Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3367
09 Jul 2026 | 16:16

“Nifrətimizi bir-birimizə, Sərdar Cəlaloğluya yox, bizi alət kimi döyüşdürmək istəyənlərə qarşı yönəltməliyik!.."

“Azərbaycanda yaşayan bütün xalqlara üzümü tutub deyirəm: bu etnik və siyasi intriqalardan qazananlar yalnız və yalnız sərvətlərimizi talayıb kef içində yaşayan xaricdəki və daxildəki müəyyən qüvvələrdir. Bu ölkədə yaşayan ləzginin də, talışın də, kürdün də, türk qardaşının da dərdi eynidir, problemi eynidir, çörək dərdi eynidir!..”
 
“İndi mən burdan soruşuram: ey mənim kürd, talış, ləzgi, avar, tat, udi qardaşlarım! Siz həqiqətənmi bizlərə qarşı kimlərinsə əlində alət olmağa razısınız? Əziz kürd xalqının nümayəndələri, siz də o saxta iddia ilə razısınızmı ki, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan bütövlükdə Kürdüstan olub?..”
 
“Biz türk, kürd, talış, ləzgi, avar, rus, fars və s., bakılı-gəncəli, qaçqın-köçkün,  olmaqdan öncə bir insanıq və etnik münasibətlərin qızışdırılması insanlığa qarşı ən böyük xətalardan, günahlardan biridir...”
“Qlobal imperiyaların dünyanı idarə etmək üçün istifadə etdiyi üç müqəddəs yalan var: millət, dövlət və tarix. Dövləti olmayan xalqları qızışdırıb dövləti olanların üstünə salırlar. "Bu torpaq sənindir, yoxsa mənim?" davası ilə insanları qanına qəltan edirlər...”
 
“Tarix dediyiniz şey də nisbidir. Teoloji tərəfdən baxanda hamımızın babası Adəm, nənəsi Həvva deyilmi? Onlar yer üzünə enəndə hansı millət var idi? Adəmdən min il sonra kimin harada yaşadığını hansı mütləq sənədlə sübut edə bilərsiniz?..”
 
-FİKİR SAVAŞI...-
 
Yenə köhnə hamam, köhnə tas... Yenə bir “YouTube” ekranından atılan qığılcım, yenə süni şəkildə alovlandırılan etnik nifrət, yenə Sərdar Cəlaloğlunun kürd xalqı ilə bağlı iddia olunan qalmaqallı ifadələri və yenə bir-birinin boğazından yapışmağa hazır duran soydaşlarımız... Vallah, heyif bu millətin enerjisinə. Heyif bu xalqın potensialına ki, hər dəfə qlobal güclərin atdığı ucuz yemə aldanıb bir-birimizi didirik... Sözügedən 2 saatdan çox davam edən verilişə diqqətlə baxıb öz fikirlərimə dəyərli oxucuların diqqətinə çatdırmağı özümə borc bildim.... 
 
Hələ 1990-cı illərdə — torpaqlarımızın alovlar içində yandığı, Kəlbəcərin, Laçının, Şuşanın, Cəbrayılın, Zəngilanın düşmən tapdağı altında inildədiyi o ağır günlərdə bu mövzunu ortaya atmışdılar.  Məqsəd Moskvadan, İrəvandan körüklənən bir düşmən siyasəti idi ki,  guya “Kürdüstan” adı ilə həmin torpaqların Azərbaycandan qoparılmasına nail olmaq idi. O vaxt da “Təzadlar” qəzetinin hər nömrəsində bir elan verirdik: BMT! ATƏT və s. beynəlxalq təşkilatların nəzərinə: bu 5 rayonda(Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan)  cəmi 2 faiz kürd yaşayır!.. 
 
Amma o zaman kürd “Rönahi” təşkilatının rəhbəri mərhum Kamil Həsənov, eləcə də “Laçın” qəzetinin qəzeti “Azərbaycan” nəşriyyatında mənim yanımda çap etdirən mərhum redaktoru Həsən Həsənov durub məni və rəhmətlik atamı hədəf götürmüşdülər. Niyə? Çünki beynəlxalq separatçı güclərin, “PKK”-nın-filanın təsiri altında bilə-bilə alət olub bu xalqa qarşımağa razı idilər... Müxtəlif dövlət qurumlarından barəmdə cürbəcür hədyanlar danışırdılar...
 
Fəqət o Sovet dövründə süni şəkildə uydurulmuş “Qırmızı Kürdüstan” nağılının ucbatından mən bir laçınlı olaraq hələ də bir sıra başqa rayon sakinlərinə kürd olmadığımı sübut etməyə çalışıram. Əslində kürd olmaqda heç bir qəbahət yoxdur. Məsələ gerçəyin təhrif olunmasındadır. Bu hansı ədalətə sığır?..
 
