Bizi sosial şəbəkələrdən izləyin:
Kibertəhlükəsizlik sahəsində ilk dəfə süni intellekt insan müdaxiləsi olmadan tam müstəqil şəkildə planlaşdırdığı və həyata keçirdiyi ransomware (fidyə proqramı) hücumu ilə qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sysdig" kibertəhlükəsizlik şirkətinin hesabatında bildirilir. Məlumatı "israelinfo.co" nəşri yayıb.
Məlumata görə, "JadePuffer" adlı süni intellekt agenti kompüter sistemindəki boşluqdan istifadə edərək şəbəkəyə daxil olub, hücumu davam etdirib və məlumatları şifrələyib. Proses zamanı proqramdakı xətanı cəmi 31 saniyəyə özü aşkarlayıb və düzəldib.
Hücumdan sonra süni intellekt avtomatik olaraq bitkoinlə fidyə tələb edib. Lakin araşdırma zamanı məlum olub ki, o, ödəniş üçün real deyil, təlim materiallarından götürülmüş şərti bitkoin ünvanından istifadə edib. Bu da göstərib ki, süni intellekt texniki baxımdan mürəkkəb əməliyyatları yerinə yetirsə də, maliyyə məntiqini hələ tam anlamır.
Ekspertlərin fikrincə, bu, təkcə bir hadisə deyil, yeni təhlükəli meylin başlanğıcıdır. Yeni nəsil süni intellekt sistemləri artıq hədəfi seçmək, müdafiə sistemlərini aşmaq, maneələrə uyğunlaşmaq və hücumu insanın iştirakı olmadan idarə etmək qabiliyyətinə malikdir. İsrail Milli Kibertəhlükəsizlik İdarəsinin nümayəndəsi Yuval Sinay bildirib ki, bu hadisə bütün dünya üçün ciddi xəbərdarlıqdır.
Onun sözlərinə görə, artıq kiberhücumların sürəti insan imkanlarından deyil, süni intellektin hesablama gücündən asılı olacaq. Buna görə də kibermüdafiə sistemləri yalnız hücumdan sonra reaksiya verməklə kifayətlənməməli, belə avtonom hücumları real vaxt rejimində aşkar edib dayandıra bilməlidir.