"Ən böyük təhlükə artıq genişmiqyaslı işğal deyil, müharibənin insanların evinə qədər gəlib çıxmasıdır..."
Müasir müharibələr əvvəlkilərdən köklü şəkildə fərqlənir. Pilotsuz uçuş aparatları və uzaqdan idarə olunan silahlar döyüşlərin xarakterini dəyişdirib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Spectator" nəşri yazıb.
Müharibə videoyunu xatırladır
Məqalədə bildirilir ki, Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar dünyanın gözü qarşısında baş versə də, uzaqdan izlənildiyi üçün bir çox insana təhlükəsiz görünür. Müəllif yazır ki, dronlar və raketlər döyüşləri sanki videoyun formatına salıb. Hətta bəzi münaqişələrdə quru qoşunları demək olar ki, iştirak etmir və əsas yük pilotsuz sistemlərin üzərinə düşür.
Yeni təhlükə sərhəd tanımır
Yazıda vurğulanır ki, müasir texnologiyalar artıq müharibəni cəbhə xətti ilə məhdudlaşdırmır. Ukraynalı PUA operatorlarından birinin sözlərinə görə, döyüşlər gec-tez hər kəsin evinin astanasına çata bilər. Müəllif hesab edir ki, gələcəyin münaqişələri daha çox uzaqdan həyata keçirilən raket, dron və kiberhücumlarla müşayiət olunacaq. Bu isə mülki əhalini də birbaşa təhlükə altında qoyur.
İşğal yox, uzunmüddətli qarşıdurma
"The Spectator" yazır ki, Avropa üçün genişmiqyaslı işğal ehtimalı əvvəlki dövrlərlə müqayisədə azalsa da, bu, təhlükənin aradan qalxdığı anlamına gəlmir.
Müəllifin fikrincə, gələcəyin müharibələri daha uzun sürəcək, aşağı intensivlikli olacaq və dronlar, kiberhücumlar, kritik infrastruktura zərbələr kimi üsullarla aparılacaq. Belə qarşıdurmalarda məsafə artıq təhlükəsizlik demək deyil və müharibənin təsirləri hər kəsin qapısına qədər çata bilər.