İndi mən burdan soruşuram: ey mənim kürd, talış, ləzgi, avar, tat, udi qardaşlarım! Siz həqiqətənmi bizlərə qarşı kimlərinsə əlində alət olmağa razısınız? Əziz kürd xalqının nümayəndələri, siz də o saxta iddia ilə razısınızmı ki, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan bütövlükdə Kürdüstan olub? Kim bu tarixi gerçəyi inkar edirsə, onun niyyəti bəllidir: xarici ağalarının diktəsi ilə Azərbaycanı yenidən qan gölünə çevirmək! Mən heç bir etnik qrupun tarixinin şişirdilməsinin tərəfdarı deyiləm... Məni yaxından tanıyanlar yaxşı bilir ki, kürd xalqı arasında, talış xalqı arasında da, ləzgilər arasında da və s. neçə-neçə dost-tanışlarımız var... Bu xalqlar daim əsirlərlə bir yerdə yaşayıb, qız alıb- qız veriblər, qohumlaşıblar. Bunları ayırmaq ətlə qan arasında girmək kimi bir şeydir... 
 
Biz türk, kürd, talış, ləzgi, avar, rus, fars və s., bakılı-gəncəli, qaçqın-köçkün,  olmaqdan öncə bir insanıq və etnik münasibətlərin qızışdırılması insanlığa qarşı ən böyük xətalardan, günahlardan biridir...  
 
Qlobal imperiyaların dünyanı idarə etmək üçün istifadə etdiyi üç müqəddəs yalan var: millət, dövlət və tarix. Dövləti olmayan xalqları qızışdırıb dövləti olanların üstünə salırlar. "Bu torpaq sənindir, yoxsa mənim?" davası ilə insanları qanına qəltan edirlər. Sizlərdən soruşuram, bu dünyada mütləq müstəqil olan bir dövlət varmı? Hadisələrin gedişatı göstərir ki, bu gün dünyanın hegemonu sayılan ABŞ belə, bəzən ən xırda, ən zəif dövlətlərin dəstəyinə möhtac qalır... 
 
Tarix dediyiniz şey də nisbidir. Teoloji tərəfdən baxanda hamımızın babası Adəm, nənəsi Həvva deyilmi? Onlar yer üzünə enəndə hansı millət var idi? Adəmdən min il sonra kimin harada yaşadığını hansı mütləq sənədlə sübut edə bilərsiniz? Bu mübahisələr quyu dibində su axtarmaq kimidir. Biz burda bir-birimizin ətini yeyəndə, qlobal güclər yuxarıdan bizə baxıb uca səslə gülürlər və o məşhur prinsiplərini işə salırlar: "Parçala və hökm sür!"  
 
Mən illərdir ermənilərlə bağlı yazılarımda da eyni şeyi qışqırıram: gəlin nifrətimizi bir-birimizə, Sərdar Cəlaloğluya, Mahmudəli Çöhrəqanlıya yox, bizi bir-birimizə qarşı qladiator kimi döyüşdürüb kənardan zövq alan o imperialist güclərə yönəldək! O zaman görərik ki, bizi tamamilə boş, mənasız iddialarla vuruşdururlar. Bu savaşlardan tək itirən bizik, bizim gələcək nəsillərimizdir...  
 
Azərbaycanda yaşayan bütün xalqlara üzümü tutub deyirəm: bu etnik və siyasi intriqalardan qazananlar yalnız və yalnız sərvətlərimizi talayıb kef içində yaşayan xaricdəki və daxildəki müəyyən qüvvələrdir. Bu ölkədə yaşayan ləzginin də, talışın də, kürdün də, türk qardaşının da dərdi eynidir, problemi eynidir, çörək dərdi eynidir! Bizi birləşdirən ağrılarımızdır. Amma o güclər bizim bir yumruq olacağımızdan elə qorxurlar, elə qorxurlar ki, hər gün yeni bir nifaq toxumu tapırlar. Gah qaçqın-köçkün söhbəti salırlar, gah bakılı-rayonlu davası uydururlar, gah da etnik kartı masaya atırlar. Məqsəd birdir: bu xalqın nifrət potensialını real düşmənlərə yox, bir-birinə qarşı yönəltmək! Ayılın, bəylər, xanımlar, cənablar, ayılın! İndi bu mənasız didişmələrin yeri deyil. Azərbaycanın həll olunası onlarla ciddi problemi var. Bu saat istər Rusiya olsun, istər Qərb, istər Amerika, istərsə də İran — hamısı Azərbaycana yağlı bir tikə kimi baxır. Biz üzümüzə onlara – Rusiyaya, Avropaya, ABŞ-a, İsrailə qarşı tutub deməliyik: Yetər artıq! Bəsdir biz sizlərin aləti olub bir-birimizə düşmən kəsilmək istəmirik. Özünüz bir-birinizlə nə düşmənçilik edirsiniz-edin, bizləri işə qatmayın... Öz əlaltıları vasitəsilə bu dövləti parçalayıb, sərvətlərini həzmi-rabedən keçirmək üçün fürsət güdürlər. Biz isə hələ də ekran qarşısında bir-birimizə nifrət qusuruq.Yumruğumuzu içimizdəkilərə yox, bu milləti alət edib öz oyununu quranların təpəsinə vurmağın vaxtı çoxdan çatıb və ötür!..
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər