Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, qlobal informasiya və media diplomatiyasının mühüm müzakirə məkanlarından birinə çevrilib.
Bu il dördüncü dəfə təşkil olunan Şuşa Qlobal Media Forumu informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin media mühitinə təsiri və sülhün təşviqində medianın rolu kimi aktual mövzuları bir araya gətirib.
Moderator.az-ın Pərvin Şakirqızı ilə "Rəsmilərin mövqeyi" rubrikasının növbəti buraxılışında siyasi elmlər doktoru, Milli Məclisin deputatı Rizvan Nəbiyev ilə IV Şuşa Qlobal Media Forumunun beynəlxalq əhəmiyyəti, Prezident İlham Əliyevin forumda səsləndirdiyi mesajlar, Azərbaycanın informasiya diplomatiyası və "orta güc" kimi artan rolu ətrafında həmsöhbət olduq.
Moderator.az həmin müsahibəni təqdim edir:

– Rizvan müəllim, cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın artıq "orta güc" dövlətinə çevrildiyini bildirdi və ölkənin milli maraqlarını müdafiə etmək potensialına xüsusi diqqət çəkdi. Sizcə, bu mesaj Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu və Şuşa Qlobal Media Forumunun geosiyasi əhəmiyyətini necə ifadə edir?
– Bu gün beynəlxalq münasibətlər nəzəriyyəsində "orta güc" (Middle Power) anlayışı xüsusi aktuallıq kəsb edir. Orta güc dövlətləri diplomatiya, çoxtərəfli əməkdaşlıq, vasitəçilik, humanitar təşəbbüslər və beynəlxalq institutlarda fəallıq vasitəsilə regional və qlobal proseslərə ciddi təsir göstərirlər. Bu modelin uğurlu nümunələri hesab olunan Avstraliya, Sinqapur, Norveç, Cənubi Koreya və Qətərin sıralarına Azərbaycan da daxil olmuşdur.
Prezident İlham Əliyevin dövlət başçısı diplomatiyasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında da bildirdi ki: "Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür. Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir".
Belə ki, tarixi Qarabağ Zəfərindən sonra formalaşan Azərbaycanın "orta güc modeli" bir neçə strateji sütuna əsaslanır: milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət; Şərqlə Qərbi birləşdirən geostrateji mövqedən çıxış etməklə enerji və nəqliyyat diplomatiyası; humanitar və mədəniyyət diplomatiyası; parlament diplomatiyası; rəqəmsal transformasiya və innovasiya fəaliyyətləri; beynəlxalq tədbirlərə ev sahibliyi və qlobal dialoq platformalarının təşkili.
– Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Avropa Komissiyası ilə münasibətlərə toxunaraq bildirdi ki, Cozep Borrelin rəhbərliyi dövründə Azərbaycanla Avropa Komissiyası arasında münasibətlər demək olar ki, tam uçuruma getmişdi. Dövlət başçısı eyni zamanda Avropa Komissiyası ilə Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə fərqli yanaşma nümayiş etdirdi. Sizcə, bu mesajlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin son mərhələsini və gələcək perspektivlərini necə xarakterizə edir?
– IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Avropa Komissiyası ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı əlaqələrinin son illərdə keçdiyi inkişaf mərhələlərinə verilən siyasi qiymət kimi dəyərləndirilə bilər. Dövlət başçısının "Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər demək olar ki, tam uçuruma getmişdir" fikri konkret bir şəxsə deyil, həmin dövrdə formalaşmış siyasi yanaşmaya yönəlmiş mesajdır.
Josep Borrelin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi olduğu dövrdə Azərbaycan–Aİ münasibətləri bir sıra məsələlər ətrafında ciddi gərginlik yaşadı. Əsas fikir ayrılıqları bunlar idi: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərə selektiv yanaşma; Ermənistan-Azərbaycan münasibətlərində balanslı vasitəçilik prinsipinin zəifləməsi;
Avropa Parlamenti və bəzi Aİ institutlarında Azərbaycana qarşı tənqidi qətnamələrin artması;
Avropa İttifaqının Ermənistanda Müşahidə Missiyasının Bakı ilə razılaşdırılmadan genişləndirilməsi;
insan hüquqları və demokratiya məsələlərinin siyasi təzyiq aləti kimi təqdim edilməsi ilə bağlı Bakının narahatlıqları.
Rəsmi Bakı hesab edirdi ki, Avropa İttifaqı müəyyən mərhələdən sonra neytral vasitəçi mövqeyindən uzaqlaşaraq regionda balansı pozan siyasi ritorikaya üstünlük verirdi. Məhz bu səbəbdən Prezident İlham Əliyev həmin dövrü "etimad böhranı" kimi xarakterizə edir.
Azərbaycanın xarici siyasət konsepsiyasının əsas prinsipləri milli maraqların qorunması və bərabərhüquqlu əməkdaşlıqdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan heç bir beynəlxalq təşkilatla münasibətlərini asılılıq modeli üzərində deyil, qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn prinsipləri əsasında qurur.
