq liderlər, siyasətşünaslar, ekspertlər və NATO rəhbərliyi demir. Hətta Rusiyanın siyasi elitası da etiraf edir ki, müharibəni dayandırmağın vaxtıdır. Çünki hər kəs anladı ki, Rusiyanın bu müharibəni qələbə ilə başa vurmaq imkanı mövcud deyil.
Buna görə də daha böyük itkilərdən, Rusiyanın dağılmasından və iqtisadiyyatının tamamilə çökməsindən yayınmaq üçün sülh masasına oturmaqdan başqa çıxış yolu qalmır. Bu baxımdan yeni formulanı Rusiyanı sülhə məcbur etmə əməliyyatı da adlandırmaq olar".
Pərvin Şakirqızı