Xəbər verdiyimiz kimi, iyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi keçirilib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu layihənin əhəmiyyətindən danışıb, hər bir vətəndaşı Qarabağın dirçəlişi prosesində yaxından iştirak etməyə səsləyib:
“Şübhəsiz, doğma Qarabağımızın zəngin tarixi və gözəl təbiətinin təbliğ edilməsi, işğaldan azad edilən ərazilərimizdə aparılan böyük quruculuq işlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacib, zəruri bir məsələdir. Uzun illərdir ki, erməni işğalı altıdna qalan, təbiəti, mədəni irsi amansızcasına talan edilən bu ərazilərdə Müzəffər Ali Baş Komandanımızın bilavasitə rəhbərliyi altında aparılan nəhəng abadlıq işləri sadəcə bu torpaqları yenidən dirçəltmək cəhdi deyil.

Bu, Azərbaycan xalqının qurub-yaratmaq əzminin isbatıdır. Bu fakt Qarabağ və ətraf ərazilərin xalqımıza məxsusluğunun əməli təsdiqidir. Bu baxımdan QDF-nin “Qarabağın Rəngləri: Faciədən Zəfərə” layihəsini olduqca yüksək qiymətləndirir, adıçəkiəln quruma fəaliyyətində uğurlar arzulayıram.
Hesab edirəm ki, bu kimi layihələr Qarabağımız, onun mədəni irsi, təbiəti, yüksəlişi haqqında daxili və beynəlxalq ictimaiyyəti ətraflı şəkildə məlumatlandırmaqla yanaşı, yeniyetmə və gənclərimizin Qarabağla bağlı layihələrdə daha geniş şəkildə iştirakına da yol açır ki, bu da olduqca önəmlidir.
QDF-nin keçirdiyi layihə ilə bağlı təqdirəlayiq məqamlardan biri də, bu kimi layihlər nəticəsində ərsəyə gətirilən əsərlərin xeyriyyə hərracına çxarılması və əldə edilən vəsaitin Qarabağın dirçəlişinə sərf edilməsidir. Mən hər bir vətəndaşımızı QDF-nin layihələrində, eləcə də keçirdiyi hərraclarda yaxından iştirak etməyə səsləyir, hər kəsi işğaldan azad edilən ərazilərimizin tərəqqisinə töhfə verməyə çağırıram”.
Seymur ƏLİYEV