Rusiya-Ukrayna müharibəsi uzandıqca tərəflərin hərbi və siyasi imkanları ilə bağlı müzakirələr də genişlənir. Son dövrlər xüsusilə Krım istiqamətində baş verən proseslər və bunun mümkün nəticələri yenidən gündəmə gəlib.
Bəzi ekspertlər Krımın mümkün itkisinin Rusiyada daxili siyasi böhran və elita daxilində parçalanma yarada biləcəyini iddia edir, digərləri isə bunu real hesab etmir. Sizcə, bu ssenarilərdən hansı daha inandırıcıdır və bunu müəyyən edəcək əsas siyasi, hərbi və iqtisadi amillər hansılardır?
Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Elçin Xalidbəyli açıqlama verib.

Ekspert bildirib ki, Rusiya üçün hazırda olduqca ağır və təhlükəli bir mərhələ artıq başlayıb. Bu mərhələ təkcə Ukrayna savaşının deyil, ümumiyyətlə, Rusiyanın gələcək taleyini belə həll edə bilər:
"Birincisi, Ukrayna Rusiyanın dərinliklərinə məqsədyönlü, planlı şəkildə zərbələr endirir və Rusiyada enerji böhranının yaradılmasına nail olub. Bu enerji böhranı tədricən sosial, iqtisadi və siyasi böhrana doğru irəliləyir. Rusiya iqtisadiyyatı çökmə təhlükəsi ilə üzləşir. Bu baxımdan son vaxtlar Rusiyanın müdafiə qabiliyyəti də kəskin şəkildə aşağı düşüb. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Kollektiv Qərb artıq Ukraynaya dəstək məsələsində yenidən yekdil mövqeyə gəlir, Ukraynanın dəstəklənməsi məsələsində qətiyyətli mövqe tutmaq niyyətində olduğunu büruzə verir. Üstəlik, Ukrayna da öz hərbi sənaye kompleksini inkişaf etdirir, silah istehsalını gücləndirir.
Bütün bunlara paralel olaraq müşahidə olunan ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları da öz mövqeyinə yenidən baxıb və Ukraynaya dəstək məsələsində Kollektiv Qərblə ortaq hərəkət etmək niyyətini büruzə verir. Təbii ki, bütün bunlar Rusiya üçün qorxunc bir ssenaridir və Rusiyanın gələcək taleyi üçün sarsıdıcı nəticələr doğura bilər. Ən əsası isə NATO-nun Ankara sammiti onu göstərdi ki, Rusiya ilə bağlı artıq müəyyən qərarlar qəbul edilməyə başlanıb, konkret hədəflər müəyyənləşdirilib və Rusiyanın çökdürülməsi ssenarisinin ön plana keçməkdə olduğu müşahidə olunur".
Siyasi şərhçi vurğulayıb ki, NATO Rusiyanı yenidən qlobal təhdid mənbəyi elan etdi. Bu da o deməkdir ki, Rusiyanın qələmini qırmaq qərarına gəliblər:
"Rusiya ilə hər hansı kompromis ehtimalı artıq, demək olar ki, arxa plana keçib. İndi Rusiya bu vəziyyətdən necə çıxmağın yollarını axtarmaq məcburiyyətindədir. Ölkədə böhran dərinləşir, Putin hakimiyyətinə qarşı etirazlar isə tədricən artır. Ukrayna da belə bir vəziyyətdə həm Rusiyanın dərinliklərinə zərbələr endirir, enerji infrastrukturunu sıradan çıxarır, Rusiyanın büdcə gəlirlərini azaldır, ordunun təchizatı ilə bağlı maliyyə qaynaqlarını məhdudlaşdırır. Bu da Rusiyanın hərbi potensialının aşağı düşməsi deməkdir.
Bütün bunlar Ukraynanın Krım üzərindəki suverenliyinin bərpa olunmasında həlledici rol oynaya bilər. Rusiya əgər belə davam edərsə, uzun müddət işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqda çətinlik çəkə bilər. Və nə qədər qeyri-real görünsə də, müəyyən müddətdən sonra Rusiyanın geri çəkilmək və reallığı qəbul etmək məcburiyyətində qala biləcəyi istisna deyil. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Ukraynanın həm Krımı, həm də Rusiyanın işğal etdiyi digər əraziləri geri qaytarmaq imkanları hazırda nisbətən artmaqdadır.
Ən əsası isə Rusiyanın özünün gələcək taleyi böyük risk altındadır. Böyük ehtimalla, yaxın gələcəkdə Rusiya Kollektiv Qərbin əsas hədəfinə çevriləcək və xüsusilə Avropa dövlətləri gələcəkdə Rusiya ilə savaş təhlükəsi ilə üzləşməmək üçün Ukraynaya dəstəyi artırmaqla Rusiyanı sıradan çıxarmağa cəhd göstərəcəklər.
Buradan da belə anlamaq olar ki, Ukraynanın həm Krımı, həm də işğal olunmuş digər əraziləri yenidən öz nəzarəti altına qaytarmaq imkanları mövcuddur.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Prezident Zelenski bu yaxınlarda Rusiyanın zəiflədilməsi üçün 40 günlük əməliyyat planı təsdiqləmişdi. Bu əməliyyat planının reallaşdırılması artıq davam edir və onun ilkin nəticələri də özünü göstərir. Bu baxımdan Ukraynanın çox böyük şansı yaranıb. Qlobal məkanda baş verən proseslər, eyni zamanda savaş meydanında yaşananlar, müharibənin Rusiya ərazisinə keçirilməsi və bu kimi digər amillər Rusiyanın yaxın gələcəkdə hərbi məğlubiyyətini təmin edə biləcək faktorlar kimi diqqəti cəlb edir".
Pərvin Şakirqızı