Bu baxımdan Avropa Komissiyası ilə münasibətlərdə yaranmış problemlər enerji, nəqliyyat və iqtisadi əməkdaşlıqdan deyil, əsasən siyasi etimadın zəifləməsindən qaynaqlanırdı.
Yeni Avropa Komissiyası ilə münasibətlərdə dəyişiklik təqdirə layiqdir. Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də keçmiş dövrlə hazırkı mərhələ arasında fərqin vurğulanması idi. Bu, Bakının Avropa İttifaqı ilə münasibətləri tamamilə mənfi qiymətləndirmədiyini, əksinə, yeni rəhbərliklə daha praqmatik və konstruktiv dialoq imkanlarını gördüyünü göstərir.
Son dövrdə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq davam edir;
Cənub Qaz Dəhlizi Avropanın enerji şaxələndirilməsində strateji rol oynayır;
Orta Dəhliz üzrə əməkdaşlıq genişlənir;
yaşıl enerji və Xəzər-Qara dəniz enerji layihələri üzrə dialoq inkişaf edir.
Bu isə onu göstərir ki, tərəflər arasında fikir ayrılıqları qalsa da, strateji maraqlar əməkdaşlığın davam etdirilməsini zəruri edir.
Avropa Şurası Parlament Assambleyası ilə münasibətlər niyə ayrıca qeyd edildi?
Prezident çıxışında Avropa Komissiyası ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) bir-birindən fərqləndirdi.
Bu təsadüfi deyil. AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması Bakıda haqqlı olaraq siyasi ayrı-seçkilik nümunəsi kimi qiymətləndirildi.
Azərbaycan tərəfi hesab edir ki, AŞPA son illərdə hüquqi institutdan daha ziddiyyətli, selektiv yanaşmalar lan siyasi platformaya çevrilib və ayrı-ayrı dövlətlərə münasibətdə ikili standartlar tətbiq olunur.
Prezidentin bu fərqləndirməsi onu göstərir ki, Bakı Avropa institutlarının hamısını eyni müstəvidə qiymətləndirmir və hər biri ilə münasibətləri ayrıca təhlil edir.
Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj ilk növbədə siyasi qiymətləndirmə xarakteri daşıyır. Mesaj ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır, lakin bu münasibətlər yalnız qarşılıqlı ehtiram, suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri üzərində qurula bilər.
– Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi güclə deyil, həm də "yumşaq güc", informasiya diplomatiyası və beynəlxalq etibarla ölçülür. Bu baxımdan IV Şuşa Qlobal Media Forumunu Prezident İlham Əliyevin həyata keçirdiyi informasiya diplomatiyası və yumşaq güc siyasətinin hansı mühüm nəticəsi kimi qiymətləndirmək olar?
– Bəli, müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi güclə müəyyən edilmir. Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülən "Soft Power" – yumşaq güc konsepsiyası göstərir ki, dövlətlərin cəlbediciliyi, mədəniyyəti, dəyərləri, humanitar fəaliyyəti və beynəlxalq etibarı müəyyən hallarda sərt güc qədər əhəmiyyətlidir.
Bu mənada IV Qlobal Şuşa Media Forumu da bu yumşaq güc alətlərindən biridir. Burada müzakirə olunan mövzular informasiya təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və sülhün kommunikasiya vasitəsilə təşviqi ilə bağlıdır. İnformasiya diplomatiyasının ən güclü vasitələrindən biri məhz birbaşa təmasa əsaslanan kommunikasiya modelidir. Həm də bu mənada IV Qlobal Şuşa Media Forumu Prezident İlham Əliyevin yeni diplomatik yanaşmasının mühüm tərkib hissəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən informasiya diplomatiyası, humanitar təşəbbüslər, sülh gündəliyi və yumşaq güc siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət ölkəmizin qlobal miqyasda dialoq təşəbbüskarı və etibarlı orta güc dövlətinə çevrilməsi prosesini sürətləndirir.
– İnformasiya məkanının geosiyasi rəqabətin əsas meydanına çevrildiyi, bu ilki forumun isə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunduğu bir şəraitdə, Şuşadan dünyaya verilən sülh, etimad və humanitar əməkdaşlıq mesajları Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə və qlobal dialoq platforması kimi rolunun artmasına necə təsir göstərə bilər?
Bu ilki "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir. Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu iştirakçını bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.
Müasir dünyada informasiya məkanı geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib. Bu şəraitdə media yalnız xəbərləri çatdıran institut deyil, həm də etimad yaradan strateji institutdur. Şuşadan dünyaya verilən əsas mesaj da budur: müasir dövrdə davamlı sülh siyasi razılaşmalarla yanaşı, etimad, informasiya açıqlığı, humanitar əməkdaşlıq ilə mümkündür. Azərbaycan məhz bu dəyərləri təşviq edən məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini ildən-ilə daha da gücləndirir.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor