“Trampın “Əgər bu zirvə Türkiyədə keçirilməsəydi, ola bilsin ki, mən ona qatılmazdım” məzmunlu açıqlaması da onun NATO-ya münasibətinin əvvəlki illərdə olduğu kimi ehtiyatlı və tənqidi olaraq qaldığını nümayiş etdirdi...”
“NATO bununla təhlükəsizlik problemlərinin artıq yalnız Avro-Atlantik məkanla məhdudlaşmadığını və alyansın öz tərəfdaş şəbəkəsini daha geniş coğrafiyada formalaşdırmağa çalışdığını nümayiş etdirmək istəyirdi...”
“Ümumilikdə sammit Zelenski üçün siyasi baxımdan müsbət əhəmiyyət daşıdı...”
“Rusiyanın əlavə səy göstərmədən NATO üçün əsas təhlükə obrazını qoruyub saxlaması müəyyən mənada Moskvanın geo-siyasi dividendlərindən biri kimi də qiymətləndirilə bilər...”
“Risk isə ondan ibarətdir ki, NATO-Rusiya qarşıdurmasının dərinləşməsi Cənubi Qafqazda geo-siyasi rəqabəti daha da sərtləşdirə bilər və bu şəraitdə Azərbaycan balanslaşdırılmış xarici siyasətini daha həssas və incə şəkildə davam etdirməli olacaq...”
“Türkiyənin müdafiə sənayesi, xüsusilə pilotsuz uçuş aparatları sahəsində qazandığı uğurlar və regional vasitəçilik imkanları onun alyans daxilində siyasi çəkisini daha da artırdı...”
“Türkiyənin Ankara şəhərində keçirilən 36-cı NATO Sammiti təkcə növbəti zirvə görüşü deyildi. Bu sammit NATO-nun yeni mərhələyə keçidini rəsmiləşdirdi. Əgər 2022-ci il Madrid Sammiti Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə verilən siyasi cavab idisə, Ankara Sammiti artıq həmin qərarların praktik müstəviyə keçirilməsi mərhələsini nümayiş etdirdi.
Bununla belə, bu sammitin NATO tarixində dönüş nöqtəsi və ya tarixi əhəmiyyət daşıyan zirvə görüşü olduğunu söyləmək çətindir. Lakin onun diqqət çəkən və gələcək təhlükəsizlik siyasəti baxımından mühüm hesab edilə biləcək bir sıra məqamları var.”
Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-da yaşayan həmyerlimiz, siyasi təhlilçi və konfliktoloq, professor Əli Əskərli ifadə edib.
“İlk növbədə, sammit göstərdi ki, NATO daxilində ABŞ-ın Avropa müttəfiqlərindən daha böyük maliyyə və hərbi məsuliyyət tələb etməsi artıq mübahisə mövzusu deyil, qəbul olunmuş reallıqdır. Avropa dövlətləri müdafiə sənayesini genişləndirmək, hərbi istehsalı artırmaq və ordularını uzunmüddətli qarşıdurmaya hazırlamaq istiqamətində konkret öhdəliklər götürdülər. Bu isə NATO-nun qısamüddətli deyil, uzunmüddətli təhlükəsizlik rəqabətinə hazırlaşdığını göstərir.
Eyni zamanda, sammit Avropa liderlərinin bir qismi ilə ABŞ Prezidenti Donald Tramp arasında mövcud olan ciddi fikir ayrılıqlarını da üzə çıxardı. Bu ziddiyyətlər o həddə çatmışdı ki, bəzi Avropa liderləri Tramp ilə ikitərəfli görüş keçirmədilər. Bu fakt ABŞ ilə Avropanın əksər aparıcı dövlətləri arasında strateji baxış və siyasi prioritetlər baxımından ciddi fərqlərin mövcud olduğunu göstərir. Trampın “Əgər bu zirvə Türkiyədə keçirilməsəydi, ola bilsin ki, mən ona qatılmazdım” məzmunlu açıqlaması da onun NATO-ya münasibətinin əvvəlki illərdə olduğu kimi ehtiyatlı və tənqidi olaraq qaldığını nümayiş etdirdi”, - deyə davamında siyasi təhlilçi bildirib.
Konfliktoloq belə nəticəyə gəlir ki, deməli, Avropa dövlətlərinin müəyyən hissəsinin Tramp administrasiyasına tam etimad göstərməməsi təəccüblü deyil:
“Bu qarşılıqlı inamsızlıq NATO-nun gələcək siyasətinə müəyyən qeyri-müəyyənlik elementi gətirir. Təsadüfi deyil ki, üzv dövlətlər sammitdə NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə – kollektiv müdafiə prinsipinə – yenidən xüsusi vurğu etməyə ehtiyac duydular. Bunun özü belə, Alyans daxilində yaranmış narahatlığın və etimad problemlərinin müəyyən göstəricisi kimi qiymətləndirilə bilər...”
Əli Əskərli hesab edir ki, bu sammitdə NATO üzvü olmayan bir sıra dövlətlərin nümayəndələrinin iştirakı da diqqətçəkən məqamlardan biri olub.
“Onların arasında Ukrayna, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da var idi. Bu ölkələrin hər biri ya Rusiya, ya da Çin ilə müxtəlif səviyyələrdə geo-siyasi qarşıdurma və ya strateji rəqabət şəraitindədir. Buna görə də onların sammitdə iştirakı təsadüfi sayıla bilməz. NATO bununla təhlükəsizlik problemlərinin artıq yalnız Avro-Atlantik məkanla məhdudlaşmadığını və alyansın öz tərəfdaş şəbəkəsini daha geniş coğrafiyada formalaşdırmağa çalışdığını nümayiş etdirmək istəyirdi”, -deyə professor diqqətə çatdırıb.
“Türkiyə baxımından sammit mühüm diplomatik uğur hesab oluna bilər. Ankara bir daha nümayiş etdirdi ki, NATO daxilində yalnız cənub cinahının təhlükəsizliyinə cavabdeh dövlət deyil, eyni zamanda ABŞ ilə Avropa arasında, eləcə də Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm geostrateji mərkəz rolunu oynayır. Türkiyənin müdafiə sənayesi, xüsusilə pilotsuz uçuş aparatları sahəsində qazandığı uğurlar və regional vasitəçilik imkanları onun alyans daxilində siyasi çəkisini daha da artırdı. Sammit həm də Türkiyəyə öz hərbi-sənaye potensialını beynəlxalq auditoriyaya nümayiş etdirmək imkanı verdi. Bundan əlavə, Ankara simvolik vasitələrdən istifadə etməklə də mühüm siyasi mesajlar ötürməyə çalışdı. Xüsusilə yeniçərilərin mərasimdə iştirakı və qonaqlara təqdim olunan hədiyyə revolverlər bu baxımdan simvolik məna daşıyırdı”, - konfliktoloq belə deyib.
“Ukrayna üçün sammitin nəticələri ikili xarakter daşıyır. Bir tərəfdən, NATO Ukraynaya uzunmüddətli hərbi və maliyyə dəstəyini davam etdirəcəyini bir daha təsdiqlədi. Digər tərəfdən isə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konkret tarix və ya mexanizm yenə də təqdim olunmadı. Bu, Alyansın Ukraynanı maksimum dərəcədə silahlandırmağa hazır olduğunu, lakin Rusiya ilə birbaşa hərbi qarşıdurma riskini artıracaq addımlardan hələ də yayınmağa çalışdığını göstərir. Tramp da Zelenski ilə keçirdiyi görüşdə Ukraynaya ABŞ silahlarının bir hissəsini ölkə daxilində istehsal etmək imkanının yaradılacağını bildirdi. Lakin bunun necə və nə zaman həyata keçiriləcəyinə dair konkret məlumat verilmədi. Buna baxmayaraq, ümumilikdə sammit Zelenski üçün siyasi baxımdan müsbət əhəmiyyət daşıdı”,- siyasətşünas alim qeyd edib.
“Digər mühüm nəticələrdən biri də ondan ibarət oldu ki, NATO-nun öz mövcudluğunu və daxili həmrəyliyini qoruyub saxlaması üçün Rusiya amili hələ də əsas birləşdirici faktor olaraq qalır. Başqa sözlə, Alyansın təhlükəsizlik konsepsiyasında Rusiyanın əsas təhlükə kimi təqdim olunması NATO-nun daxili birliyinin qorunmasına xidmət edir. Bu mənada, paradoksal olsa da, Rusiyanın əlavə səy göstərmədən NATO üçün əsas təhlükə obrazını qoruyub saxlaması müəyyən mənada Moskvanın geo-siyasi dividendlərindən biri kimi də qiymətləndirilə bilər”, - Əli Əskərli nəzərə çatdırıb.
Həmsöhbətimiz hesab edir ki, region baxımından sammit Qara dənizin və Cənubi Qafqazın NATO-nun strateji planlaşdırılmasında əvvəlkindən daha mühüm yer tutduğunu göstərib:
“Rusiya ilə uzunmüddətli rəqabət fonunda bu regionlar artıq yalnız periferiya deyil, Avropa təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qiymətləndirilir. Bu isə həm Azərbaycanın, həm Gürcüstanın, həm də Türkiyənin geo-siyasi əhəmiyyətini daha da artırır...”
“Azərbaycan üçün bu vəziyyət həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. İmkan ondan ibarətdir ki, ölkənin enerji və nəqliyyat marşrutları, xüsusilə Orta Dəhliz və Cənub Qaz Dəhlizi daha böyük strateji əhəmiyyət qazanır. Risk isə ondan ibarətdir ki, NATO-Rusiya qarşıdurmasının dərinləşməsi Cənubi Qafqazda geo-siyasi rəqabəti daha da sərtləşdirə bilər və bu şəraitdə Azərbaycan balanslaşdırılmış xarici siyasətini daha həssas və incə şəkildə davam etdirməli olacaq”, - həmyerlimiz bu cür düşündüyünü ifadə edib.
“Fikrimcə, Ankara Sammitinin əsas nəticəsi NATO-nun genişlənməsi deyil, onun transformasiyasıdır. Alyans artıq yalnız kollektiv müdafiə təşkilatı kimi deyil, müdafiə sənayesi, yüksək texnologiyalar, süni intellekt, kiber-təhlükəsizlik və geo-siyasi rəqabət üzərində qurulan uzunmüddətli təhlükəsizlik platformasına çevrilməkdədir. Bu transformasiya növbəti onillikdə Avro-Atlantik təhlükəsizlik sisteminin əsas istiqamətlərini müəyyən edə bilər”, - deyə konfliktoloq vurğulayıb.
Sultan Laçın